Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:29

Keçilər azı 10 min il əvvəl əhliləşdirilib


Bezoar keçisi bütün müasir ev keçilərinin ortaq əcdadı sayılır
Bezoar keçisi bütün müasir ev keçilərinin ortaq əcdadı sayılır

Arxeoloji və genetik tapıntılara əsaslanan bir tədqiqatın gəldiyi nəticələrdə deyilir ki, İranın şimal-qərbi insan sivilizasiyasının keçiləri əhliləşdirdiyi ən erkən məskənlərdən biridir. Bu ərazidə tapılan, öz vəhşi əcdadlarından çox seçilən keçilərin qalıqları azı 10 min il bundan əvvələ aiddir.

19 nəfər iranlı və xarici alimin iştirakı ilə aparılan tədqiqatın nəticələri bu ayın əvvəli ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilib.

"Münbit qurşaq"

Alimlər bu məqalədə yazırlar ki, genetik izlər Avrasiya və Ərəb tektonik platolarının birləşdiyi ərazidə yerləşən bu regionda keçilərin tədrici əhliləşdirilməsinin eramızdan azı 8 min 200 il əvvəl baş verdiyini göstərir.

İnsanların əhliləşdirilmiş bitki və heyvanlardan istifadəyə keçməsinin "Münbit qurşaq" kimi tanınan, Nil çayının deltası və Mesopotamiyanı da əhatələyən regionda başlandığı məlumdur.

Bu qəbildən olan yeniliklər insan sivilizasiyası üçün mühüm əhəmiyyət kəsb edirdi. Onların sayəsində insan sayının daha çox olduğu məskənlər və daha mürəkkəb cəmiyyətlər formalaşıb.

Alimlər Münbit qurşağın şərq hissəsində yerləşən Zaqros dağlarını insan sivilizasiyasının beşiyi, irriqasiya və kənd təsərrüfatı sahəsində ilk addımların atıldığı, yazı və təkərin ilk dəfə istifadə olunduğu ərazi sayırlar.

Bəzi alimlər Münbit qurşağın qərb hissəsini belə yeniliklərin episentri kimi görsələr də, aparılan bu yeni tədqiqat alimlərə bunun əksini iddia etməyə imkan verir.

Gənç dərəsi
Gənç dərəsi

Əcdadlarından fərqli

Onların araşdırdığı heyvan qalıqları Daş dövrünün sonlarına aid olan, İranın qərbindəki Zaqros dağlarında yerləşən Gənç dərəsi və Əbdül Hüseyn təpəsindən götürülüb. Bu qalıqlardan götürülən məlumat bugünədək tapılmış ən qədim əhliləşdirilmiş ev heyvanlarının genom məlumatlarıdır.

Türkiyə və İranın dağ yamaclarında yaşayan vəhşi dağ keçiləri bütün müasir ev keçilərinin ortaq əcdadı sayılır. Bu araşdırmada sözügedən insan sivilizasiyası da məhz bu növü vəhşi təbiətdən götürərək əhliləşdirib. Araşdırma əhliləşdirilmiş keçilərin öz vəhşi əcdadlarından genetik olaraq fərqli olduğunu ortaya çıxarıb.

"Neolit inqilabı" kimi tanınan dövr, yəni, təqribən 12 min il bundan əvvəl bir çox insan qrupları ovçuluq və yığıcılıqdan oturaq həyat tərzi və kənd təsərrüfatına keçməyə başlayıblar. Münbit qurşaqda bu dövr dənli bitkilər və noxudun əkilib becərilməyə başladığı dönəmə təsadüf edir. Eyni zamanda keçi, inək, qoyun və donuz saxlanılaraq otarılırdı.

İranın şimalında südçülük fermasında zanen keçiləri
İranın şimalında südçülük fermasında zanen keçiləri

Elmi əməkdaşlığa əngəl

1979-cu il İslam inqilabından sonra İranla ABŞ arasında münasibətlər soyuyub və antiqərb islam hökuməti Qərb alimləri ilə elmi əməkdaşlığın inkişafına mane olub. On illərlə davam edən beynəlxalq sanksiyalar birbaşa əməkdaşlığın qarşısını alıb. Alimlər nəinki birlikdə tədqiqat apara, hətta konfranslarda iştirak edə və eyni elmi ədəbiyyatdan yararlana bilməyiblər.

Dünyanın əsas gücləri ilə İran arasında imzalanmış 2015-ci il sazişindən sonra bu sanksiyalar bir qədər yumşaldılsa da, cəmi 3 il sonra Tramp administrasiyası İran rəhbərliyini cəzalandırmaq üçün yenidən sərt sanksiyalar tətbiq edib.

Elm icmasına şübhələr

İranın teokratik hökuməti öz elm icmasına da şübhə ilə yanaşıb. Tanınmış İran əsilli kanadalı elm adamı, professor Kavus Seyid-İmami İranda yerləşən konservasiya qurumu olan İran Vəhşi Təbiət Fondunun (PWHF) yaradıcısı idi. O, 2018-ci ildə casusluq ittihamı ilə həbs olunduqdan sonra müəmmalı şəkildə həyatını itirib. Ona qarşı irəli sürülən ittihamların vəhşi heyvanları çəkmək üçün istifadə olunan kamera tələləri və monitorinq cihazları ilə bağlı olduğu deyilir. İran rəsmiləri professor Kavus Seyid-İmami və həmkarlarını özlərini ekoloq kimi göstərərək ölkənin strateji ərazilərində gizli məlumatlar toplamaqda suçlayıblar.

Sonradan PWHF-in azı daha altı mütəxəssisi "düşmən dövlət olan ABŞ-la əməkdaşlıq" iddiası ilə uzunmüddətli həbs cəzalarına məhkum edilib. Beynəlxalq qurumlar buna etirazlarını bildirərək alimlərə azadlıq tələb edirlər.

XS
SM
MD
LG