Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:31

Kommersiya məhkəmələri nəyi dəyişə bilər


Məhkəmə
Məhkəmə

Azərbaycanın məhkəmə sistemində struktur dəyişikliyi olacaq. Əgər indiyədək iqtisadi sahədəki mübahisələri, hüquqi müstəvidə bizneslə bağlı problemləri inzibati-iqtisadi məhkəmələr araşdırıb qərar verirdisə, yaxın vaxtlarda artıq belə olmayacaq. Çünki ölkədə ayrıca kommersiya məhkəmələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Kommersiya məhkəmələrinin yaradılması prezidentin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 3 aprel 2019-cu il tarixli Fərmanında nəzərdə tutulmuşdu. Fərmanın 3.1 maddəsində konkret «kommersiya məhkəməsi» ifadəsi yazılmayıb. Ancaq Ədliyyə Nazirliyinə tapşırılıb ki, sahibkarlıq fəaliyyəti ilə bağlı işlər üzrə ixtisaslaşdırılmış məhkəmənin yaradılması barədə layihə hazırlanıb, iki ay ərzində prezidentə təqdim olunsun.

«Bir çox ölkələrdə bu cür məhkəmələr var»

Fərmanda yeni ixtisaslaşmış məhkəmələrin yaranmasına zərurət kimi sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması göstərilib.

Ə.Hüseynov
Ə.Hüseynov

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov yerli telekanallara bildirib ki, layihəni prezident təqdim edib. Ölkədə inzibati-iqtisadi məhkəmələrin mövcudluğunu yada salan komitə sədri deyir ki, bu qanunun qəbulundan sonra iqtisadi və inzibati işlərə ayrı-ayrı məhkəmələr baxacaq:

«İqtisadi islahatların, sahibkarlığın indiki mərhələsində ixtisaslaşmış kommersiya məhkəməsinin yaradılması çox vacibdir. Qanunvericilik təşəbbüsü subyekti bu məsələdə beynəlxalq təcrübəni də nəzərə alıb. Bir çox ölkələrdə bu cür məhkəmələr var».

Ə.Hüseynovun sözlərinə görə, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi statusunda fəaliyyət göstərəcək. Özü də təkcə Bakıda yox, regionlarda da yaradılması nəzərdə tutulub: «Bu da məhkəmələrin vətəndaşlar üçün əlçatan olmasını təmin edəcək».

F.Mustafa
F.Mustafa

Layihə plenar iclasa tövsiyə olunsa da, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmayan deputatlar onun mahiyyəti barədə məlumatlı deyil. Deputat Fazil Mustafa AzadlıqRadiosuna bildirib ki, hələlik sənəd onlara təqdim olunmayıb: «Ümumi şəkildə prezidentin fərmanında nəzərdə tutulub. Bu baxımdan ümumi məlumatım var. Amma, hələlik, sənəd bizə verilmədiyinə görə onun mahiyyəti, konkret detallar barədə məlumatım yoxdur».

Gözləntilər

Kommersiya məhkəmələrinin yaradılması məsələsinə vəkillərin münasibəti birmənalı deyil. Bunu müsbət sayıb böyük gözləntiləri olanlar da var, struktur dəyişikliyinin mahiyyətə təsir göstərməyəcəyini hesab edənlər də.

«Kommersiya məhkəmələrinin yaradılması məhkəmə sistemində indiyə kimi həyata keçirilmiş ixtisaslaşmanın davamıdır. Bu dəyişiklik həm də məhkəmələrdə iş yükünün azalmasına, işlərin vaxtında və obyektiv araşdırılmasına, ölkəmizdə sahibkarların hüquqi mübahisələrinin həlli istiqamətində keyfiyyətin artmasına gətirib çıxaracaq. Bu da son nəticədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək», - vəkil Etibar Həsənov belə deyir.

H.Həsənov
H.Həsənov

Ancaq digər vəkil Hafiz Həsənov başqa fikirdədir. Deyir ki, əsas məsələ işə hansı ad altında məhkəmədə baxılması deyil, vacib olanı verilən qərarın ədalətli, qanuni olmasıdır: «Hesab etmirəm ki, kommersiya məhkəmələri nəyisə dəyişəcək. Mahiyyət etibarilə inzibati-iqtisadi məhkəmələr formatında hər iki sahəni əhatə edən mübahisələrə baxılırdı. Yəni bu məhkəmələr onsuz da sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin mübahisələrinə baxırdı. Əsas məsələ ölkədə qanunun aliliyinə, məhkəmələrin müstəqilliyinə nail olmaq, müdaxilələrin aradan qaldırılmasıdır. Bunlar olmasa, hansı ad altında məhkəmədə baxılmasının heç bir önəmi yoxdur».

Vəkil Fuad Ağayev də kommersiya məhkəmələrinin yaradılmasına zərurət olmadığını düşünənlərdəndir: «Kommersiya məhkəmələrinin yaradılmasının hansı zərurətdən irəli gəldiyi məlum deyil. Yetərincə əsaslandırma eşitməmişəm. Şəxsən mən buna ehtiyac görmürəm».

Azərbaycanın məhkəmə sisteminin azad olmadığını həm yerli, həm də beynəlxalq hüquq-müdafiə təşkilatları vurğulayırlar. Onların mövqeyincə, Konstitusiya məhkəmə hakimiyyətinin müstəqil olduğunu iddia etsə də, o, əslində, icra hakimiyyətinin təsiri altındadır. Ekspertlərin fikrincə, Prezident Administrasiyasına məhkəmə sisteminə qarışmaq qadağan olunmalı, hakimlərə müstəqillik verilməli, prokurorluq orqanlarının məhkəmələrə nəzarəti aradan qaldırılmalıdır. Hakimiyyət təmsilçiləri isə bu tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG