Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:31

Ukraynaya 40 milyard dollarlıq yardım təsdiqlənir


Kiyev yaxınlığında vurulmuş Rusiya tankı
Kiyev yaxınlığında vurulmuş Rusiya tankı

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Ukraynaya dəstək verməklə ABŞ demokratiyanın diktatura ilə savaşını dəstəkləyir

Mayın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardım nəzərdə tutan qanun layihəsini böyük səs çoxluğuyla təsdiqləyib. Məqsəd Rusiyanın təcavüzüylə üzləşmiş Ukraynaya dəstək olmaqdır.

Prezident Co Bayden Konqresdən 33 milyard dollarlıq yardım istəmişdi. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan Konqres ikinci dəfədir bu ölkəyə böyük məbləğdə yardım ayırır. Martda ayrılan yardımın məbləği 13.6 milyard dollar idi.

Qanun layihəsi Senatdan keçəndən Ukrayna müharibə başlayandan ABŞ-dan 50 milyard dollardan çox yardım almış olacaq.

Demokratiyanın diktatura ilə savaşı

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çıxışında deyib ki, Ukraynaya dəstək verməklə ABŞ demokratiyanın diktatura ilə savaşını dəstəkləyir:

“Demokratiya üstün gəlməlidir. Ukrayna xalqı öz demokratiyası, həm də bizimki uğrunda savaşır”.

Nəzərdə tutulan məbləğin 15 milyard dollara yaxını Ukrayna ordusu üçün silah və hərbi texnika alınmasına gedəcək. 14 milyard dollar humanitar yardıma, ukraynalı qaçqınlara dəstəyə ayrılacaq. 5 milyard dollar buğda qıtlığının nəticələrini aradan qaldırmağa sərf olunmalıdır. Müharibə nəticəsində Ukraynadan buğda və qarğıdalı ixracı dayanıb.

Səsvermədən öncə Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Konqresə məktubda yazıblar ki, qanun layihəsi təxirə salınmadan təsdiqlənsin, çünki Ukraynaya ayrılmış yardım demək olar qurtarıb.

XS
SM
MD
LG