Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:22

Kanalizasiya üzrə 13 layihə icra olunsaydı... [video]


Kanalzasiya sisteminə ayrılan pullar hara axır?
Gözlə

No media source currently available

0:00 0:15:10 0:00

Kanalzasiya sisteminə ayrılan pullar hara axır? [A-Live]

Bakı yağış dərdindən nə vaxt yaxa qurtaracaq? Prezident İlham Əliyevin tapşırığı ilə hələ ötən il bu problemin araşdırılması və aradan qaldırılması üçün komissiya da yaradılmışdı. Amma bu il yağmurlu havalar başlar-başlamaz, yenə Bakının köhnə problemi üzə çıxdı. Sel-suları küçələrdə hərəkəti iflic etdi, evləri su basdı.

Paytaxtda yağış-kanalizasiya sisteminin problemlərinə dair komissiyanın üzvü, baş nazirin müavini Abid Şərifova zəng edib bununla bağlı suallara cavab almaq istədik. Amma o, müşavirədə olduğunu deyib telefonu qapatdı.

Buna da bax:​ Xırdalan şəhəri yenə sular altında qaldı - VİDEO

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi bu Komissiya Bakıda 13 layihə icra etdiyini bildirir. Prezidentin sərəncamı ilə layihələrin reallaşdırmaq üçün “Azərsu” ASC-yə 14 milyon manat vəsait ayrılıb.

Bu səhmdar cəmiyyətin sözçüsü Anar Cəbrayıllı deyir ki, ötən müddətdə layihələrdən 8-i icra olunub. Qarşıdakı bir ayda digər 5 layihənin də yekunlaşması gözlənilir. Anar Cəbrayıllı bizimlə söhbətdə bildirdi ki, onlar Bakıda su-kanalizasiya sistemini yenilədikləri ərazidə duruma cavabdehdirlər.​“Məsələn, Xırdalanda yenə problem ola bilər. Biz orada heç bir iş görməmişik. Və ya Biləcərinin yeni yaşayış massivi ilə bağlı mütəxəssislər fikirləşir. Orada mindən çox ev var, həmin ərazilər vaxtı ilə göl olub, sonradan qurudulub və sakinlərə paylanıb. Həqiqətən də orada yağışdan sonra problemlər müşahidə olunur. Amma bizim mütəxəssislər bununla bağlı iş aparırlar. Hazırda da bizim layihə və planlama departamentinin əməkdaşları ordadırlar. Subasma hallarını önləmək üçün həll yolları axtarırlar”.

Buna da bax:​ Çirkab gölməçələrinin 'əsiri' olanlar

Anar Cəbrayıllı əlavə edir ki, 13 kritik hissədə işlər görülüb və görülür. Həmin ərazilərə 17 kilometrlik yeni kanalizasiya kollektoru çəkilib. O əminliklə bildirir ki, layihələr başa çatan ərazilərdə yağış suları ilə bağlı heç bir problem olmayacaq.

Uzun müddət sənaye obyektlərinin kanalizasiya və su quraşdırma işlərinə baş mühəndislik edən Rahab Qazıyev isə deyir ki, bir neçə nöqtə seçib, orada yağış sularının qarşısını almaq, bütün Bakının probleminin həlli demək deyil:

“Yəni, yeraltı kommunikasiyalar yenidən qurulmalıdır. Bunun bir adı var. Hansı mütəxəssis də gəlir, sübut edə bilərəm. Hazırladıqları layihələri qoysunlar ortaya, müzakirə edək baxaq. Heç olmasa vaxtında yolların kənarında yağış kanalizasiyaları qurmuş olsaydılar, indi problem bu qədər böyük olmazdı. Bu işlərin heç birini görməyiblər, əksinə yol çəkilişi zamanı belə yağış kanalizasiyası xətlərinin çoxunun üzərini də asfaltlayıblar”.

Buna da bax:​ 'Quşçuluq massivi'ndə evləri su basıb [Video]

Rahab Qazıyev düşünür ki, 17 kilometrlik yeni yağış kollektorları ancaq Bakının müəyyən hissələrində problemi həll edə bilər. Bütün Bakıya bəs etməz.

İqtisadçı ekspert Natiq Cəfərli isə deyir ki, vaxtında kanalizasiya sisteminin yenidən qurulmasına ayrılan pullar səmərəli sərf olunsaydı, Bakının yağış dərdi də olmazdı:

Natiq Cəfərli
Natiq Cəfərli

“Son 10 ili götürsək kanalizasiya sisteminin yenidən qurulmasına dövlət büdcəsindən və beynəlxalq maliyyə qurumlarından hardasa 5 milyard manata yaxın vəsait ayrılıb. Tək problem vəsaitin həcmi deyil, həm də işin keyfiyyətidir. Korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də böyük problemlər doğurur”.

Buna da bax:​ Qarabaqqal kənd sakini: 'Yağıntı davam etsə, çörəksiz qalacağıq'

AzadlıqRadiosu-nun 2012-ci ildə apardığı jurnalist araşdırması üzə çıxarmışdı ki, Bakı və ətraf qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri «Azərsu» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur. Sakinlər isə AzadlıqRadiosu-na müsahibəsində deyirdilər ki, onların qəsəbəsində hər hansı iş görülməyib.

Bəs Bakı sakinləri nə fikirləşir? Azərbaycanda kanalizasiya sistemindəki problemlər niyə indiyəcən həll edilməyib?

Kanalizasiya sistemində problemlər niyə həll edilmir?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Azərbaycan hökuməti isə bəyan edir ki, su və kanalizasiya sisteminin tikintisi və bərpası onlar üçün əsasdır. Bu məqsədlər «Azərsu» ASC-yə dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 2005-2014-cü il üçün 2.7 milyard manat ayrılıb. Sonrakı illər üzrə xərclər ayrılıqda göstərilmir və “Azərsu” bu rəqəmləri açıqlamır.

XS
SM
MD
LG