Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

Mehman Hüseynovun vəkili: 'Müstəntiq yazıb ki, qan ləkələri...'


Mehman Hüseynovun qan ləkələri düşdüyü bildirilən köynəyi. 11yan2017.
Mehman Hüseynovun qan ləkələri düşdüyü bildirilən köynəyi. 11yan2017.

Bakı Apellyasiya Məhkəməsində hakim Mehman Hüseynovun anket məlumatlarını sadalayıb, ondan doğru olub-olmadığını soruşanda bloqqer "bilmirəm" cavabını verib.

Bu cavabı da izah edərkən deyib ki, Daxili İşlər Nazirliyi 2014-cü ildən ona şəxsiyyət vəsiqəsi vermir. Ona görə də indiyədək şəxsiyyətini təsdiq edən sənədi yoxdur: "Mən özüm də bilmirəm ki, həqiqətən Mehman Hüseynovam, ya yox. Ona görə də xahiş edirəm, məhkəmə mənə şəxsiyyət vəsiqəsi verilməsini təmin etsin. Yoxsa, bu məlumatlara özüm də şübhə ilə yanaşıram”.

Buna da bax:​ Vəkil: 'Mehman Hüseynov əməliyyat olunmalıdır'

“MEHMAN QƏRƏZLİ OLSAYDI...”

Mehman Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, onun polisə qarşı qərəzli olması, böhtan atması haqda hökmdə yazılanlar absurddur. Müdafiəçinin sözlərinə görə, əksinə, polisin Mehmana qarşı qərəzli olmasına yetərincə faktlar var – onun ölkədən çıxışına qadağa qoyulub, şəxsiyyət vəsiqəsi verilmir, dəfələrlə polis idarəsinə çağrılıb. Vəkil deyir ki, əgər Mehman qərəzli olsaydı, böhtan atmaq fikrinə düşsəydi, elə əvvəlki çağırışlardan sonra da bunu edə bilərdi:

"Mehmanın 10 yanvarda məhkəmənin önündə elə bir açıqlama ilə çıxış etməsinin səbəbi budur ki, o, yanvarın 9-da saxlandığı andan şəxsi ləyaqəti alçaldan münasibətə və işgəncəyə məruz qalıb. Ona qarşı oxşar ssenari 2016-cı ilin dekabrında da planlaşdırılmışdı. Tanımadığı bir nəfər ona qarşı qəsdən əl-qol hərəkəti edərək, təxribata çəkməyə çalışsa da, Mehman qaçıb oradan uzaqlaşmaqla, təxribatın qarşısını ala bilmişdi. Mehman Hüseynovun şəxsi "Facebook" səhifəsini 100 min nəfər izləyir. Onun idarəçisi olduğu “Sancaq Production” səhifəsinin 326 min izləyicisi var. Bu, kifayət qədər ciddi göstəricidir. Məhkəmə bu cür tanınmış şəxsə belə münasibət göstərirsə, görün, fəqir-füqəra ilə necə davranırlar?”

Buna da bax:​ Bloqqerin işgəncə iddiasına baxış ertələnib

“MÜSTƏNTİQİN BELƏ SƏLAHİYYƏTİ YOXDUR”

Yanvarın 9-da Mehman Hüseynovun saxlanması, daha sonra Nəsimi Rayon Polis İdarəsində ona qarşı münasibətdən danışan Fuad Ağayev apellyasiya şikayətində məhkəmə istintaqı aparılmaqla baxılması; idarədəki kameraların yaddaşına baxış keçirilməsi haqda vəsatətlər qaldırıb.

Vəkillər Fuad Ağayev və Şəhla Hümbətova
Vəkillər Fuad Ağayev və Şəhla Hümbətova

Fuad Ağayev həmçinin Bakı Şəhər Prokurorluğunun Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətinə obyektiv baxmadığını, lazımi araşdırma aparılmadığını söyləyib:

"Hətta Mehman Hüseynovun paltarında olan qan ləkələri ilə bağlı ekspertiza da təyin edilməyib. Sadəcə, müstəntiq yazıb ki, "bu ləkələrin sürtünmə nəticəsində yaranması xarakterikdir". Müstəntiqin bel bir rəy vermək səlahiyyəti yoxdur".

Buna da bax:​ Mehman Hüseynov: 'Təmin olunmasa da, heç vecimə deyil...'

“ONA NECƏ BÖHTAN ATA BİLƏR?”

Vəkil deyir ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırmaq hüququ yoxdur. Buna baxmayaraq, məhkəmə onun iddiasını qəbul edib, hətta onun əsasında Mehmana iki il həbs cəzası da verib:

"Böhtan bir şəxsin başqa biri haqda yalan məlumat verməsidir. Burada söhbət hüquqi şəxsdən, hansısa qurumdan, polis idarəsindən getmir. Mehman isə məlum müsahibəsində nəinki Musa Musayevin adını çəkib, onu, ümumiyyətlə tanımayıb. Belə olan halda, ona necə böhtan ata bilər?"

Fuad Ağayev vəsatətlərinin təmin olunmasını, obyektiv araşdırma aparılmasını və sonda da Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Buna da bax:​ Avropanın bir neçə şəhərində 'Mehman Hüseynova azadlıq' şüarları səslənib

Bloqqerin digər vəkilləri Elçin SadıqovŞəhla Hümbətova da həmkarlarının dediklərini dəstəkləyiblər.

Mehman Hüseynov
Mehman Hüseynov

Amma Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Belə olan halda, vəkillər bu məhkəmə tərkibinin qərəzli olduğunu əsas gətirib, apellyasiya şikayətinə onların baxmasına etiraz veriblər.

Üç saatdan artıq davam edən məhkəmə iş gününün başa çatması səbəbindən aprelin 11-nə qədər təxirə salınıb.

Buna da bax: 'Bu saytlar hökumətin kibermüharibəsinin qurbanıdırlar'

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Buna da bax:​ Ombudsman Aparatı: 'Mehman Hüseynov razılıq edir'

Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

XS
SM
MD
LG