Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:04

AXCP sədrinin müşaviri şübhəli şəxs qismində saxlanıldı


Məmməd Ibrahim
Məmməd Ibrahim

AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə partiyanın sədr müavini Gözəl Bayramlı məlumat verib. Ona da bu haqda telefon vasitəsilə Məmməd İbrahim özü xəbər verib.

Məmməd İbrahim sentyabrın 30-da axşamüstü Nərimanov rayonu, 18-ci polis bölməsinə çağrılıb. Bir qədər sonra isə onu bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparıblar. Şübhəli şəxs qismində saxlandığı ona orada bildirilib.

Qanuna görə, şəxs 48 saatdan artıq şübhəli şəxs qismində saxlanıla bilməz. Bu müddətdə ya təqsirləndirilən şəxs qismində ona qarşı ittiham irəli sürülməli, ya da sərbəst buraxılmalıdır.

Qeyd edək ki, cinayət işi "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanıb. Mikayıl Quliyev şikayətində göstərib ki, Məmməd İbrahim küçədə ona qəfil hücum edərək vurub.

Həmin ərizə əsasında Məmməd İbrahim sentyabrın 29-da 18-ci polis bölməsinə çağrılaraq, orada təxminən iki saat saxlanılmış, izahatı alınandan sonra buraxılmışdı. Amma bildirilmişdi ki, yenidən çağrılacaq.

Buna da bax: "Xoşqədəmin verilişi pornoqrafiya deyil axı..." - Ekspert

Məmməd İbrahim sərbəst buraxılandan sonra AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, Mikayıl Quliyev özü ona hücum edib:

"Məni sosial şəbəkələrdə hər gün təhqir edirdi. Ona deyəndə ki, məni niyə təhqir edirsən. Dedi yaxşı edirəm və üstümə hücum çəkdi. İndisə şikayət edib ki, onu döymüşəm. Ancaq o məndən qat-qat güclü adamdır. Özü mənə hücum çəkdi. Bizi ayıranda köynəyi cırılmışdı. Mübahisəmizdən heç iki dəqiqə keçmədi ki, polislər gəldi".

Məmməd İbrahim həmçinin "şərlənib həbs ediləcəyini" də istisna etməmişdi. Onun sözlərinə görə, Razi Nurullayev və ətrafındakıları tənqid etdiyinə görə ondan qisas almaq istəyirlər.

Razi Nurullayev isə bu barədə deyilənləri təkzib edir: "Məmməd İbrahim özü şər atır. Bizə qarşı böhtan və söyüşlərin arxasında duranlardan biri də Məmməd İbrahimdir".

Özünü "AXCP Etimad Qurultayı" adlandıran qrup AXCP adına iddia edir. Qrupu AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev yaradıb. AXCP isə onları hökumətin sifarişi ilə hərəkət etməkdə suçlayır.

XS
SM
MD
LG