Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

Nardaran məhbusu istintaq zamanı şalvarının çıxarıldığını deyir


Nardaran məhbusları. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran məhbusları. İllüstrasiya. Gündüz Ağayev.

"Cənab hakim, bunun mənə vurduğu beysbol zopalarının biri sizə dəysəydi, sağ qalmazdınız", – bunu Nardaran hadisələrindən sonra həbs olunan Elman Ağayev iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyasına deyib.

Elman Ağayev dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama da daxil, 10-dan artıq ağır maddəylə suçlanan daha 11 nəfərlə birlikdə mühakimə olunur.

Buna da bax:​ Taleh Bağırovun adsız oğlu

İyunun 5-də keçirilən məhkəmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Elman Bayramov ifadə verib. O deyib ki, 2015-ci il noyabrın 29-da (Nardaranda 6 nəfərin öldüyü polis əməliyyatından üç gün sonra - red.) Lənkəranda əməliyyat keçirib, təqsirləndirilən şəxslərdən Elman Ağayevi həbs ediblər. Həmin vaxt Elman Ağayevin üzərindən "Taleh Bağırzadənin müraciəti" adlı kitabça, evindən isə silah tapılıb: "Siz internetə baxsanız, görərsiniz ki, Elman Ağayev dövlət əleyhinə çıxışlar edib. Taleh Bağırzadəni Lənkəranda qarşılayıb məscidə də aparıblar".

FƏRQLİ YERLƏRDƏN OLAN HAL ŞAHİDLƏRİ

Elman Ağayevin vəkili Akif Əlizadə polisə xatırladıb ki, həbs zamanı hadisə yerində olduğu iddia edilən hal şahidlərindən birinin bir neçə yerdə fərqli imzaları var. Üstəlik, əməliyyat Lənkəranda keçirilsə də, hal şahidlərindən biri Salyan, biri isə Bakının Balaxanı qəsəbəsinin sakinidir: "Onları necə tapmışdınız?"

Buna da bax:​ Məhkəmədə ilahiyyatçının qandalları açıldı

BMCMİ-nin əməkdaşı Elman Bayramov suala cavabında bildirib ki, həmin şahidlərlə bir gün əvvəldən danışıb, Lənkərana getməyə razı salıb: "Onlara pul verilməyib".

Elman Bayramov ifadəsində Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov haqda da danışıb: "Taleh Bağırzadə qorxusundan Nardaranda gizlənmişdi. Hesab edirdi ki, polislər ora girməzlər".

Polisin Taleh Bağırov haqda söylədikləri məhkəmə zalında etiraza səbəb olub. Nəticədə məhkəməni izləməyə gələn bir neçə nəfər zaldan çıxarılıb.

Təqsirləndirilən Zülfüqar Mikayılov isə prosesi izləyənlərin zaldan çıxarılmasına görə hakimə etirazını bildirib. Deyib ki, hakim obyektivliyini, neytrallığını qorumalıdır.

Buna da bax:​ Nardaranın Şahbazovlar ailəsinin bir üzvünə də hökm oxundu

“HEÇ NƏ ELƏMƏDİN”

Təqsirləndirilən Elman Ağayev polisin yalan danışdığını bildirib. Eyni zamanda, BMCMİ-də ona verilən işgəncələrdən danışıb: "Yalandır, mənim radikal çıxışım olmayıb. Mən sadəcə, ruhaniləri müdafiə etmişəm. Elman Bayramov, sənə təşəkkür edirəm ki, mənim şalvarımı çıxartdın, sonra dedin ki, geyin. Heç nə eləmədin. Deyirdin ki, dini qəbul eləmirsən. Amma yaddan çıxarma, səninlə Allahın məhkəməsində görüşəcəyik".

Hakim Elman Ağayevə xəbərdarlıq edərək işgəncə haqda fikrini tamamlamağa imkan verməyib. Deyib ki, əvvəlki iclaslarda bu haqda danışıb. Hakimə təqsirləndirilən Zülfüqar Mikayılov belə cavab verib: "Amerika prezidenti Donald Trump qərar qəbul edir, məhkəmə onu ləğv edir. Siz isə hələ də polisləri müdafiə edirsiniz. Biz də buna "məhkəmə" deyirik".

Daha sonra BMCMİ-nin digər əməkdaşı Üzeyir Salahov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Əli Hüseynovu saxladıqlarını, üzərindən "Taleh Bağırzadənin müraciəti" adlı kitabça, evindən isə qumbara aşkar edildiyini deyib.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər'

Əli Hüseynov isə onun yalan danışdığını söyləyib: "Mən Allaha and içirəm, nə üstümdən, nə evdən nəsə çıxmayıb. "Bandotdel"də dedim ki, ‘heç nəyə qol çəkməyəcəm’. Dedilər, ‘balalarının evdə olmasına sevinmirsən?’ Bundan sonra bildim nə demək istəyirlər, qol çəkdim. Bu dövləti niyə dağıdırsız, niyə insanlara zülm eləyirsiz?"

Məhkəmə iyunun 12-də davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax: Nardaranda ata və 3 oğlun həbsdə olduğu bir ailə var

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG