Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Moderna Omikrona qarşı busterin sınağına başlayır


Arxiv fotosu
Arxiv fotosu

Araşdırmaya görə, Omikrona qarşı anticismlər buster dozadan altı ay sonra azalır, amma aşkarlanacaq səviyyədə qalır

ABŞ-ın Moderna biotexnologiya şirkəti koronavirusun Omikron ştammına yönəlik buster dozanın klinik sınaqlarına başlayıb.

Şirkət açıqlamanı yanvarın 26-da verib. Bir gün öncə isə Pfizer və BioNTech şirkətləri Omikrona qarşı vaksinin sınağına başladıqlarını elan ediblər.

Üçüncü və dördüncü doza kimi...

Moderna bildirib ki, ikinci faza sınaq mərhələsində Omikrona qarşı buster doza azı altı ay öncə orijinal vaksinin hər iki dozasını almış şəxslərə vurulacaq. Artıq buster doza almış başqa bir qrupa isə Omikrona qarşı dördüncü doza vurulacaq.

Beləliklə, Omikrona yönəlik buster həm üçüncü, həm də dördüncü doza kimi dəyərləndiriləcək.

Orijinal vaksinlər xəstəliyin həm ağırlaşmasından, həm də ölümdən qoruyur. Amma onlar yüksək yoluxucu Omikron ştammına yaxşı təsir göstərmirlər. Araşdırmalar busterlərin qorumanı gücləndirdiyini ortaya qoyur.

Buster dozadan 6 ay sonra...

Moderna “The New England Journal of Medicine” dərgisində çıxmış kiçik bir araşdırmanın nəticələrini də elan edib. Araşdırmaya görə, Omikrona qarşı anticismlər buster dozadan altı ay sonra azalır, amma aşkarlanacaq səviyyədə qalır. Altı aylıq müddətdə qoruma möhkəm səviyyədə qalır.

“Hazırda təsdiqlənmiş busterdən sonra Omikrona qarşı anticisim müqavimətinin qalmasından arxayın olduq”, – Moderna-nın rəhbəri Stefan Bansel deyib.

“Ancaq Omikronun immun sistemindən yayınmasının yaratdığı uzunmüddətli təhdidi nəzərə alaraq, sırf Omikrona yönəlik buster namizədimizi hazırladıq və 2-ci faza araşdırmanın bu mərhələsinə başlamaqdan məmnunuq”, – Bansel vurğulayıb.

Hazırda Mərkəzi və Şərqi Avropada bir çox ölkələrdə Omikron ştammı koronavirusa rekord sayda yoluxmalara səbəb olur. Birləşmiş Ştatlar daxil digər yerlərdə isə yoluxmalar pik səviyyədən düşür. Amma rəqəmlər pandemiyanın daha öncəki dalğaları ilə müqayisədə nisbətən yüksək səviyyədə qalmaqdadır.

XS
SM
MD
LG