Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:57

ABŞ-ın Qarabağa dair yeni təklifləri – ekspertlər Ağ Evin aktivliyini yozurlar


Fransa -- Rambuye danışıqları, 10 fevral, 2006
Fransa -- Rambuye danışıqları, 10 fevral, 2006
Xarici İşlər naziri Elmar Məmmədyarov Dövlət Departamentindəki görüşlərlə əlaqədar «AzərTAc»a deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Praqa prosesinin davam etdirilməsi üçün bəzi təkliflər verib: «Təkliflər maraqlıdır, rəsmi Bakı onları təhlil edib, ATƏT-in amerikalı həmsədri Stiven Mannın aprelin 18-də bölgəyə başlayacaq səfəri zamanı münasibətini bildirəcək».

Ancaq ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Vaşinqtonun verdiyi təklifləri yeni saymır. O, bu haqda «Turan» İnformasiya Agentliyinə açıqlamasında bildirib. Amma təklifləri yeni saymayan səfirin məlumatında deyəsən, təzə görünən bir məqam var. Rino Harniş ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan xalqları öz liderlərini münaqişənin nizamlanmasında dəstəkləyəcək.


Ancaq bir sual yaranır, təkliflər yeni deyilsə və indiyə kimi tərəflərin müzakirə etdiyi və razılaşmadığı ideyalardısa, o zaman xalqlar hansı məsələdə rəhbərlərinə dəstək verməlidirlər? Bundan başqa, vasitəçilər dəfələrlə bildiriblər ki, tərəfləri eyni dərəcədə razı sala biləcək təkliflərin olması mümkün deyil. Ekspertlərə görə, məsələnin belə qoyuluşu artıq tərəflərdən birinin güzəştə gedə biləcəyindən xəbər verir.


Siyasi şərhçi Rauf Mirqədirov yada salır ki, ötən həftənin sonlarında Moskvada olan Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan ölkəsinin vasitəçilərin təqdim etdiyi təkliflərin demək olar ki, hamısı ilə razılaşdığını, Yerevanın elə bir narazılığı olmadığını demişdi. Siyasi şərhçiyə görə, həm Azərbaycanı, həm də Ermənistanı eyni dərəcədə qane edən təkliflərin olması mümkün deyil: «Maraqlar həddən artıq fərqlidirsə, onda vasitəçilərin verdiyi təkliflərə hər iki tərəfin də razı olması təəccüb doğurur. Deməli, bu halda tərəflərdən hansısa biri mümkün olandan daha çox güzəştə gedəcək. Reallıq ondan ibarətdir ki, daha çox güzəştə gedən Azərbaycan olmalıdır. Zəif olan Azərbaycandır və məhz ondan güzəşt tələb oluna bilər».


Amma başqa ekspert Elxan Şahinoğlu yalnız Bakının yox, Yerevanın da güzəştə gedə biləcəyini istisna etmir. O, Vaşinqtonun mümkün təsir vasitələrini işə salacağını deyir və Amerikanın Ermənistana yardımları azalda biləcəyini də ehtimal edir.


Bəs ABŞ indiyə kimi niyə təsir vasitələrini işə salmırdı? Ekspertlərə görə, bölgədə vəziyyət dəyişib. Buna görə də vasitəçilər münaqişənin həllinə, sülh sazişinin imzalanmasına tələsirlər və bu fonda ABŞ-ın tələskənliyi daha çox gözə çarpır. Bu üzdən də amerikalı diplomatların bölgəyə səfərləri artıb. Bundan başqa, prezident seçiləndən sonra Vaşinqtona dəvət olunmayan Azərbaycanın dövlət başçısının da ABŞ-a rəsmi dəvəti haqda məlumatlar dolaşır. Rauf Mirqədirov deyir ki, Amerika bölgədə ciddi problemləri, xüsusən də İran məsələsini həll etməlidir. Bu fikrə şərik çıxan siyasi şərhçi Elxan Şahinoğlu isə belə deyir: «Son günlər Azərbaycanda müharibəylə bağlı çağırışlar Amerikanın İranla bağlı planlarını sual altına sala bilər. Başlana biləcək müharibə İranın bu oyunlara cəlb olunması ilə nəticələnə bilər. Və əslində, Tehran Vaşinqtonla münasibətlərin gərginləşdiyi belə məqamda Qarabağ müharibəsinin alovlanmasında çox maraqlıdır. Bu baş verməsin deyə Amerika qısa zaman kəsiyində münaqişənin həllinə nail olmasa da, müəyyən irəliləyiş əldə etməyə çalışır».


Rauf Mirqədirova görə, Vaşinqton İranla bağlı siyasətini gerçəkləşdirməzdən əvvəl Dağlıq Qarabağ münaqişəsini də nəzərə almalı, bu problemi yoluna qoymalıdır. «Regionda hökm sürən qeyri-sabit şərait İran və Rusiyanın situasiyadan manipulyasiya etmək imkanlarını artırır. Ona görə də İlham Əliyevi Birləşmiş Ştatlara dəvət edən Vaşinqton konkret məsələlərin həllinə çalışacaq», -deyə, o vurğulayır.


Görünən budur ki, təkliflər dəyişməyib. Dəyişən vəziyyətdir və yaxınlarda Vaşinqtonun rıçaqları işə salıb həm Ermənistana, həm Azərbaycana təzyiqləri artıracağı istisna deyil. Yəqin elə buna görə də amerikalı diplomatlar 2006-cı ilin münaqişənin həllində dönüş nöqtəsi olacağını bəyan edirdilər. Amma bir başqa məsələ də var. Danışıqların bundan əvvəlki mərhələsini yaxından izləyən yerli ekspertlərin fikrincə, dövlət başçıları bir neçə dəfə sülh sazişini imzalamağa yaxın olsalar da, hər iki ölkədə ictimaiyyətin narazılığı danışıqları nəticəsiz qoyub. Ona görə də, ABŞ səfiri Rino Harniş xalqların dəstək verəcəyinə ümid etmək istəyir.


XS
SM
MD
LG