Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:08

Həbsdəki jurnalistin özünə xəsarət yetirməyə cəhd göstərdiyi bildirilir


Teymur Kərimov
Teymur Kərimov

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun Bakı İstintaq Təcridxanasında özünə qəsd etmək istədiyi iddia olunur. Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlərdən biri - Əli Məmmədov deyib.

Aprelin 5-də T.Kərimovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Onun məhkəmə qarşısında əlləri qandallı şəkildə saxlanmasına özü də, vəkilləri də etiraz edib.

Vəkil Nemət Kərimli onun əllərindəki qandalın açılmasını istəyərək bildirib ki, şəxsin hakim qarşısına bu vəziyyətdə çıxması məhkəmənin ləyaqətinin alçaldılmasıdır. Bu, həm də məhkəmənin obyektivliyi, qərəzsizliyi prinsipinə ziddir.

Məhkəmə prosesinə sədrlik edən hakim Azad Məcidov qandalların açılmasına razılıq verməyib:

“Bu, məhkəmənin yox, konvoy xidmətinin səlahiyyətində olan məsələdir. Onlar icazə vermirsə, açıla bilməz”.

Həmin arqumentlə razılaşmayan vəkil vurğulayıb ki, məhkəmə prosesinə sədrlik edən hakim var və bütün məsələlər onun səlahiyyətindədir: “Bu cür yanaşma məhkəmənin özünə hörmətsizlikdir”.

“25 nəfərin qətlində ittiham edilən adam əlləri açıq olurdu, amma məni...”

Hakim öz qərarını dəyişmədiyindən, T.Kərimov işə A.Məcidovun baxmasına etiraz edib. Etirazını da belə əsaslandırıb ki, məhkəmə prosesinin əvvəlindən hakim ona qarşı qərəz nümayiş etdirir. Bu üzdən, prosesin davamında onun obyektiv olacağına inanmır:

“Vaqif Xaçatryan 25 nəfərin qətlində ittiham olunurdu. Amma onun məhkəməsində əlləri açıq olurdu. Məni isə qandallı saxlayırsınız...”.

A.Məcidova verilən etiraza digər iki hakim baxıb və onu təmin etməyib.

“Məlumata görə, Teymur Kərimov həm istintaq təcridxanasında, həm də məhkəməyə gətiriləndə özünə qarşı müəyyən addımlar atıb. O özünə xəsarət yetirməyə meylli şəxs kimi səciyyələndirilir”, - hakim Əli Məmmədov etirazın təmin olunmaması barədə qərarı elan edəndə belə deyib.

T.Kərimov isə özünə xəsarət yetirməsi barədə deyilənləri qəbul etmir. O vurğulayıb ki, haqqında səslənən fikirlər doğru deyil:

“Onlar çox söz deyə bilər. Mən harda, nə vaxt özümə xəsarət yetirmək istəmişəm? Bədənimə baxsınlar. Görsünlər ki, bir dənə iz var?”

Vəkilləri T.Kərimovun məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması, prosesdə müdafiəçilərinin yanında əyləşməsi, videoçəkiliş aparmağa icazə verilməsi kimi məsələləri də qaldırıblar. Bunlarla bağlı qərar aprelin 24-də keçiriləcək növbəti iclasda açıqlanacaq.

Xatırlatma

Teymur Kərimov ötən il dekabrın 12-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham verilib. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Kərimov “Kanal 11”in əməkdaşı olmuş İstək Totiyeva ilə birgə mühakimə edilir. Lakin İ.Totiyeva həbsdə deyil.

T.Kərimov videomaterialın kanaldan silinməsindən ötrü pul tələb edib almaqda, İ.Totiyeva isə bu prosesə vasitəçilik etməkdə suçlanırlar.

T.Kərimov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Son 5 ayda Azərbaycanda 10-dan çox jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər.

Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətlərinə bağlayırlar. Rəsmilərsə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

XS
SM
MD
LG