Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:25

Lukashenka: ‘Belarusda koronavirusdan ölən yoxdur və olmayacaq’


Lukashenka traktorun sükanı arxasında
Lukashenka traktorun sükanı arxasında

Belarus prezidenti Alyaksandr Lukashenka bəyan edib ki, onun ölkəsində koronavirusdan heç kim ölməyib və ölməyəcək.

Belta dövlət xəbər agentliyinin məlumatına görə, prezident əmin olduğunu bildirib ki, Belarusda COVID-19 diaqnozu ilə ölənlər, koronavirusdan yox, “onlarda olan xroniki xəstəliklərin buketindən”, o cümlədən ürək-damar, tənəffüs və ağ ciyər çatışmazlığı, şəkərli diabet və ya Lukashenka-nın təbirincə deyilərsə, “adlarını oxumaq belə mümkün olmayan” xəstəliklərdən ölüblər.

Lukashenka deyib ki, “koronavirus xroniki xəstəliklərin inkişaf etdiyi atmosferdir”.

O habelə bildirib ki, “Çin, Amerika və Avropa təcrübəsindən çıxış edən Belarus hakimiyyəti necə işləmək lazım olduğunu bilir və adamları xilas etmək üçün dərmanların kombinasiyasını tapıb”.

Lukashenka bunu da əlavə edib ki, “pasientin özü ruhdan düşməsə, deməli mütləq sağalacaq”.

Traktor terapiyası

Alyaksandr Lukashenka əvvəlcə koronavirusun yayılmasını yerli-dibli inkar edirdi, daha sonra isə pandemiya ilə bağlı dünya həkim icmasının mövqeyinə zidd fikirlər səsləndirirdi.

Ölkə başçısı, məsələn, demişdi ki, “koronavirusdan ən yaxşı müalicə çöldə traktor sürməkdir”.

O epidemiyanın qarşısının alınması məqsədilə insanların təcrid edilməsini tənqid edirdi:

“Adamları iy verən mənzillərə qapatmaq metod deyil”.

O bildirirdi ki, “əksinə, tənəffüs yollarının xəstəlikləri zamanı küçəyə çıxmaq, təmiz hava udmaq lazımdır”.

Belarus Səhiyyə Nazirliyinin aprelin 13-ə olan məlumatına görə ölkədə 29 nəfər koronavirus infeksiyasından ölüb, bu virusa yoluxanların sayı isə az qala 3 min nəfərə çatıb.

Bu da bildirilir ki, COVID-19 virusuna yoluxanların arasında yüzlərlə təbib var.

DST-nin tövsiyəsinə rəğmən

Eyni zamanda Belarus karantin elan etməyən azsaylı Avropa ölkələrindəndir və burada hətta kütləvi tədbirlər, məsələn futbol çempionatı da dayandırılmayıb.

Bundan əvvəl Dünya Səhiyyə Təşkilatı (DST) Belarus hakimiyyətinə müraciət etmişdi ki, koronavirus epidemiyası ilə əlaqədar vəziyyətin mənfi inkişafına hazırlaşsın.

DST Belarusda epidemiyanın daha təhlükəli mərhələyə keçdiyini demiş və ölkə rəhbərliyinə təcili plan və xəstəxanalar hazırlamağı tövsiyə etmişdi.

Buna cavab olaraq Belarusun Müdafiə Nazirliyi bildirmişdi ki, ölkədə 9 may paradının ləğvi və ya təxirə salınmasının mümkünlüyü " heç söhbət mövzusu" da deyil.

Belarusun səhiyyə naziri Vladimir Karanik Dünya Səhiyyə Təşkilatının ekspertləri ilə görüşdən sonra ölkədə genişmiqyaslı karantin tədbirlərinə ehtiyac olmadığını bildirmişdi. Nazir "məhdudlaşdırıcı tədbirlərin xəstəliyin məhv olmasına gətirib çıxarmayacağını" demişdi.

XS
SM
MD
LG