Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:24

Federica Mogherini Azərbaycanla saziş barədə ‘inşaallah’ deyib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini (sağda)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini (sağda)

Aprelin 4-də Avropa İttifaqının xarici işlər komissarı ümid etdiyini bildirib ki, “inşaallah çox tezliklə” Avropa İttifaqı və Azərbaycan arasında yeni ticari və siyasi razılaşmanın hazırlığı başa çatdırılacaq.

Avropa İttifaqının media platforması olan Euractiv saytı yazır ki, hazırda Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər 1999-cu ildən bəri qüvvədə olan Partnyorluq və Əməkdaşlıq Sazişinə əsaslanır.

Euractiv yazır ki, 2017-ci ildən yeni saziş çərçivəsi barədə danışıqlara başlanıb. Danışıqların yekunlaşmasına az qalıb, lakin həllini tapmayan bəzi məsələlər qalır.

16-cı Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra mətbuat üçün danışan xanım Mogherini deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədirlər”.

Euractiv xatırladır ki, Avropa İttifaqı ilə assosiasiya, habelə “dərin və hərtərəfli azad ticarət” sazişləri imzalamış Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan Brüssellə ticarətə dair bir sıra məqamlarda mövqeyini yaxınlaşdıra bilməyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məqamları “texniki məsələlər” adlandırıb, lakin qeyd edib ki, Bakı danışıqlarda tam açıqlıq nümayiş etdirir.

Euractiv saytı Mogherini və Məmmədyarovdan daha spesifik danışmağı xahiş etsə də, Avropa komissarı deyib ki, “danışıqların qızıl qaydası təfərrüatlar barədə açıq şərhlər verməməkdir”.

Mogherini Euractiv müxbirlərinin bu barədə sualına cavab olaraq deyib: “O yerdə ki, güclü siyasi iradə var, qalan məsələlər reallaşa bilər, odur ki, inşaallah biz bu məqsədə çata bilərik”.

Elmar Məmmədyarov isə deyib ki, bəzi fəsillər barədə hələlik razılıq əldə olunmamasa da, ən mühüm olanı siyasi iradədir.

Mətbuat üçün çıxışında xanım Mogherini habelə son zamanlar Azərbaycan və Ermənistan arasında təmasların artması məsələsinə toxunub və bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli təkcə iki ölkə üçün yox, bütün region üçün faydalı ola bilər.

Federica Mogherini deyib ki, o, Elmar Məmmədyarovla həm də Azərbaycanda demokratiyanın, qanunun alililiyinin və insan haqlarının vəziyyətini müzakirə edib.

Avropa komissarı deyib ki, “biz Azərbaycanda vətəndaş cəmiyyətinin və insan haqları müdafiəçilərinin hərəkət məkanının hələ də məhdud olaraq qaldığını müşahidə edirik, lakin prezident İlham Əliyevin “siyasi məhbusları” əfv etməsini alqışlayırıq”.

XS
SM
MD
LG