Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:41

Səsvermədə iştirak etməyən məhkum niyə 'kars'a salınıb


13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkum Bəhruz Əliyevin valideynləri iddia edirlər ki, onu fevralın 9-da keçirilmiş parlament seçkilərinə görə cəzalandırırlar. Valideynlərinin dediyinə görə, Bəhruz Əliyev səsvermədə iştirak etmək istəməyib. Buna görə onu cərimə kamerasına ("kars") salıblar.

Atası İmamverdi Əliyev AzadlıqRadiosuna danışır ki, seçki günündən az sonra oğlunun yanına gedəndə onun cəzalandırıldığını öyrənib.

Həm İmamverdi Əliyev, həm də Yeganə Əliyeva israr ediblər ki, onlara oğulları ilə görüş verilsin. İstədiklərinə də nail olublar:

"Görüşdə oğlum mənə dedi ki, onu seçkiyə görə cəzalandırıblar. Amma rəis dedi ki, guya sıraya düzülmədiyinə görədir. Biz bununla əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ombudsman Aparatına şikayət etdik, Bəhruzun haqsız cəzalandırıldığını, işgəncəyə məruz qaldığını xəbər verdik".

“Gedin, bundan sonra da hara şikayət eləyirsiniz, eləyin”

Atasının sözlərinə görə, cəza fevralın 27-də başa çatıb. Onlar martın 3-də Bəhruzla görüşmək üçün yenə 13 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Amma ata-ananı görüşə buraxmayıblar:

"Dedilər ki, Bəhruz yenə "kars"dadı. Heç sovqatı da götürmədilər. Mənim 68 yaşım var, anasının 63. İki yaşlı adam Neftçaladan üç zənbili daşıyıb gətirmişik, insafları olmadı ki, heç olmasa, onları alsınlar. Rəis və müavini açıq şəkildə dedi ki, Qırmızı Xaça, Ombudsmana şikayətlərimizə görə belə eləyirlər - Bəhruzun yenidən cəzalanması da, bizi görüşməyə qoymamaları, sovqatı götürməmələri də buna görədir. Ardınca da əlavə elədilər ki, "gedin, bundan sonra da hara şikayət eləyirsiniz, eləyin".

İmamverdi Əliyev bildirir ki, cəzaçəkmə müəssisəsindən Prezident Administrasiyasına gəlib, orada tövsiyə olunub ki, şikayətini məktub qutusuna atsın. Deyildiyi kimi eləyib. Ardınca Ombudsmana da teleqram göndərib.

“Səsvermədə iştirak könülllüdür”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, Bəhruz Əliyevin seçkidə iştirakdan imtinaya görə cəzalandırılması absurddur:

"Səsvermədə iştirak könülllüdür, kim istəyir, iştirak eləyir, kim istəmir, eləmir. Buna görə kiminsə cəzalandırılması haqda deyilənlər absurddur".

Mehman Sadıqov onu da deyir ki, Bəhruz Əliyev dəfələrlə daxili intizam qaydalarını pozub. Hətta bu haqda əvvəllər valideynlərinə də müəssisə rəhbərliyi məlumat verib:

"Nəticə çıxarmayıb. Növbəti intizam pozuntusunda cəzalandırılaraq, cərimə kamerasına salınıb. Burada qərəzdən söhbət gedə bilməz".

"Neytral İnformasiya Agentliyi"nin (nia.az) təsisçisi olan Bəhruz Əliyev 2018-ci ilin mayında həbs olunub. O, CM-in 311-ci (rüşvət alma) maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunur ki, Bəhruz Əliyev müxtəlif adamları onları rüsvay edən məlumatlar yaymaqla hədələyib, pul alıb.

Amma atası bu ittihamı rədd edir. İddia edir ki, oğlu yüksək vəzifəli şəxslər, o cümlədən SOCAR Prezidenti Rövnəq Abdullayev, Əli Həsənov haqqında yazılara görə cəzalandırılıb:

"Hətta biz məhkəməyə Əli Həsənovun (prezidentin keçmiş köməkçisi-red.) köməkçisi Cəmaləddin Quliyevin Bəhruzla danışığının səs yazısını da təqdim etmişik. Oradan hər şey aydın olur".

Bəhruz Əliyevin işi hazırda Ali Məhkəmədədir.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Müxalifətdən bəzi qüvvələr isə bu seçkiləri boykot etmişdilər. Onlar hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.

Rəsmilər bu fikirləri rədd edirlər.

XS
SM
MD
LG