Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:57

"MTN-də elə vurdular ki, implant dişlərim sındı"


Ullüstrativ foto
Ullüstrativ foto

Plastik məmulat və izolyasiya materiallarının istehsalı, eləcə də elektrik
avadanlığı alış-verişiylə məşğul olan "Arazplast" MMC-nin rəhbəri Elman
Muradov
ləğv olunmuş MTN-də təzyiqlərə məruz qaldığını deyir
"Məni elə vurdular ki, bir müddət əvvəl düzəltdirdiyim implant dişlərim sındı", -
Elman Muradovun sözləridir.

O, MTN generalları ilə bağlı cinayət işində zərərçəkən kimi tanındığından, yanvarın 19-da başlanacaq məhkəmədə dindiriləcək.

*** Buna da bax:Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

“Erməni ilə işbirliyi”
Elman Muradov prokurorluqda da ifadə verib. Söylədiklərindən məlum olur ki,
onu ermənilərlə işbirliyində suçlayaraq, şantaj ediblər. Erməni məsələsinin necə ortaya çıxmasını da belə açıqlayır:

"Türkiyədə bizim "Elbor" zavodunda "polietilen fitinq" malları buraxılır. Alıcılarla daimi əlaqədən ötrü Türkiyə nömrəsini də həmişə açıq saxlayıram.
2015-ci ilin əvvəllərində - Azərbaycanda olarkən, Türkiyə nömrəmə tanımadığım nömrədən zəng gəldi. Rus dilində danışan adam "polietilen fitinq" malları almaq istədiyini dedi. O adam özünü tanıtmadığına və Türkiyə nömrəsindən zəng vurduğuna görə onun makedoniyalı olduğunu sandım. Amma söhbət zamanı erməni olduğunu anladım və ona mal satmaqdan imtina etdim. Bundan sonra bir neçə dəfə zəng eləsə də, hər dəfə rədd cavabı verdim".

İşadamının dediyinə görə, bu zənglərdən az müddət sonra - 2015-ci ilin mayında MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Natiq Alıyev ona zəng edərək, nazirliyin yaxınlığındakı "Sultan" kafesinə çağırıb. Orada MTN əməkdaşı onu erməni ilə kommersiya fəaliyyətində suçlayıb və həbslə hədələyib. Ona başa salıb ki, bu cür söhbətlər 5-10 minlə düzələsi iş deyil.

Natiq Alıyev onu kafedən MTN-in binasına gətirib. Orada təxminən iki saat
saxlanılıb. Ardından daha bir neçə MTN əməkdaşını da qoşub, "Arazplast"
MMC-nin tərkibində olan, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 46-da
yerləşən "Kaspian elektrik" mağazasına gəliblər. Mağazanın bütün sənədləri,
kompüterlər və videogörüntü kamerasının bloku götürülüb.

*** Buna da bax: MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

"Öncə 1 milyon istəyib, axırda 250 minə düşdü"
"Mağazadan götürülən kompüter və sənədləri Natiq Alıyevin "Audi Q7" markalı avtomobilinə qoyub, şirkətin Zığ şossesində yerləşən ofisinə gəldilər. Axşam saat 7 radələri idi deyə, işçilərdən heç kim yox idi. Orada böyük qardaşım Sərdar Muradovun yanında məni təhqir edir, odlu silahla hədə-qorxu gəlirdilər. Ofisdə axtarış zamanı seyfdən 80 min manat pulu, kompüterləri, sənədləri və videokameranın blokunu götürdülər. Oradan məni yenə MTN-in binasına qaytardılar. Natiq Alıyev və idarənin digər əməkdaşı Zaur Məmmədov gecə saat 11-dək məndən izahat aldı. Zaur Məmmədov tələb elədiyi izahatı yazdırmaqdan ötrü mənə bir neçə sillə vurdu. Orada döyülərkən, bir neçə gün əvvəl qoydurduğum implant dişlərim sındı", - Elman Muradov başına gələnləri belə danışır.

Onun sözlərinə görə, şirkətin baş mühasibi Şahin Həsənovu da MTN-ə gətirərək, bir gecə saxlayandan sonra buraxıblar.

Elman Muradovun özünə isə erməni ilə telefon danışıqları olan protokolu
göstəriblər. Deyir, telefon danışıqlarını dinlədiklərini o zaman anlayıb.

*** Buna da bax:​ MTN generallarının işi icraata verilib

“Mən oradan çıxmaq üçün hər şeyə razı idim”
Elman Muradov bildirir ki, iki gün MTN-də saxlanılandan sonra - bazar günü
şöbə rəisi Füzuli Əliyev gələrək, ondan sərbəst buraxılması və biznesinə
maneçilik törədilməməsi üçün 1 milyon manat istəyib. Razılaşmayanda - 500
minə, ardınca 250 minə düşüb. Bazar ertəsi onu buraxıblar. Buraxanda da Natiq Alıyev təmir-tikintisi davam edən 2 min kvadratmetrlik evinin bütün isitmə və soyutma, eləcə də elektrik işlərini görməyi onun boynuna qoyub: "Mən oradan çıxmaq üçün hər şeyə razı idim. Şirkətin ofisindəki seyfdən götürülən 80 min manat da onlarda qaldı".

Elman Muradov MTN-dən çıxınca, Türkiyəyə getmək qərarına gəlib. Amma
aeroportda məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub. Onu hava limanında çağırıb Natiq Alıyevə təhvil veriblər. Natiq Alıyev onu hava limanından aparsa da, yolda sərbəst buraxıb. Təxminən bir həftədən sonra ölkədən çıxışına qadağa götürülüb və o, Türkiyəyə gedib.

*** Buna da bax:​ 'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

Keçmiş MTN əməkdaşları suçlamaları rədd edirlər
"Arazplast" MMC-nin baş mühasibi Şahin Həsənov da MTN-ə gətirilib, bir
sutkaya yaxın orada saxlanıldığından, zərərçəkən kimi tanınıb. O da Elman
Muradovun dediklərinə bənzər ifadə verib.

Adları çəkilən MTN əməkdaşları suçlamaları qəbul etmir və deyirlər ki, Elman
Muradovu əməliyyat məlumatlarını araşdırmaq məqsədilə nazirliyə gətiriblər.
Ona nə təzyiq göstəriblər, nə də onun pulunu alıblar.

Keçmiş MTN-çilərdən ibarət on nəfərlik daha bir qrupun, o cümlədən Sübahir
Qurbanov, Natiq Alıyev, Füzuli Əliye
vin işi artıq baxılması üçün Bakı Hərbi
Məhkəməsinə göndərilib. Yanvarın 19-da onların işi üzrə məhkəmə başlanır.

XS
SM
MD
LG