Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:28

E.Milli: «Bu cinayət işi absurddur»


Emin Milli
Emin Milli

-

«Ötən ilin sentyabrından etibarən Meydan TV ilə əməkdaşlıq edən müstəqil jurnalistlərə qarşı təzyiq və təqiblər davam etdirilir».

Meydan TV-nin rəhbəri Emin Milli bunu 15-dək jurnalistə qarşı qaldırılan cinayət işinə etiraz olaraq yaydığı bəyanatda bildirib.

O deyib ki, indiyə kimi istintaq orqanlarına çağırılan, sərhəd-keçid məntəqələrində saxlanılan jurnalistlərə Meydan TV ilə bağlı suallar verilsə də, konkret onlara hansı cinayət işi üzrə dindirildikləri barədə məlumat verilməyib:

«Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

E.Milli bildirib ki, Meydan TV direktoru olaraq qanunsuz fəaliyyətlə məşğul deyil. Bütün maliyyə hesabatları vaxtaşırı Meydan TV-nin fəaliyyət göstərdiyi ölkənin qurumlarına təqdim olunur.

Bəyanatda həmçinin qeyd edilir ki, Meydan TV-nin vəzifəli şəxsləri Azərbaycanda biznes fəaliyyəti ilə məşğul deyillər. Jurnalistlərlə isə ictimai əsaslarla əməkdaşlıq edilir.

E.Milli ittihamları absurd sayır. Onun fikrincə, məqsəd Meydan TV ilə əməkdaşlıq edən jurnalistləri qorxutmaqdır:

«Bir daha bəyan edirik ki, Azərbaycan hökuməti bu cür absurd cinayət işi ilə söz azadlığına, jurnalist fəaliyyətinə əngəl törədir. Demokratiya mühitini boğur. Meydan TV rəhbərliyi irəli sürülən ittihamları rədd edir və bundan sonra da fəaliyyətini dayandırmayacağını bəyan edir».

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

E.Milli özü isə 2009-cu ildə xuliqanlıq ittihamı ilə həbs edilib. O, 2010-cu ildə vaxtından əvvəl azadlığa buraxılıb.

XS
SM
MD
LG