Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:19

Lənkəranda minlərlə çay kolu külə döndü


İllüstrasiya fotosu, Astarada çay yığımı
İllüstrasiya fotosu, Astarada çay yığımı

-

Çay plantasiyaları yanır, çəltiyi yığmağa texnika yoxdur...

CƏMİ 10 TON ÇAY

Bir tərəfdən havaların quraqlıq keçməsi, bir tərəfdən də suvarmanın pis olması lənkəranlı fermerləri çıxılmaz durumda qoyub. 16 ildir ki, çayçılıqla məşğul olan Əfrasiyab Əliyev deyir, hələ fermerlik fəaliyyəti dövründə bu ilki qədər zərərə düşməmişdi:

“Suvarma suyu vermədilər. Sahələri 40 gündən bir suladıq. Minlərlə çay kolumuz külə döndü”.

Əfrasiyab Əliyev deyir ki, hər il sahədən azı 40-50 ton məhsul tədarük etdiyi halda bu il heç 10 ton da toplaya bilməyib. Xammal vəd etdiyi şirkətlərin qarşısında da çıxılmaz vəziyyətdə qalıb:

“Belə vəziyyət bizi fermer kimi əməkdaşlıq etdiyimiz şirkətlərin qarşısında da yalançı edir. Çay istehsalı ilə məşğul olan şirkətlərlə danışıqlar aparmışam, çay yığımı mövsümündə 40 ton xammal boyun olmuşam. Ancaq bütün yayı sahəni suvarmağa su tapmadığımdan sahələr yanıb. İndi şirkətin qarşısında da yalançı qalmışam”.

TAXILBİÇƏN YOX, ÇƏLTİKBİÇƏN...

Lənkəranda çəltikçiliklə məşğul olan Hafiz Rzaquliyev isə məhsulu toplamağa texnika axtarır. Deyir məhsul yığımına görə fermerlərə taxılbiçən kombayn verirlər. Bu isə işə yaramır:

“Taxılbiçən kombaynla çəltik biçəndə ümumi məhsulda azı 20-25 faiz itki olur. Neçə ildir ki, çəltikbiçən kombaynların verilməsini tələb edirik. Deyirlər, “nə var, onu da işlədin”. Heç kəsi fermerin gəliri, itkisi maraqlandırmır. Əsas odur ki, nə versələr, ona qane olasan, vaxtında da texnikanın icarəhaqqını ödəyəsən”.

Çayçılıq sahəsindən fərqli olaraq, deyəsən, bu il çəltikçilik sahəsində məhsuldarlıq heç də pis olmayıb. Fermer deyir, çətinliklərə baxmayaraq, ötən ilkindən 25 faiz artıq məhsul götürüb. Ancaq texniki problemlər də öz yerində...

“80 sot sahədə çəltik əkmişəm, 2 tondan çox məhsul gözləyirəm. Əlbəttə ki, taxılbiçənlə yox, çəltikbiçənlə toplasaydım, azı 3 ton məhsul toplaya bilərdim”.

RƏSMİ QURUMLAR DEYİR Kİ...

Rayon icra hakimiyyəti deyir, fermerlik sərbəst sahədir. Onlara hər hansı texnikada, əkin-biçində yardım qurumun vəzifəsinə daxil deyil.

Rayon icra hakimiyyəti deyir, fermerlik sərbəst sahədir. Onlara hər hansı texnikada, əkin-biçində yardım qurumun vəzifəsinə daxil deyil.

Lənkəranın suvarma idarəsindən isə bildiriblər ki, havaların quraq keçməsi yeraltı suların azalmasına səbəb olur. Hər il suvarma məsələsində fermerlərin narazılığı ilə üzləşirlər. Səbəblərdən biri isə cənub zonasında əkinçilik əsas məşğuliyyətlərdən biri olduğuna görə su çatışmazlığının ortaya çıxmasıdır. Necə deyərlər, hamı sahəsini suvarmaq istəyir, ancaq heç kəs növbə gözləmək istəmir.

“Aqrolizinq” ASC isə bildirir ki, çəltikyığan kombaynlar var, ancaq fermerlərin məhsul yığımını eyni vaxtlara salması texnika çatışmazlığına səbəb olur. Ona görə də çəltik yığımına taxılyığan kombayn təklif etməli olurlar.

XS
SM
MD
LG