Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:07

NATO konsepsiyasını dəyişir: ‘Rusiyaya bir qarış da...’ – Qərb mediası


Latviya Rusiya sərhədi
Latviya Rusiya sərhədi

NATO Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə bağlı özünün şərq cinahındakı mövqelərində çəkindirmə siyasətini yenidən nəzərdən keçirir.

The New York Times qəzetinin yazdığına görə NATO “cavab zərbəsi ilə çəkindirmə” konsepsiyasını “zərbəyə yol verilməməsi” konsepsiyası ilə əvəzləyəcək.

Alyansın müdafiə konsepsiyasının dəyişdirilməsi barədə NATO-nun keçmiş və indiki əməkdaşları da bir müddət idi ki, fikir yürüdürdülər.

Qəzet yazır ki, bundan əvvəlki konsepsiyada Rusiya ilə münaqişə təqdirində Baltik ölkələri və ya Polşa kimi NATO üzvlərinin ərazilərinin Rusiya tərəfindən müvəqqəti işğalına yol verilirdi.

Konsepsiyaya görə bu ərazilər alyansın əsas qüvvələrinin, ən başlıcası ABŞ qüvvələrinin gəlişinə qədər işğalda qala bilərdi.

Bundan sonra tətbiq olunacaq ikinci konsepsiya “zərbəyə yol verməməklə çəkindirməni” nəzərdə tutur.

Bu konsepsiya NATO-nun üzv ölkələrinin hər hansı ərazilərinin heç bir işğalına yol verilməməsini ehtiva edir.

Polşa və Baltik ölkələrinin “təcrübəsi”

Məqalədə deyilir ki, NATO-nun Polşa və Baltik ölkələri kimi üzvləri Ukrayna müharibəsinin “təcrübəsini” nəzərə alıblar.

Rusiyanın Ukraynaya hücumu başlanan kimi ölkənin böyük əraziləri Moskvanın nəzarətinə keçib və Ukrayna hüquq-mühafizə orqanlarının və beynəlxalq təşkilatların dediyinə görə bu ərazilərdə dinc əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədilib.

2022-ci ilin oktyabrınadək NATO baş katibinin müşaviri kimi çalışmış Kamil Qrand deyib ki, “NATO ərazisinin hər bir qarışının hücumun ilk günündən müdafiəsinin zəruriliyi” məsələsində alyansın mərkəzi və şərqi Avropada olan üzvləri israr edirlər.

Bu da qeyd olunur ki, “yol verməməklə çəkindirmə” konsepsiyası NATO-nun Rusiya ilə sərhədlərində daimi əsasda çox sayda alyans qoşunlarının cəmləşdirilməsini, ABŞ və onun müttəfiqlərinin hərbi planlarının inteqrasiyasını tələb edir.

Daha çox xərc

Bu da qeyd olunur ki, NATO-nun şərq cinahının gücləndirilməsi Rusiyanı çəkindirəcək səviyyədə olmalıdır.

Bu konsepsiyaya keçilməsi habelə üzv ölkələrin hərbi xərclərinin ÜDM-in azı 2 faizinə çatdırılmasını nəzərdə tutur.

Belə düşünülür ki, əgər NATO-nun böyük ölkələri qarşıdan gələn 10 ildə bu xərcləri ÜDM-in 3 faizinə çatdıra bilsələr, sözü gedən konsepsiya həyata keçirilə bilər.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan alyansın Rusiya ilə qonşu ölkələrində qoşun sayı kəskin artırılıb.

Bundan başqa bu ay NATO-ya daha bir üzv – Finlandiya qoşulandan sonra alyansın Rusiya ilə sərhədi iki dəfə uzanıb.

Buna baxmayaraq NATO-nun Rusiya ilə həmsərhəd ölkələrdə yerləşdirdirə biləcəyi qoşun sayı ilə bağlı bir sıra məhdudiyyətlər hələ də qalır.

XS
SM
MD
LG