Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:23

ABŞ Dövlət katibinin köməkçisi bu həftə Cənubi Qafqaza gəlir


Dr. Karen Donfrid
Dr. Karen Donfrid

Donfrid Bakıda iyunun 15-16-da olacaq, Prezident İlham Əliyev, digər hökumət rəsmiləri, vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri Bürosu üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Azərbaycanda, Gürcüstanda və Ermənistanda olacaq. Səfərdə məqsəd ABŞ-ın Cənubi Qafqazda sülh, demokratiya və rifaha sadiqliyini vurğulamaqdır.

Dövlət Departamentinin yaydığı məlumatda deyilir ki, Donfrid ABŞ-ın bu üç ölkəylə diplomatik münasibətlər qurmasının 30 illiyini qeyd edərək Birləşmiş Ştatların Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyinə dəstəyini ifadə edəcək, onların bu yöndə öz yollarını müəyyənləşdirmək hüququnu vurğulayacaq.

Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi...

O həmçinin Birləşmiş Ştatların Cənubi Qafqazda davamlı sülhün qurulmasına yardıma, o cümlədən bütün regionda siyasi, iqtisadi və xalqlararası əlaqələrin inkişafına dəstəyə hazır olduğunu vurğulayıb.

Donfrid Bakıda iyunun 15-16-da olacaq, Prezident İlham Əliyev, digər hökumət rəsmiləri, vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək. Dövlət katibinin köməkçisi Azərbaycanla Ermənistan arasında davamlı sülhə yönəlik diplomatik səylərə dəstək bildirəcək, Ukraynaya humanitar yardıma görə Azərbaycana təşəkkür edəcək, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, transmilli təhdidlərlə mübarizə, fundamental azadlıqlara dəstək, ikitərəfli ticarət və investisiyanın təşviqində tərəfdaşlığı vurğulayacaq.

Tbilisi və Yerevan görüşləri

Karen Donfrid iyunun 17-də Tbilisiyə səfəri zamanı Prezident Salome Zurabişvilinin təşkilatçısı olduğu Tbilisi Beynəlxalq Qadınlar Konfransında çıxış edəcək. O, Baş nazir İrakli Qaribaşvili, digər hökumət rəsmiləri, müxalifət təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə Kremlin Ukraynaya səbəbsiz müharibəsini, ABŞ-ın Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirəcək. Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların Gürcüstanda demokratiya və hüququn aliliyinin inkişafı, iqtisadiyyatının diversifikasiyası, çiçəklənən gələcək qurulmasına əlavə dəstəyini müzakirə edəcək.

Dövlət katibinin köməkçisi iyunun 18-də Yerevana səfəri zamanı Baş nazir Nikol Paşinyan və hökumətin digər rəsmiləri ilə görüşəcək. Karen Donfrid Ermənistanla Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə ABŞ-ın dəstəyini ifadə edəcək. “O, vahid dəyərlərə və Ermənistanın demokratik inkişafına qarşılıqlı sadiqliyimizə əsaslanan güclü tərəfdaşlığımızı vurğulayacaq”, – məlumatda vurğulanır.

Minsk qrupu

ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ancaq Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra bu qrupun fəaliyyəti haqda ziddiyyətli məlumatlar gəlir, ABŞ və digər həmsədr ölkə Fransanın Rusiya ilə təmasları dayandırdığı iddia olunub.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il Qarabağ müharibəsindən sonra bu qrupa artıq ehtiyac olmadığını, münaqişənin həll olunduğunu vurğulayıb. Ancaq Ermənistan rəsmiləri Dağlıq Qarabağın yekun statusunun həllini gözlədiyini deyirlər.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin razılaşmasına əsasən, Laçın dəhlizinə (Azərbaycanın Laçın rayonundan keçir) və Qarabağdakı təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG