Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:57

“Dollarla kreditlər köhnə məzənnəylə ödənilə bilər”


dollarla kreditlər köhnə məzənnə ilə ödənə bilər
dollarla kreditlər köhnə məzənnə ilə ödənə bilər

-

“Neftin qiymətini 50 dollardan götürmüşük, ancaq hazırda qiymət 30 dollar ətrafındadır. Təkliflər var ki, 20 dollardan götürək”

Milli Məclis yanvarın 19-da növbədənkənar toplanır. Yaz sessiyasının başlanmasına təxminən 10 gün qalmış parlament nəyi müzakirə etmək niyyətindədir? Bölgədə başlanan etirazları, yoxsa neftin qiyməti düşməsi fonunda dövlət büdcəsini?

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna bu haqda danışıb:

– Nəyin müzakirə olunacağı haqda əlimizdə sənəd yoxdur. Amma mən belə başa düşürəm ki, 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər. Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Bəlkə bununla bağlı qanunda dəyişiklik edildi. Başqa məsələ görmürəm.

– Yəni məbləğindən asılı olmadan bütün əmanətlərin qorunmasından söhbət gedir?

– Bəli. Qanuna əsasən, vətəndaşların banklardakı 30 min manata qədər əmanətləri qorunur. Amma indi yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik. Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini qorumağa zəmanət verməlidir. Yəni hər hansı fors-major vəziyyət yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar.

– Bəs dollarla götürülən kreditlərlə bağlı hökumət hər hansı addım ata bilərmi?

– Bu məsələ faktiki olaraq razılaşdırılıb. Biz bunu həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var. Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə məzənnəylə - 1.05 manatla ödənməsi də gündəlikdədir.

– Vahid bəy, “biz” deyərkən parlamentdə təmsil olunduğunuz Komitəni nəzərdə tutursunuz? Sizin Komitə hökumət və MB ilə danışıqlar aparır?

– “Danışıqlar aparır” deyəndə bir dəfə müzakirə etmişik. Sonra özüm də təklikdə Mərkəzi Bankla, hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də budur.

– Bir də dəqiqləşdirmək istərdim, 10 min dollara qədər olan kreditlərlə bağlı məsələ artıq hökumətlə razılaşdırılıb, eləmi?

– Bəli. Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə məzənnəylə – 1.05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var, görək nə zaman qərar verilir.

– Milli Məclis növbədənkənar iclasda 2016-cı ilin büdcəsinə yenidən baxa bilərmi?

– Qanuna uyğun olaraq, dövlət büdcəsinə may və oktyabrda baxıla bilər. Amma lazım gələrsə, dəyişiklik etmək də problem deyil. Neftin qiymətini 50 dollardan götürmüşük, ancaq hazırda qiymət 30 dollar ətrafındadır. Təkliflər var ki, 20 dollardan götürək. Məsələn, Qazaxıstanda 20 dollardan götürdülər. Maliyyə naziri də bugünlərdə dedi ki, üç variantımız var. Amma bununla bağlı qərar cənab prezidentdən asılıdır.

– Neft 20 dollardan götürülsə, bu, dövlət büdcəsində sosial layihələrə də təsirini göstərəcəkmi?

– Prezidentin göstərişi var ki, sosial layihələrə toxunulmasın. Yalnız bəzi investisiya layihələri dayandırıla bilər. Ancaq bizim üçün iki investisiya layihəsi çox əhəmiyyətlidir, dayandırıla bilməz. Birincisi, TANAP TAP qaz kəməridir. İkincisi də, Bakı-Qars dəmiryoludur. Hər iki layihə Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bundan başqa layihələri dayandırmaq olar, problem yoxdur.

– Son günlər bölgələrdə, o cümlədən sizin millət vəkili seçildiyiniz Qubada etiraz aksiyaları keçirilir…

– Orda elə bir etiraz olmadı. Vağzalda həmişə 500-600 adam olur. İndi bir-iki adam çıxıb nəsə deyibsə... Sabah mənim saat 10-da qəbulum var Qubada. Ciddi problem olmamalıdır.

– Amma kadrlarda görünür ki, narazılar yol bağlayırlar, icra başçısından iş və qiymətlərin aşağı salınmasını tələb edirlər və s.

– Açığı, son vaxtlar bəzi icra başçıları vəzifələrini yaxşı icra etmirlər. Əhalinin arasında olmurlar, görüşmürlər. Cənab prezident də hökumətin son iclasında buna diqqət çəkdi. Düzdür, işləyən icra başçıları da var, amma yerində olmayanlar da var. Dünyada ağır böhran yaşanır, neftin qiyməti düşür. Buna görə insanlarımızı da başa düşmək lazımdır, onlarla təmasda olmaq, çarə axtarmaq, dərdinə şərik çıxmaq lazımdır.

– Milli Məclisdə bölgələrdəki etirazlar da müzakirəyə çıxarıla bilərmi?

– Buna ehtiyac yoxdur. Müəyyən tədbirlər görülür artıq. Prezident unla bağlıƏDV-ni ləğv edib, qiymət ucuzlaşıb. İqtisadiyyat Nazirliyi dərmanların qiyməti ilə ciddi məşğuldur. Banklarla bağlı 3 məslə qoymuşuq. Bunlar həllini tapmalıdır. Ən ciddi məsələlərdən biri idxal-ixracla bağlı şəffaflığın təmin olunmasıdır, iki gün qabaq Gömrük Komitəsi bir sıra əməliyyatları ASAN xidmətə verdiyini bildirdi. Problemlər müəyyən qədər həllini tapmağa başlayır, ona görə ciddi etirazlara da ehtiyac yoxdur.

XS
SM
MD
LG