Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:46

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]


Nəsib bəy Yusifbəyli
Nəsib bəy Yusifbəyli

O, maarif naziri, baş nazir, daxili işlər naziri vəzifələrində çalışıb...

BİOQRAFİYASI:

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə tanınmış ailədə doğulub. Əvvəlcə Gəncə gimnaziyasında, daha sonra Odessa universitetinin (1902) hüquq fakültəsində təhsil alıb. Tələbələrin inqilabi hərəkatından qorxan çar hökumətinin universiteti bağlaması səbəbindən oranı bitirə bilməyib. Xarkov universitetinin hüquq fakültəsində təhsilini davam etdirsə də, imkansızlıq üzündən bu təhsil də yarımçıq qalıb. Nəsib bəy daha sonra Krıma - Bağçasaraya gedərək “Tərcüman” qəzetinin naşiri İsmayıl bəy Qaspralının qəzetində çalışmağa başlayıb. 1908-ci ildə İstanbula səfər edib, bir müddət bu şəhərdə yaşayıb, orada “Türk dərnəkləri” cəmiyyətini qurub. Təqiblər ucbatından Gəncəyə qayıdıb, şəhər bələdiyyəsində çalışıb. Eyni zamanda dövrün əfsanəvi dərgisi “Molla Nəsrəddin”ə, “Tərcüman”a məqalələr göndərib, yenicə yaranan cəmiyyətlərlə əməkdaşlıq edib.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

NƏSİB BƏYİN XİDMƏTLƏRİ:

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Nəsib bəy Gəncədə yaranan “Qeyrət” və “Difai” təşkilatlarının qurucularından olub. 1911-ci ildə “Müsavat” partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub. İllərlə davam edən ünsiyyətdən və “hər ikisinin müştərək qayəsinin istiqlal” olmasından dolayı (Nağı bəy Şeyxzamanlı), 1917-ci ildə Nəsib bəyin yaratdığı “Türk Ədəmi-Mərkəziyyət” partiyasının (Ədəmi-mərkəziyyətçilər Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkilini istəyirdilər - red.) “Müsavat”la birləşərək “Türk Ədəmi-Mərkəziyyət-Müsavat” adını almasıyla nəticələnib. M.Ə. Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçilib, Gəncədə partiyanın rəhbəri Nəsib bəy Yusifbəyli olub. 1917-ci ildə - Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra partiya öz nizamnaməsində dəyişiklik edib, Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb. 1918-ci il mayın 28-də Zaqafqaziya Seyminin iclasında məhz Batum danışıqlarına qatılan Nəsib bəy Yusifbəyli M.Ə. Rəsulzadənin imzaladığı məktubu Azərbaycan nümayəndə heyətinə çatdırıb və Türkiyənin Azərbaycanın istiqlalına, müstəqilliyinə etiraz etmədiyini bildirib. Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, Azərbaycan Cümhuriyyətində maarif naziri, baş nazir, eləcə də daxili işlər naziri olub.

NƏSİB BƏYİN TARİXDƏ QALAN ƏMƏLLƏRİ VƏ SÖZLƏRİ: ATASININ NƏSİB BƏYƏ MƏKTUBU: “YENƏ BAĞININ QAMIŞINI MƏN ALIM?”

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

Baş nazir olarkən bir görüşdə Nəsib bəy Nağı bəy Şeyxzamanlıya deyir: “Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağla məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var, hamısını yazıb: «Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib (əslində, təhsil yarımçıq qalmışdı – red.) Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərdim sənə. Bu günsə baş nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”.

“OSMANLI DÖVLƏTİNƏ ANLAT Kİ...”

Milli Komitə sədri Nəsib bəy Yusifbəylinin İstanbula göndərilən Nağı bəyə dedikləri: “Ertəsi gün Milli Komitəyə getdim. Etimadnaməni imzalatdırıb möhürlətdirdikdən sonra aldım. Vidalaşma zamanı Nəsib bəy mənə «Nağı, sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki: Millətimiz müstəqil yaşamağı qarşısına qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb başımıza çarə qılarıq» dedi.

Nəsib bəy Yusifbəyli
Nəsib bəy Yusifbəyli

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

NƏSİB BƏYİN İSTİQLAL SAVAŞINA YARDIMI

Nağı bəy “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri” kitabında xatırlayır: “1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy «gec də olsa, az da olsa, Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim» dedi. Pulun miqdarını soruşmadım, o da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq, məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə, Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdi. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl Ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Halbuki Nəsib bəy Tiflisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabrında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim”.

Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü tərkibdə nazirlər kabineti üzvləri. Dekabr, 1919
Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü tərkibdə nazirlər kabineti üzvləri. Dekabr, 1919

NƏSİB BƏYLƏ SON GÖRÜŞ: “MÜQƏDDƏS ÖLKƏMİZ RUSLARIN İSTİLASI ALTINA KEÇDİ...”

'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

N. Şeyxzamanlı həmin gün Nəsib bəylə olan son görüşünü belə xatırlayır: “Milli matəmimiz olan 27 aprel 1920-ci ildə ələ keçən Azərbaycan ziyalıları ruslar tərəfindən məhv edilirdilər. Çekanın azğın cəlladları Bakıda xüsusən müsavatçıları məhv etməyə çalışırlar. Gizli olaraq Nəsib bəylə görüşməyə getmişdim. Bu mənim onunla son görüşüm oldu. O, bir neçə yoldaşla birlikdə bir evdə saxlanılırdı. Çox kədərli idim. Çünki düşmən milli varlığımıza zəhərli bir xəncər saplamışdı. Danışmaq istədikcə gözlərim yaşarırdı. Bir ara hamımız susmuşduq. Nəsib bəyin çöhrəsində kədərli cizgilər aydın hiss olunurdu. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycan istiqlalını qurduq, ancaq onu saxlaya bilmədik. Əbədi düşmənimiz olan ruslar güclü qüvvələri ilə vətənimizi işğal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey varsa, o da bizə təsəlli verməkdədir. Ruslar zülmləri, vəhşilikləri ilə xalqımızı nə qədər əzirlərsə-əzsinlər, əbədi olaraq qala bilməzlər. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməzlər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan Neronu köməyə çağırsalar da, yenə müvəffəq ola bilməzlər”, - dedi”.

İradə Bağırova: "Başqalarından fərqli olaraq Nəsib bəy özü istefa verdi"
Gözlə

No media source currently available

0:00 0:12:33 0:00
Direct-ə keçid

“FƏNA BİR ZAMAN BAŞLADI... HƏR YERDƏ TUTHATUTDU”

Araşdırıcı Xanlar Bayramovun kitabından (Nəsib bəyin qızı Zöhrə xanımın dilindən): “Aprelin 27-də Nəsib bəy pərişan halda rus millətindən olan sürücüsü Mitya ilə evə gəldi. Həyəcanla bildirdi ki, fəna bir zaman başladı. Hər yerdə tuthatutdu. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq bizimlə vidalaşdı. “Özünüzü qoruyun” - deyərək dərhal qapıdan çıxıb hansısa istiqamətə getdi”.

Buna da bax: Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'

ÖLÜMÜ

Tarixçi alim İradə Bağırova Nəsib bəyin, həm də Azərbaycan Cümhuriyyətinin sonunu belə canlandırır: “1920-ci ilin aprelində vəziyyət çox böhranlı idi. Başqalarından fərqli olaraq Nəsib bəy özü istefa verdi, çünki yaranmış böhran vəziyyətində çıxış yolu görmürdü. İlk səbəb, təbii ki, Rusiyanın işğalı idi. Əvvəl Denikin ordusunun hücumu, məğlub olması və XI Ordunun Azərbaycanın sərhədlərinə yaxınlaşması. İkinci səbəb Qarabağda ermənilərin qaldırdığı üsyan. Ordunun çox hissəsi ora göndərilmişdi. Üçüncü səbəb: Bakıda olan hadisələr. Bolşeviklər çox fəallaşmışdılar. Onlar bilirdilər ki, XI ordu yaxınlaşır və “Fəhlə konfransı” adlı təşkilat aramsız tətillər keçirirdi. Hakimiyyət böhranı dərinləşirdi. Bu məqamda bəzi partiyalar da mənfi rol oynadılar, o cümlədən “İttihad” partiyası. Bu partiya “Müsavat”a qarşı həmişə rəqib kimi çıxış edirdi parlamentdə və demək olar ki, sonda bolşeviklərlə birləşib, “Müsavat” hökumətini ultimatumu qəbul etməyə məcbur etdilər. Bolşeviklərin bu ultimatumunda 6 şərt irəli sürülürdü. Şərtlərdən biri də Azərbaycanın müstəqilliyini qorumaq və ictimai-siyasi xadimlərin - Azərbaycan hökumətinin təmsilçilərinin həyatının toxunulmazlığı idi. Lakin heç bir şərtə əməl olunmadı və ən fəal liderlər qətlə yetirildi. Fətəli xanla Həsən bəy Ağayev Tiflisdə güllələndilər. Uzun illər səsləndirilən bir versiyaya görə, Nəsib bəy mayın 31-də Qarxunlu Əşrəf tərəfindən qətlə yetirilib. O vaxt bolşeviklər bu məqsədlə bəzi insanların xidmətindən istifadə edirdilər. Amma sonra daha fərqli versiyalar ortaya çıxdı...”.

ŞƏFİQƏ XANIMIN GÜNDƏLİYİNDƏN:

Vilayət Quliyevin “Baş nazirin xanımı” kitabından: “1920-ci il mayın ilk günlərində təbdili-qiyafət edərək ata minib qərarlaşdırılan səmtə yollanan Nəsib Kürdəmir yaxınlığında yoxa çıxdı. Kürdəmirdən kiçik bir məktubunu aldım. Gətirən məndən, mən də ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat Kürdəmirə gəlib çatdığını xəbər verir, Kürü keçmək üçün gözlədiyini yazırdı. Ondan sonra nə bir səs, nə də bir soraq gəldi...”

Vilayət Quliyev. Baş nazirin xanımı kitabı.
Vilayət Quliyev. Baş nazirin xanımı kitabı.

“İSTİLA QURBANLARI”

M.Ə. Rəsulzadə isə Nəsib bəyin öldürülməsini illər sonra onun haqqında yazdığı məqalədə belə təsvir edir: “Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir. İstilanın baş verdiyi günlərdə, müstəfi olsa da, baş nazir vəzifəsində olan Nəsib bəy Bakının Qızıl Ordu tərəfindən işğal olunması səbəbindən gizlədilərək xaricə getməsi üçün yaxın dostu Yusif bəy İbrahimli ilə bərabər Gürcüstana getmək üçün yola çıxmışdı. Onlar Siqnax qəzasında təfsilatı hələlik bizlərə məchul qalan faciəli bir qəzaya uğrayaraq qurban getmişdilər. Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadəcə nazirlikdə və baş nazirlikdə olmaqla ifadə edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu və rəsmi vəzifələrdən çox əvvəl başlamışdı. Bu rol onun Gəncədə 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi adı ilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsi ilə başlayır. Azərbaycan fikrini bir tələb maddəsi halıında formulə etmək şərəfi mərhum Nəsib bəyə məxsusdur... Bunu söyləməyə bilmərik ki o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə idi ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi üçün kifayətdir. Aprel matəmində intiqam əhdini yeniləşdirən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz Nəsib bəyin şəhadətidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran vəzifələrdən birincisi Siyasi Azərbaycançılığın ilk şübhələrindən olan Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır”. Məmməd Əmin Rəsulzadə - Odlu Yurd. İl 1, sayı 3. Tarixi 27 aprel 1929.

Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar, başda Məhəmməd Əmin Rəsulzadə. 1919
Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar, başda Məhəmməd Əmin Rəsulzadə. 1919

NƏSİB BƏYİN AİLƏSİ: “NƏSİB, HARDASAN? SUDA, YA TORPAQDASAN?”

Nəsib bəy böyük türkçü İsmayıl bəy Qaspralının qızı Şəfiqə Soltanla evli olub. Şəfiqə xanım Rusiyada müsəlman qadın hərəkatının liderlərindən, Bağçasarayda “Aləmi-nisvan” jurnalının (Qadın dünyası - red.) redaktoru olub. Bu nikahdan onların Zöhrə adlı qızı (1908) və Niyazi (1910) adlı oğlu dünyaya gəlib. Aprel işğalından sonra Türkiyənin Bakı konsulu Memduh Şevket bəy sayəsində Şəfiqə Soltan gizlicə uşaqlarını götürüb İstanbula mühacirət edə bilib və elə İstanbulda da 1975-ci ildə dünyadan köçüb. Şəfiqə xanım İstanbulda “Krım tatar qadınları” Cəmiyyətini yaradıb və ömrünün sonunadək Nəsib bəyin yolunu gözləyib. Gündəliyində yazdığı sətirlər bunun sübutudur: “Nəsib, hardasan? Suda, ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun. Səni çox sevirəm”.

Nəsib bəy Yusifbəylinin övladları Niyazi və Zöhrə Yusifbəyli.
Nəsib bəy Yusifbəylinin övladları Niyazi və Zöhrə Yusifbəyli.

Nəsib bəyin qızı Zöhrə xanım Cümhuriyyət tələbələrindən olan Mirzə Göygöllə ailə qurub və 60-cı illərdə Azərbaycana gəlib qohumlarıyla görüşüb. Oğlu Niyazi Qalatasaray liseyini və İstanbul Universitetini bitirib. Türkiyədəki mühacirət təşkilatlarında və mətbuatında çalışıb. Həyatı boyu “Əziz böyüyümüz” deyə andığı atası Nəsib bəyin öldürüldüyü Kürdəmiri özünə soyad seçib və mətbuatda hər iki imzayla çıxış edib. Niyazi bəy 1964-cü ildə cəmi 54 yaşında ürək tutmasından dünyasını dəyişib.

“Cümhuriyyət-100” davam edəcək.

XS
SM
MD
LG