Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Mərkəzi Bank maliyyə sektorundakı riskləri açıqlayıb


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə dayanıqlılığı" hesabatını açıqlayıb. Hesabatda maliyyə sektorundakı olası risklər və mövcud trendlər gözdən keçirilir.

Azərbaycanda iqtisadiyyatın maliyyələşməsində bank sisteminin əsas maliyyə vasitəçisi rolunu oynadığını unutmaq olmaz. Başqa deyimlə, burada bank təməlli maliyyələşmə modeli var. Açıqlanan göstəricilərdən aydın olur ki, ötən ilin nəticələrinə görə, ölkədə bank sektoru aktivlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti (sektorun maliyyə dərinliyi) 35.2 faizdir. Bu göstərici ölkə iqtisadiyyatında bankların yerini ölçən əsas indikatorlardan biridir. Qonşu Gürcüstanda sözügedən göstərici Azərbaycanla müqayisədə iki dəfə yüksəkdir. Mərkəzi Bankın hesabatında da bildirilir ki, həmin göstəriciyə görə Azərbaycanın nəticəsi bençmark ölkələrindən aşağıdır ("Benchmarking" bir müəssisənin öz rəqabət qabiliyyətini yüksəltmək üçün liderlik qazanmış, ya da öndə gedən şirkətlərə baxaraq onlardan örnək götürməsi anlamında işlənir – red.). Bütün bunlardan bilinir ki, əslində Azərbaycanda banklar ölkə iqtisadiyyatında daha fəal rol ala bilər. Bundan ötrü özəlliklə qeyri-enerji sektorunun inkişafına ehtiyac duyulur. Bu baxımdan, ölkədə neftdənkənar sektorun məhdud inkişafı bankları da potensial inkişafdan saxlayır.

Mərkəzi Bankın öz hesabatında vurğuladığı daha bir məqam ölkənin maliyyə sektorunda təmərküzləşmənin artmasıdır. Rəsmi göstəricilərə görə, 2019-cu illə müqayisədə ən böyük üç bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faizə çatıb. Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi prezidentin ailə üzvlərinə (Paşa Bank və Kapital Bank) məxsusdur. Həmin bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə 48 faizdir. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.

Öhdəliklərin 81.5 faizi depozitlərdir

Bankların özü də istər şirkət, istərsə fiziki şəxsləri kredit resursları ilə təmin etmək üçün pula ehtiyac duyur. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, Azərbaycan bankları bu ehtiyacı, əsasən, depozitlər hesabına qarşılayır. Ötən il boyunca bank sektorunun depozit portfeli 25 faiz (6.8 milyard manat) artaraq 33.8 milyard manata çatıb. Depozit portfelinin həcmi bank sektoru öhdəliklərinin 81.5 faizi qədərdir. Depozit portfelinin 66 faizi hüquqi şəxslərin, 34 faizi fiziki şəxslərin depozitlərindən ibarətdir. Daha bir diqqətçəkən məqam: Sözügedən sektorun depozit portfeli, əsasən (74 faiz), tələbli depozitlər hesabına formalaşıb. Belə depozitləri müştərilər istədikləri vaxt götürə bilir. Bank sisteminin maliyyələşməsində tələbli depozitlərin yüksək payı sektorun iri həcmdə likvidlik buferi saxlamasını şərtləndirir. Bu isə bankların kreditləşməyə ayıra biləcəyi vəsaitin həcminə azaldıcı təsir göstərir. Banklar eyni səbəbdən daha qısamüddətli kreditlərin verilməsində maraqlı olur və beləcə, uzunmüddətli və böyük həcmdə kreditlərdə maraqlı olan sahibkarların işi düyünə düşür.

Digər tərəfdən, bank öhdəliklərində depozit payının çoxluğu ölkədə kredit faizlərini də yüksəldir, axı belə vəsaitlərin cəlbi bankların xərclərini nisbətən daha çox artırır. Bu da kredit kimi verilən vəsaitin maya dəyərini artırır.

Mərkəzi Bankın maliyyə sektorunun ötənilki fəaliyyətində diqqətçəkən daha bir məqam qeyri-rezidentlərdir. Açıqlanan bilgilərə görə, 2021-ci illə müqayisədə bank sektorunun qeyri-rezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1 milyard 500 milyon manat) artaraq 2.5 milyard manata çatıb. Beləcə, qeyri-rezidentlər qarşısında öhdəliklərin toplam öhdəliklərdə payı 3.1 faizdən 6.1 faizə yüksəlib. Digər tərəfdən, əgər 2021-ci ildə qeyri-rezidentlərin depozitləri toplam depozitlərin 1.4 faizi qədərdisə, artıq bu göstərici də 5 faizə yüksəlib.

Bəs digər risklər?

Mərkəzi Bankın "Maliyyə dayanıqlılığı" hesabatında bank sektorundakı müxtəlif istiqamətlərlə bağlı risklərə də yer verilib. Məsələn, hesabatda bildirilir ki, sektorla bağlı əsas makroiqtisadi risk amili mürəkkəb geosiyasi və geoiqtisadi proseslərin yaratdığı bəlirsizlikdir. Üstəlik, yüksək inflyasiya da yenə əsas makroiqtisadi risk amillərindən biridir.

Kredit risklərinə gəlincə, Mərkəzi Bankın fikrincə, aktivlərin keyfiyyətindəki müsbət dinamika və ümidsiz borcların azalması hesabına kredit portfelinin keyfiyyəti artıb. Ancaq hələ də həssas zonalar qalmaqdadır. Bu baxımdan, Mərkəzi Bank özəlliklə kredit portfelinin keyfiyyətinə, ehtiyat ayırmalarına və restrukturizasiya ilə bağlı addımlara diqqət yetirməyi vacib sayır.

Gəlirliliklə bağlı hesabatda qeyd edilən əsas risk amili mənfəətin bank sektoru arasında bərabər paylanmaması, mənfəətin böyük hissəsinə üç bankın sahib olması ilə bağlıdır. Mənfəət həcminə görə ilk üçlükdəki banklar toplam mənfəətin 78 faizinə sahiblənib. İndi Azərbaycanda 25 bank fəaliyyət göstərir. Mərkəzi Bank gəlirliliklə bağlı qeyri-faiz xərclərinin artım tempini də nəzarətdə saxlamağı önəmli bilir.

Bazar risklərinə gəlincə, Mərkəzi Bank düşünür ki, bankların açıq valyuta mövqeyinin (xarici valyuta ilə alacaqlar və borclar arasındakı fərq) və depozitlərin dollarlaşmasının azalması hesabına belə risklər nisbətən azalıb. Amma unutmaq olmaz ki, ölkədə hələ də depozitlərin dollarlaşma göstəricisi qonşu ölkələrə nəzərən çox yüksəkdir. Bu isə özəlliklə iri şirkətlərin milli valyutaya güvəninin tam bərpa olmaması kimi qiymətləndirilə bilər.

Likvidliyə gəlincə, Mərkəzi Bank bildirir ki, sektorun likvidliyi komfortlu zonadadır və tələblərə tam cavab verir. Ancaq likvidliyin sektor üzrə daha bərabər paylanması üzrə təşəbbüslər də davam etməkdədir.

XS
SM
MD
LG