Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:55

Dini məzmunlu mahnı ifaçısı saxlandı: 'İfa etdiyim mahnılarda haqq-ədalətdən danışılır...'


Kamran Kərimov
Kamran Kərimov

Dini məzmunda mahnıların bəstəkar və ifaçısı Kamran Kərimov (Fərat) saxlanılıb. Noyabrın 16-da günorta saatlarında mülki geyimli şəxslər Bayıl qəsəbəsində onun yaşadığı evə gələrək, əllərini qandallayıb aparıblar. Bu barədə AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, mülki geyimlilər onlara, eləcə də Kamran Fəratın özünə onun saxlanma səbəbi, hara aparılması barədə heç bir bilgi verməyib.

Ailə üzvlərindən biri onun necə aparıldığını telefonla lentə alıb. Kadrlardan görünür ki, 4 nəfər mülki geyimli evə daxil olub, onu çıxararaq, 77-BJ-187 dövlət nömrə nişanlı avtomobilə mindirib aparır:

“Çox güman, onu da narkotiklə şərləyəcəklər, aylardır həbs elədikləri başqa dindarlar kimi. Halbuki, evdən gözümüzün qarşısında apardılar, üstündə də narkotik maddə, qanunsuz heç nə yoxdur. Nə özlərini təqdim elədilər, nə hara apardıqlarını dedilər. Elə zorla götürüb getdilər...”

Kamran Fərat özü də həbs olunacağını ehtimal edirmiş. O, bir müddət öncə video çəkərək, həbs olunacağı halda, ailə üzvlərinin onu yaymasını istəyib.

“Biz ancaq öz dövlətimizin aşiqiyik...”

Həmin videogörüntüdə o bildirir ki, heç bir cinayət törətməyib. Ancaq dini inanclı şəxslərin kütləvi şəkildə həbs olunduğunu nəzərə alaraq, günün birində özünün də bu aqibətlə üzləşəcəyini düşünür.

O vurğulayıb ki, 2023-cü il aprelin 8-də bir sıra saytlarda onun həbsi haqda məlumat yayılsa da, yalan idi.

Rusiyada fəhləlik edib, ailəsini dolandırdığını bildirən Kamran Fəratın sözlərinə görə, apreldə Moskvaya gedərkən, Bakıda hava limanından buraxılmayıb. Ona ölkədən çıxışına qadağa qoyulduğu deyilib:

“İnsanlara xəyanətkar damğası vuran, saxta məlumatlar paylaşanlardır ən böyük xainlər. “İran aşiqi” damğasını vururlar. Biz ancaq öz dövlətimizin, öz millətimizin aşiqiyik. Agentlik edənin, narkotik satanın pulu olar. Biz 3 ailə bir evdə yaşayırıq...”

Kamran Fərat Müsəlman Birliyi Hərəkatına həsr olunmuş mahnının da müəllif və ifaçısıdır. O vurğulayıb ki, təqib olunmasının səbəbi dini məzmunlu, haqq-ədalətdən bəhs edən mahnılardır:

“Oxuduğum mahnılar əhli-beytdən olub. İfa etdiyim mahnılarda haqq-ədalətdən danışılır. Mən eyni zamanda, şəhidlərimizə həsr olunmuş mahnılar da ifa eləmişəm”.

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, Kamran Fəratın Səbail rayonu, 8-ci polis bölməsinə aparıldığı haqda məlumat alıb. Vəkilin sözlərinə görə, hüquqlarını qoruduğu şəxslə görüşmək üçün günorta polis bölməsinə getsə də, buna imkan verilməyib. Müdafiəçi bununla əlaqədar Ombudsman Aparatına və Daxili İşlər Nazirliyinə şikayət etdiyini vurğulayıb.

Daxili İşlər Nazirliyindən dini inanclı fəalın saxlanma səbəbi və yeri barədə bilgi almaq mümkün olmayıb.

Xatırlatma

Kamran Fərat 2021-ci ilin oktyabrında polisə müqavimət ittihamıyla həbs olunmuş, ona 30 sutka cəza verilmişdi.

O bildirirdi ki, polisə müqavimət göstərməsi haqda qərarda yazılanlar yalandır, onu evindən aparıb, polis bölməsində protokol tərtib ediblər. Ardınca da məhkəmədə 30 sutka həbs qərarı çıxarılıb.

“Müdafiə Xətti” insan haqları təşkilatının məlumatına görə, Azərbaycanda 2023-cü il ərzində yüzlərlə dini inanclı şəxs həbs olunub. Onların çoxuna narkotik ittihamı verilib. Həbs olunanlar məhkəmələrində təqsirsiz olduqlarını, narkotiklə şərləndiklərini bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddiaları yalanlayıb. Həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğu bəyan edilib.

XS
SM
MD
LG