Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:08

Kamal Abdulla kimləri məhkəməyə verib


K.Abdulla
K.Abdulla

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bu təhsil ocağının hazırkı və keçmiş işçilərindən üçünü – Vüsalə Ağabəyli, Pərvin MürsəlovaElmira Baxşəliyevanı, eləcə də «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını məhkəməyə verib. Səbəb isə bu ilin yanvar-iyul aylarında xural.com saytında yayımlanan yazılardır. Həmin materiallar universitetin əməkdaşlarının Təhsil Nazirliyinə şikayət məktubları, müsahibələri və s. əsasında hazırlanıb.

Müəllimlər məktub və müsahibələrində iddia edirlər ki, K.Abdulla rektor təyin ediləndən sonra universitetdə dözülməz mühit yaradıb, azadfikirli, sözünü deyən adamlar təzyiqə məruz qalır, cəzalandırılır. Ancaq rektor bütün iddiaları rədd edir, "böhtan" adlandırır.

Vəzifədən, işdən çıxarılıblar

Universitetin Filologiya və jurnalistika fakültəsinin keçmiş dekanı olan V.Ağabəyli iddia edir ki, onunla K.Abdulla arasında ilk mübahisə işinin öhdəsindən gələ bilməyən bir müəllimə irad bildirməsinə görə olub:

«Mənə dedi ki, sən kimsən mənim dostumun qızına söz deyirsən, kimə sataşdığını bilirsən? Ləyaqəti alçaldan ifadələr işlətdi. Tək mənə qarşı yox, əksər müəllimlərə qarşı bu cür kobud davranır».

V.Ağabəyli bir müddət sonra dekan vəzifəsindən uzaqlaşdırılıb.

Rektorun məhkəməyə verdiyi başqa bir müəllim P.Mürsəlova da işdən çıxarılıb.

V.Ağabəyli deyir ki, rektorla aralarındakı mübahisədən sonra durumu pisləşib, universitetə təcili yardım çağrılıb: «Müəllimlər Mahirə Hacıyeva və Pərvin Mürsəlova həmin vaxt mənə dəstək olduqları, kömək etdikləri üçün onlara böhtan atdılar, sənəd oğurluğunda ittiham etdilər».

K.Abdullanın məhkəmə iddiasında cavabdehlərdən biri olan P.Mürsəlova da işdən çıxarılıb. Xural.com-da onun Təhsil Nazirliyinə məktubu yayımlanıb. Orada iddia olunur ki, K.Abdullanın rəhbərliyi altında universitetdə «Azərbaycan təhsil tarixində görünməmiş qaralama və repressiyaya start verilib».

İddia ərizəsində cavabdeh kimi adı çəkilənlərdən Ə.Zeynallı istisna olmaqla, qalan üç nəfərin hamısı bir neçə aydır məhkəmədə K.Abdulla ilə çəkişir. Onlar ayrı-ayrılıqda rektoru məhkəməyə verərək, onun hərəkətlərinin qanunsuz sayılmasını, cəzalandırılmaları barədə əmrin ləğvini istəyirlər. Amma məhkəmələr onların heç birinin iddiasını təmin etməyib.

K.Abdulla indiki və keçmiş işçilərinin onun barəsində şikayət məktublarında yazdıqlarının, müsahibələrində dediklərinin böhtan olduğunu bildirir. Məhkəmədən də xural.com-dakı yazıların yalan məlumat kimi qiymətləndirilib saytdan silinməsini, həm Ə.Zeynallının, həm də ondan şikayətçi olan müəllimlərin üzr istəməsini istəyir. Onun pul tələbi də var – Ə.Zeynallıdan 10 min manat, V.Ağabəylidən 5 min manat, P.Mürsəlova və E.Baxşəliyevanın hər birindən 3 min manat.

Rektorun iddiasına avqustun 1-də Binəqədi Rayon Məhkəməsində baxılacaq.

XS
SM
MD
LG