Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:32

Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyonluq rüşvət ittihamı


Milyoner şair Gülağa (Qəmbərov) Tənha
Milyoner şair Gülağa (Qəmbərov) Tənha

"Real" Mənzil-Tikinti Kooperativinin layihələrinin təsdiqlənməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə 3,7 milyon dollar verilib. Bu, kooperativin rəhbəri olmuş İlham Qasımovun cinayət işində öz əksini tapıb.

“DEDİLƏR Kİ, BUNU YAZMASAN...”

İlham Qasımovun adı MTN generallarının cinayət işində zərərçəkmiş kimi keçir, bu statusla Akif Çovdarovun məhkəməsinə də çağrılıb. Amma özü də dələduzluq, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanaraq, həbs olunub. O, inşa etdirdiyi binalarda eyni mənzilin bir neçə nəfərə satılması ilə yanaşı, həm də tikinti biznesində şərik olduğu, Rusiyada yaşayan azərbaycanlı milyonçu, "Gülağa Tənha" təxəllüsüylə tanınan şair Gülağa Qəmbərovun 19 milyon 500 min dollarını mənimsəməkdə ittiham olunur.

BŞİH-yə milyonlarla rüşvət verilməsi ittihamı İlham Qasımovun bacısı oğlu Sahib Cahangirlinin istintaqdakı ifadəsində yer alıb. O, oktyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində dayısının işi üzrə şahid kimi dindirilərkən istintaqa dediyini məhkəmədə də təkrarlayıb. Dayısı da onun dediyini təsdiqləyib.

Buna da bax:​ Rusiyalı milyonçu şairi Azərbaycanda kimlər aldadıb?

Dindirmə zamanı məlum olub ki, Sahib Cahangirli "Real" MTK-nın direktoru olub. İstintaqda 3 dəfə ifadə verdiyini deyən şahid sonuncu ifadəsini təsdiqləmir. Deyir ki, həmin ifadəyə yazılanları oxumadan, təzyiq altında imza atıb: "Dedilər ki, "bunları yazmasan, 12 il gedəcəksən". Mən də imzaladım".

Sahib Cahangirli Gülağa Tənhanın onun yanında dayısına pul verdiyini təsdiqləyib. Məlum olub ki, o puldan 4 milyona yaxını BŞİH-yə verilib.

“PULU VERİB EV ALMIŞAM

Sahib Cahangirlinin məhkəmədə dedikləri ilə istintaqdakı ifadələri arasında ziddiyyət olduğuna görə iş materiallarındakı həmin ifadələr elan olunub. Onun istintaqa ifadələri dayısının əleyhinədir. Məsələn, orada deyilir ki, yeni bina tikintisi üçün ərazilərdə sakinlərin köçürülməsinə xərclənən vəsait şişirdilib, qat-qat artıq göstərilib. Bu məsələnin üstü açılandan sonra İlham Qasımovla Gülağa Qəmbərov arasında problemlər yaradıb.

Buna da bax: 'MTN generalı'nın işi: Zərərçəkmişlərin biri müğənnidir...

Məhkəmədə zərərçəkmiş qismində dindirilən Kamal Məmmədov kimsədən şikayətçi olmadığını deyib: "Pulu İlham Qasımovun oğluna verib ev almışam. Məni əvvəl ora-bura göndərdilər, indi tələbim yoxdu. Mən 4 il idi o evdə yaşayırdım, bir nəfər gəldi ki, bu evi mən almışam. Amma məsələ həll olundu. Mən yenə orada yaşayıram. Heç bilmirəm ki, məni məhkəməyə niyə çağırıblar".

İlham Qasımov bütün bunlara görə naməlum generalı günahlandırıb: "Tutaq ki, pulu lap mən almışam. Hə olsun?! Evində yaşayırsan da. Bunların hamısını "OBXSS general"ın tapşırığı ilə ediblər".

Bu iş üzrə məhkəmə prosesi oktyabrın 28-də davam edəcək.

XS
SM
MD
LG