Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:31

Graffiti çəkən rəssamlar metroya niyə girirlər?- [Fotolar, Video]


New York metrosu, 1973
New York metrosu, 1973

►Xuliqanlıq, yoxsa art?

Bakı metrosuna xəlvətcə girmək istəyən və əlində boya tutulan belarus Sergey İliyevskinin məsələsi hələ də qaranlıq qalır.

Onun əsl məqsədi nə olub? Bunu hüquq-mühafizə orqanları araşdırır.

Amma bir sosial fenomen olaraq metro qraffitisi özü də mübahisəlidir. Kimi onu xuliqanlıq hesab edir, kimi sənət növü. Kimi də bunu cəmiyyətə mühüm mesajlar ötürmək vasitəsi sayır.

Qraffitinin ən çox çəkildiyi yer vaxtilə Nyu York metrosu olub.

1970-ci və 80-ci illərdə Nyu Yorkda çəkilmiş filmlərin az qala hamısında Nyu York metrosunun qraffiti ilə boyanmış görüntüləri var.

Çox zaman heroqliflərə oxşayan qraffiti yazılarını heç nyuyorkluların əksəriyyəti belə oxuyub anlaya bilmirdi. Bu görüntülər çox adamda hansısa aqressiv yeniyetmə qruplaşmaları ilə assosiasiya olunurdu.

Bəzilər üçün xəlvətcə qraffiti çəkmək sadəcə, macəraçılıq, "adrenalin qaldırmaq üsulu" idi.

Bəziləri isə deyirdilər ki, ictimai məkanlar irili-xırdalı şirkətlərin reklamları ilə doldurulub. Bu, reklam yerləri çox baha qiymətə satılır. Rəssamların isə belə pulları yoxdu və ictimai məkanlardan istifadə edib öz əl işlərini təbliğ edə bilmirlər. Ona görə də qraffitini bir etiraz və təbliğat forması kimi görürdülər.

Şəhər rəsmiləri isə qatarların üzərində çəkilmiş qraffitiləri metroya nəzarətin itirilməsinin təzahürü hesab edirdilər. 70-ci illərdən başlayaraq şəhərin bütün merləri qraffitiyə son qoyulmasının tərəfdarı idilər.

Əvvəlcə Nyu York meri John Lindsey ilk antiqraffiti dəstəsi yaradaraq ilk dəfə qraffitini zibilləmə və avaraçılıq kimi hərəkətlərdən ayıraraq cinayət kimi təsnif etməyə başlayıb.

New York metrosu, 1984
New York metrosu, 1984

Ancaq rəsmilər bundan sonra hələ 20 il də qraffiti ilə mübarizə aparsalar da, qraffiti yoxa çıxmadı. Nyu York Metrosunun bəzən gülüş doğuran cəhdləri nəticə vermədi. Bir dəfə şəhərin nəqliyyat administrasiyası 7000 metro vaqonunu ucdantutma ağ rəngə boyamağa qərar vermiş, bunun adını "Böyük Ağ Donanma" qoymuş, bununla da qraffiti həvəskarlarına hazır ağappaq lövhə təqdim etmişdilər. Təbii ki, onlar da çox tezliklə bu imkandan yararlanaraq yenidən qatarları qraffiti ilə bəzəmişdilər.

Metro rəhbərliyinin vaqonları rəngləmək üçün istifadə etdiyi və qraffitiyə qarşı davamlı olduğuna inandığı ağ boya əslində o qədər də davamlı deyilmiş.

"Berlin divarı"

Sonra şəhər meri Ed Kochun "Berlin divarı" üsulu tətbiq olundu. Koch platformaların hər iki tərəfində divar tikdirdi, üzərinə tikanlı məftil qoydurdu, üstəlik bununla kifayətlənməyib ovçarkaları da bu işə cəlb etdi. Bu tədbirlər bir müddət nəticə verdi, ancaq tezliklə qraffiti çəkənlər itlərin diqqətini yeməklə yayındırmağın və məftilləri kəsməyin yolunu tapdılar.

1984-cü ildə David Gunn Nyu York şəhərinin nəqliyyat İdarəsinin prezidenti oldu.

David Gunn bundan əvvəl artıq Boston, Filadelfia, Vaşinqton, Toronto kimi şəhərlərin metrolarını təmizləmişdi. O həm də bir müddət ABŞ-ın əsas dəmiryol şirkəti olan Amtrakı idarə etmişdi. Amma hətta Gunn kimi təcrübəli adam belə Nyu York metrosunun öhdəsindən gəlməyə çətinlik çəkdi. O, bu işi "intihar missiyası" adlandırdı.

Onillilklərlə rəsmilər metro qraffitisini təmizlik məsələsi kimi nəzərdən keçirirdilər. Gunn isə bunun daha böyük, sistematik bir problemin bir hissəsi olduğuna inanırdı. Çünki hər iki həftədən bir qatarlar relsdən çıxırdı. 1981-ci ildə 1800 qatar vaqonunda yanğın baş vermişdi ki, bu da az qala ilin hər günü beş yanğın deməkdi!

Madrid metrosunda qraffiti

Ona görə də Gunn-ın "Təmiz qatarlar" proqramı qatarların təkcə estetik təmizliyini yox, həm də onların yaxşı işləməsini nəzərdə tuturdu. Gunn inanırdı ki, təmiz qatarlar yenilənmiş nəqliyyat sisteminin rəmzi olacaq..

Gunn metro xətlərini bircə-bircə qraffiti çəkənlərin "xəritəsindən" sildi. Metro idarəsi həm qatarları təmir edir, həm də onların üzərində qraffiti çəkməyə icazə vermirdi. Vaqonlardan birinin üzərində qraffiti çəkilsəydi, metro idarəsi həmin vaqonu sistemdən çıxarırdı. Hətta pik vaxtı olsa belə.

"Qələbə günü"

1989-cu il mayın 12-si rəsmən şəhərin qatar qraffitisi üzərində qələbəsi günü elan edildi.

Ancaq əlbəttə ki, qraffitiyə heç zaman son qoyulmadı.

Çoxu xarici olan qraffiti ustaları hətta çəkdikləri qraffitinin silinəcəyini bildikləri halda belə metro vaqonlarını rəngləyirlər.

İnsanlar Nyu York metrosundakı qraffitiləri təkcə sosial şəbəkələrdə görə bilirlər. Çünki metro idarəsi rənglənmiş qatarlar xəttə buraxılana qədər onları təmizləyir.

Həm bu amil, həm də qatarları qraffiti ilə rəngləməyə görə tətbiq edilən həbs cəzası Nyu York şəhərində metro qraffitisinin kökünün kəsilməsi ilə nəticələnə bilər.

Bu yaxınlarda CETE adlı qraffiti ustası Nyu York Polis Departamentinin antiqraffiti bölməsi tərəfindən həbs olunub. CETE 19000 dollar təzminat ödəməli olub. İndi o, sınaq müddətini keçməkdədir.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG