Kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun qohumu olduğuna görə cəzalandırıldığını deyən Məhəbbət Namazovun aylardır davam edən məhkəməsi yekunlaşıb. Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası ona üç il həbs cəzası kəsib.
CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə suçlanan Namazov hökmdən öncə son sözünü deyib.
***Buna da bax-'Lotu Quli'nin qohumu: 'Dedim, bildiyim budur ki, adam 22 ildir həbsdədir...'
«Hamı mənim günahsız olduğumu bilir. Məni «yuxarıdan» verilən göstəriş əsasında həbs eləyiblər. Belə ölkə olar? Belə ölkə idarə edərlər? Bu nə deməkdir?», – Namazovun son sözündə səsləndirdiyi fikirlərdir.
Bir neçə dəqiqəlik müşavirədən qayıdan hakimlər Namazova verilən ittihamı yüngülləşdirib. CM-nin 234.4.3 maddəsi ilə irəli sürülmüş ittiham 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib. Qanunsuz silah saxlama ittihamı isə saxlanılıb.
İttihama görə, M.Namazov 2016-cı il noyabrın 23-də saxlanılıb. Onun idarə etdiyi avtomobildən külli miqdarda narkotik, daha sonra Ağstafa rayonunun Sadıxlı kəndindəki evlərində axtarışda isə patronlar tapıldığı iddia olunur.
***Buna da bax-'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'
Amma Namazov deyir ki, yalandır, onda nə narkotik olub, nə də patron. Onun sözlərinə görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları onu gəlib evindən aparıblar. İdarədə ondan Nadir Səlifov haqqında məlumat almaq istəyiblər. O isə bildirib ki, uzun müddətdir həbsxanada olduğundan, Səlifovla əlaqəsi yoxdur. M.Namazovun iddiasına görə, cavabı idarədəkiləri qane etməyib, ona işgəncə veriblər, ardınca da maşınına narkotik, evinə də silah qoyulub.
Yerli media bir müddət öncə «Lotu Quli» ləqəbli Nadir Səlifovun Qaradağ Rayon Məhkəməsindən azadlığa buraxıldığını xəbər verdi. Onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunduğu bildirilirdi.