Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:43

Qazaxıstan 'Lightyear' filmini qadağan edir


Buzz Lightyear qəhrəmanları
Buzz Lightyear qəhrəmanları

Homoseksual münasibətlər 1990-cı illərdə Qazaxıstanda dekriminallaşdırılsa da, cəmiyyətin homoseksuallara mənfi münasibəti qalmaqdadır

Qazaxıstan Disney/Pixar-ın yeni “Lightyear” (Bazz Layter) filminin göstərilməsini qadağan edib. Səbəb filmdə iki qadın obrazının öpüşməsi səhnəsinin yer almasıdır. Ancaq qadağa ölkədə kəskin reaksiya doğurub, mədəniyyət nazirinin işdən çıxarılması tələbi səslənib.

İyulun 14-də Mədəniyyət və idman naziri Dauren Babayev filmin yasaqlanmasını bu Orta Asiya ölkəsində “vətəndaşlar və media orqanlarından saysız xahişlərin gəlməsilə” izah edib. O, detalları açıqlamayıb.

“Toy Story” (Oyuncaq Hekayəsi) seriyasından cizgi film elə həmin gün Qazaxıstanda kinoteatrlarda göstərilməliydi.

“Bölüşmədiyimiz dəyərlərin yayılması...”

Ancaq premyeraya bir neçə gün qalmış 19 milyon əhalisi olan ölkədə bəzi tənqidçilər eynicinsililərin öpüşməsini “yersiz” adlandırıb.

Qadağa tələb edən onlayn petisiyanı 37 mindən çox istifadəçi imzalayıb.

Ölkənin tanınmış aktyoru və rejissoru Nurtaş Adambay Prezident Qasım-Jomart Tokayevə açıq məktub yazaraq filmi qadağan etməyə çağırıb. Onun sözlərinə görə, “dövlət bölüşmədiyimiz dəyərlərin övladlarımızın arasında yayılmasını məhdudlaşdırmalıdır”.

Homoseksual münasibətlər 1990-cı illərdə Qazaxıstanda dekriminallaşdırılsa da, cəmiyyətin homoseksuallara mənfi münasibəti qalmaqdadır.

Avropa Parlamentinin ötən il bildirdiyinə görə, LGBT fərdləri hələ də ayrıseçkiliklə üzləşir, vaxtaşırı zorakılıq və qısnama görürlər.

Filmlərdən LGBT səhnələrinin, yaxud onlara aid mövzuların çıxarılmasına dair ölkədə xüsusi qanun yoxdur.

Nazirin istefasını tələb edirlər

İyulun 14-də başladılmış onlayn petisiyada isə Mədəniyyət naziri Babayenin istefası, qadağanın qaldırılması tələb olunur. Rəy sorğusuna qatılmış 9 minə yaxın respondentin təxminən üçdə ikisi qadağanın ləğvini istəyir.

“Qazaxıstan Respublikası dünyəvi dövlətdir, hər hansı din aparıcı, yaxud məcburi kimi tanınmayıb. Dauren Abayevin hərəkətlərini qeyri-konstitusion, bir nazir üçün qəbuledilməz hesab edirik”, – petisiyada deyilir.

“Lightyear” “Toy Story” animasiya filmləri seriyasından sonuncusudur.

Yeni film onlarla ölkədə, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Malayziyada da qadağan edilib.

XS
SM
MD
LG