Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:58

Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?' [yenilənib]


Taleh Bağırov
Taleh Bağırov

"Ramil Usubov məsuliyyəti İlham Əliyevin üzərinə atır"

"Ənvər Seyidov reanimasiyadadır, Allah onu cəzalandırıb. Bunu ona görə deyirəm ki, biləsiniz, sizləri də bu aqibət gözləyir". Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasova belə deyib. Dekabrın 14-dəki iclasda bu ilahiyyatçının, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və Nardaran işi üzrə həbs olunan daha 16 nəfərin məhkəməsi davam edib.

Taleh Bağırovun adını hallandırdığı Ənvər Seyidov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, Heydər Əliyevin heykəlinə siyasi şüar yazmış gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası kəsib.

Buna da bax:​ 'Nardaran işi'ndə yenilik: Dustaqlar vəkilsiz qaldılar

Taleh Bağırov “sizləri də bu aqibət gözləyir” sözlərini özünü jurnalist qələmə verib məhkəmə zalına daxil olan polis əməkdaşına ünvanlayıb.

İlahiyyatçı yenə məhkəmədən uzaqlaşdırıldı

Təqsirləndirilən şəxslərdən Abbas HüseynovCabbar Cabbarov həmin şəxsin zaldan çıxarılmasını tələb ediblər. O, jurnalist olduğunu iddia edərək, çıxmaq istəməyib. Təqsirləndirilənlər onun polis olduğunu bildiriblər. Nəticədə, tərəflər arasında mübahisə törənib. Sözügedən şəxs hakimlərin istifadə etdiyi qapıdan çıxarılıb.

Mübahisə daha sonra Taleh Bağırovla hakim arasında davam edib. İlahiyyatçının hakim həmkarı barədə söylədiklərinə Əlövsət Abbasov belə reaksiya verib:

- Hakimlə işin olmasın, otur aşağı.

- Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?

Buna da bax: 'Nardaran işi': 'Bura məhkəmədi, yoxsa agentura yuvası?'

Bundan sonra hakim Taleh Bağırovun məhkəmə zalından uzaqlaşdırılmasına qərar verib.

"Bu adamları hamıya, qohumlarına tanıtdırmaq lazımdır. Çatdırmaq lazımdır ki, bunları toya, yasa çağırmayın", - Taleh Bağırovun uzaqlaşdırılmasına etiraz edən digər təqsirləndirilənlər bu halda məhkəmədə iştirakdan imtina edəcəklərini bildiriblər.

Yaranan qalmaqal üzündən məhkəmə yarımçıq qalıb.

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

“Ramil Usubov məhkəməyə gəlsin!”

Buna qədərsə məhkəmədə bir sıra şəxslərin, o cümlədən daxili işlər naziri Ramil Usubovun dindirilməsi barədə vəsatət qaldırılıb. Taleh Bağırovun vəkili Yalçın İmanov vəsatəti əsaslandırarkən deyib ki, Usubovun Nardaran əməliyyatından az sonra - dekabrın 2-də müsahibəsində söylədikləri cinayət işinin materiallarında yazılanlarla uyğun gəlmir. Məsələn, nazir deyir ki, əməliyyat Nardarandakı kriminogen duruma görə keçirilib, indiyədək polislə qəsəbə sakinləri arasında 23 dəfə qarşıdurma yaşanıb. Amma iş materiallarında yazılıb ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Taleh Bağırov və tərəfdarlarının silahlı çevriliş hazırladığı haqda məlumat daxil olub, onun əsasında noyabrın 26-da xüsusi əməliyyat keçirilib.

Buna da bax:​ 'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'

Ramil Usubov müsahibəsində deyir ki, "əməliyyat nəticəsində iki polislə yanaşı, beş nəfər yerli sakin məhv edilib". Amma iş materiallarına görə, hadisə zamanı iki polis və dörd nəfər Nardaran sakini həlak olub:

"Beşinci adamın kimliyi barədə heç bir məlumat yoxdur. Ramil Usubov nazirdir, məlumatlı adamdır. "Beş nəfər" deyirsə, deməli, bildiyi nəsə var. O zaman beşinci adam kimdir?".

Nardaran əməliyyatı prezidentin tapşırığıyla keçirilib?

İş materiallarında əməliyyatın daxil olmuş məlumat əsasında keçirilməsi qeydinə diqqət çəkən vəkil bu əməliyyatın prezident tapşırığı əsasında gerçəkləşdirilməsi barədə Ramil Usubovun sözlərini xatırladıb.

Yalçın İmanov müsahibənin diskini də məhkəməyə təqdim edib, sənədlərin tədqiqi mərhələsində onun araşdırılmasını istəyib.

Buna da bax: Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

Vəsatətə münasibət bildirən Taleh Bağırov nazirin dindirilməsini vacib sayıb və deyib ki, Ramil Usubov həmin müsahibə ilə Nardaran müsibətinin məsuliyyətini, əslində, İlham Əliyevin üzərinə atıb: "Demək istəyir ki, mən əmr quluyam. O əmr verib, mən də bu adamları öldürtdürmüşəm. Belə fikir yaranmasın ki, mən İlham Əliyevi müdafiə edirəm. Baş verənlərdən xəbərdardırsa, deməli, o da bu cinayətə şərikdir. Xəbəri yoxdursa, orada niyə oturub? Yəni hər iki halda, məzəmmət olunmalıdır. 2005-ci ildə "Qara kəmər" əməliyyatında Hacı Məmmədovun dəstəsi həbs olunanda da Ramil Usubov eyni addımı atmışdı. O zaman təcridxanadan bir çeçen qaçırılmışdı. Onda Ramil Usubov televiziyaya çıxıb dedi ki, "Heydər Əliyev göstəriş verdi, bundan sonra o adamın qaçmasına şərait yaradıldı". Yəni o vaxt da məsuliyyəti Heydər Əliyevin üzərinə atdı. Nardaranda törədilənlər tarixi hadisədir. Ramil Usubov buraya gəlib cavab verməli, dediklərinə aydınlıq gətirməlidir".

“Güllələr adamların bədənindən çıxarılmır”

Yalçın İmanov Sabunçudakı 3 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov və Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalının rəisi Ramiz Əkbərovun məhkəmədə dindirilməsi barədə də vəsatət qaldırıb. O, vəsatətini belə əsaslandırıb: "Təqsirləndirilən şəxslərdən Şamil Abduləliyev və Bəhruz Quliyev məhkəmədə bildirdilər ki, hadisədən sonra kənd sakinləri onları xəstəxanaya çatdırıb. Reanimasiyada olarkən onların yanına gəlib, o vəziyyətdə bir sıra sənədlərə qol çəkdiriblər. Sonradan məlum oldu ki, dindirmə protokolları olub.

Buna da bax:​ Nardaran işi: 'Öldürülən beşinci adam kimdir?'

Hələ də Şamilin bədənində üç, Bəhruzun bədənində isə bir güllə qalıb. Onlar bildirdilər ki, tibbi personal güllələrin bədənlərindən çıxarılmasına təşəbbüs göstərməyib. Fikrət Zeynalov dindirilsin, soruşaq ki, reanimasiyada o vəziyyətdə olan adamlara necə imza atdırılıb? Niyə bu adamların bədənlərindəki güllələr çıxarılmayıb? Burada dindirilən polislər hadisə yerinə əməliyyat qrupunun rəhbərinin çağırdığı təcili yardımla yaralıların xəstəxanalara çatdırıldığını iddia edirdi. Bizim Təcili Tibbi Yardım Stansiyasına sorğumuza cavab verilib ki, həmin vaxt Nardarana təcili yardım çağrılmayıb. Təqsirləndirilən şəxslər də bildirdilər ki, yaralı polisləri və əməliyyat zamanı artıq ölmüş şəxsləri polislər özləri ilə aparıb, qalan yaralıları isə kənd sakinləri aparıb. İş materiallarından görünür ki, dünyasını dəyişmiş iki polis - Əbülfəz və Fərail Bünyadovlar DİN-in hospitalında olub. Ramiz Əkbərovdan soruşmaq istəyirik ki, bu adamları ora kim gətirib, ölümlər nə vaxt baş verib? Əməliyyatda dünyasını dəyişmiş dörd nəfər qəsəbə sakininin nəşi yaxınlarına 9 gün sonra verilib. Bu müddətdə onların nəşi harada, necə və niyə saxlanılıb?".

Nardaran əməliyyatının videoçəkilişi tələb olundu

Taleh Bağırovsa Daxili İşlər Nazirliyindən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Nardaran əməliyyatının videosu alınması üçün vəsatət qaldırıb. İlahiyyatçı əməliyyat zamanı çəkiliş aparıldığını, sadəcə, sərf etmədiyindən o çəkilişin üzə çıxarılmadığını söyləyib: "Əməliyyat zamanı çəkiliş aparıldığını görənlər də var. Amma videoda, bunların təqdim etdiyi kimi, bizim tərəfimizdən silahlı hücum, müqavimət olmadığından, əksinə, öz vəhşilikləri əks olunduğundan, o çəkilişi üzə çıxarmayıblar".

Buna da bax:​ Fuad Qəhrəmanlının şikayət məktubları itib - ikinci dəfə...

"Azərbaycanda hakimiyyət yox, mafiya var"

Təqsirləndirilən şəxslərdən Nardaran əməliyyatı videogörüntülərinin nümayiş etdirilməsini istəyən İbrahim Xudaverdiyev həmin əməliyyatı mövcud hakimiyyətin ömrünü uzatmaqdan ötrü törədilmiş cinayət saydığını bildirib: "Rövşən Cavadovla bağlı hadisələrin üstündən 20 ildən çox vaxt keçir. Amma hər il o kadrları göstərirlər. Nardaranda bizim heç birimizdə silah olmadığından, əksinə, özləri bizə qarşı cinayət törətdiklərindən, hər dəfə məscidi göstərib, keçirlər bizdən danışmağa. Cənab nazir 9 milyonun önündə (Azərbaycan əhalisinin sayını nəzərdə tutur, əslində, 10 milyona yaxındır – red.) yalan danışır, siz də məhkəmə olaraq, çağırıb ondan hesabat tələb eləmirsiniz. Bu da onu göstərir ki, məhkəmənin özü də yuxarıdan gələn sifarişlə işləyir. Nə istintaq var, nə məhkəmə, hamısı görüntüdür. Olsaydı, cinayət törədən polislər dəmir barmaqlıqlar arasında olardı, günahsız adamlar azadlıqda. "Azadlıq" deyirəm, amma heç çöldəkilər də azadlıqda deyil. Sadəcə, barmaqlıq arxasında deyillər. Bu ölkədə törədilən çirkinliklər, bütün mərəkələr hakimiyyətin ömrünü uzatmaq üçündür. Əslində, bu ölkədə hakimiyyət də yoxdur, mafiya var".

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası əlavə şahidlərin dindirilməsi haqda son iki məhkəmə iclasında qaldırılmış bütün vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Əvvəlki iclaslarda təqsirləndirilən şəxslər və müdafiəçilər 14-cü və 42-ci polis bölmələri rəislərinin, hal şahidlərinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaran əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanovun dindirilməsini istəmişdilər.

Buna da bax: 'Nardaran işi': 'Hakimiyyət daxilində də müxtəlif klanlar var'

"Bu qədər absurd olmaz, axı..."

Hakimlər əlavə şahidlərlə bağlı 20-dən çox vəsatətin heç birini təmin etməyiblər.

Bu, təqsirləndirilən və vəkillərin etirazını doğurub.

"Burada polislər dindirilərkən, bizim suallarımızın çoxuna "mən bilmirəm, bunu əməliyyata rəhbərlik etmiş Kərim Əlimərdanov deyə bilər" cavabını vermişdilər. Sizsə onu burada dindirməkdən imtina edirsiniz”, - etirazını bu sözlərlə ifadə edən vəkil Yalçın İmanov daha sonra deyib:

“8 nəfər hal şahidi var, guya onlar 17 nəfərdən qumbara, beşbarmaq, bıçaq tapılmasının şahidi olublar. Polislər də burada dedilər ki, əməliyyat, uzağı, 15 dəqiqə çəkdi. Bu 15 dəqiqədə bu qədər adamın üzərinə baxış keçirilməsini, deyilən əşyaların götürülməsini hesablayanda, hərəyə, az qala, yarım dəqiqə düşür. İş materiallarında yazılanlardan belə çıxır ki, eyni hal şahidi eyni dəqiqədə üç ayrı-ayrı adamın üzərinə baxışa şahidlik edib. Bu qədər absurd olmaz, axı... Hal şahidlərindən biri - İntiqam Kərimov başqa siyasi işlərdə də eyni statusla çıxış edib. Siz də bütün bunları araşdırmaq istəmirsiniz".

Buna da bax:​ ’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'

Hakimlərin hətta hal şahidlərini də məhkəmədə dindirmək istəməməsi təqsirləndirilənləri hiddətləndirib.

Onlardan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib: "Baş verənlər göstərir ki, siz obyektiv araşdırma aparmaq, ədalətli qərar çıxarmaq niyyətində deyilsiniz. Hal şahidlərini də ona görə çağırmırsınız ki, onların polislərə nisbətən daha hazırlıqsız olduğunu bilirsiniz. Bu adamları təlimatlandırmaq da çətindir. Bura gələcəklər, bir-iki sualdan sonra Nardaranda törədilən cinayət növbəti dəfə ifşa olunacaq. Yəni məsələni ört-basdır eləmək üçün bu addımı atırsınız".

Baş verənlərə hakimlərin reaksiyası növbəti məhkəmə iclasında bilinəcək. Dekabrın 14-dəki iclasda növbəti prosesin dəqiq vaxtı açıqlanmayıb.

Daxili İşlər nazirliyi ittihamlara cavab göndərib

Ramil Usubov
Ramil Usubov

Azərbaycanın Daxili İşlər Nazirliyi “Nardaran” işi ilə bağlı saxlananlar və onların vəkilləri ictimaiyyəti çaşdırmaqda ittiham edir. Dekabrın 15-də mətbuata göndərilən açıqlamada Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov qeyd edir ki, məhkəmədə nazir Ramil Usubovun ünvanına səslənən iddiaların heç bir hüquqi əsası yoxdur və onlar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır:

“Nardaran hadisələri ilə bağlı məhkəmədə guya cinayət işinin materiallarında göstərilən xüsusatların respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun məlum olayla bağlı ötən il dekabrın 2-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə uyğun gəlməməsi barədə təqsirləndirilən Taleh Bağırzadənin vəkilinin səsləndirdiyi iddialarının heç bir hüquqi əsası yoxdur.

Nazir sözügedən müsahibəsində bir ildən artıq mövcud olan “Müsəlman birliyi hərəkatı”nın əsas məqsədinin qeyri-konstitusion yolla hakimiyyətə gəlmək, Azərbaycanda din pərdəsi altında şəriət qanunları ilə idarə edilən dövlət yaratmaq olduğunu vurğulayıb, həmin silahlı təşkilatın Nardaran qəsəbəsində Azərbaycan dövlətinə və konstitusion quruluşuna qarşı açıq fəaliyyətə başladığını bildirib.

Əməliyyat zamanı cənab nazirin məlum müsahibəsində səslənmiş 5 nəfərin məhv edilməsi barədə vəkilin iddialarına, qeyd edilməlidir ki, həmin rəqəm insan tələfatı ilə bağlı daxil olmuş ilkin məlumat olub. Lakin əməliyyat başa çatdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərək zərərsizləşdirilənlərin sayının 4 olduğu müəyyən edilib”.

Nardaran hadisələri ilə bağlı dekabrın 14-də keçirilən məhkəmə iclasında müttəhimlərin vəkili Yalçın İmanov daxili işlər naziri Ramil Usubovun dindirilməsi barədə vəsatət qaldırıb.

Yalçın İmanov nazir Nardaran əməliyyatından az sonra - dekabrın 2-də müsahibəsində söylədikləri cinayət işinin materiallarında yazılanlarla uyğun gəlmir. “Məsələn, nazir deyir ki, əməliyyat Nardarandakı kriminogen duruma görə keçirilib, indiyədək polislə qəsəbə sakinləri arasında 23 dəfə qarşıdurma yaşanıb. Amma iş materiallarında yazılıb ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Taleh Bağırov və tərəfdarlarının silahlı çevriliş hazırladığı haqda məlumat daxil olub, onun əsasında noyabrın 26-da xüsusi əməliyyat keçirilib.

Ramil Usubov müsahibəsində deyir ki, "əməliyyat nəticəsində iki polislə yanaşı, beş nəfər yerli sakin məhv edilib". Amma iş materiallarına görə, hadisə zamanı iki polis və dörd nəfər Nardaran sakini həlak olub:

"Beşinci adamın kimliyi barədə heç bir məlumat yoxdur. Ramil Usubov nazirdir, məlumatlı adamdır. "Beş nəfər" deyirsə, deməli, bildiyi nəsə var. O zaman beşinci adam kimdir?".

Bu məhkəmədə müttəhimlər dəfələrlə polis əməkdaşlarını onlara qarşı amansız işgəncələr verməkdə ittiham edib, nazir Ramil Usubovun məhkəməyə çağrılmasını tələb ediblər. Hüquq-mühafizə orqanları isə bu iddiaları israrla rədd edir, Nardaranda dövlətin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qrupu zərərsizləşdirdiklərini bildirirlər.

Buna da bax:

Tale Bağırov məhkəmədə Ənvər Seyidov haqqında danışıb
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

XS
SM
MD
LG