Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:51

Neft Fondunun aktivləri 9 aya 1 faizdən də az böyüyüb


ARDNF
ARDNF

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 9 ayı üzrə hesabatını açıqlayıb. Hesabatdan məlum olur ki, fond aktivlərinin indiki dəyəri 45 milyard 386 milyon dollardır. Bu, ilin əvvəli ilə müqayisədə cəmi 0.8 faiz artım deməkdir. Müqayisə üçün, ötən ilin ilk 9 ayında fondun aktivləri 1.52 faiz artmışdı.

Bu ilin ilk 9 ayında Neft Fondunun büdcə gəlirləri 11 milyard 366 milyon manat təşkil edib. Yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 887 milyon manat olub. Daha 769 milyon manat bonus ödənişləri şəklində əldə edilib. Bu ilin ilk 9 ayı ərzində Neft Fondunun sırf neft və qaz satışından qazandığı vəsait 15 milyard 106 milyon manatdır. Ötən ilin eyni zaman dilimində fondun neft və qaz sazişlərindən əldə etdiyi gəlir indiki göstəriciylə müqayisədə, az qala, iki dəfə az - 8 milyard 178 milyon manat idi. Həmin müddətdə fondun xərcləri 6 milyard 567 milyon manat olub. Bu, bir il öncə ilə müqayisədə 800 milyon manata yaxın azalma deməkdir. Fond xərclərinin mütləq əksəriyyəti dövlət büdcəsinə transfertlərlə bağlıdır. Bu ilin ilk 9 ayında fond dövlət büdcəsinə 6 milyard 542 milyon manat köçürüb. Neft Fondu daha 8 milyon manatı xaricdə təhsil proqramının maliyyələşdirilməsinə, təxminən 17 milyon manatı isə fondun yönəldilməsinə xərcləyib.

Burada diqqətçəkən məqamlardan biri də fondun dövlət büdcəsinə köçürdüyü məbləğin azalmasıdır. Bu il neft qiymətlərinin gözləniləndən yüksək olması fondun gəlirlərini artırıb. Digər tərəfdən, neftin bahalaşması və inflyasiyanın yüksəlməsi ölkədə neft və gömrük ödənişlərinin də həcmini artırıb. Nəticədə, Neft Fondundan büdcəyə transfertlərin həcmi azalıb.

Valyutaların dəyər itirməsinin fond aktivlərinə təsiri

Neft Fondunun hesabatında ən diqqətçəkən məqam maliyyə bazarlarında baş verən dəyişikliklərin fond aktivlərinə təsirindən qaynaqlanmasıdır. Fondun açıqlamasında qeyd edilir ki, ötən 9 ayda ARDN aktivlərinin bazar dəyərində baş verən qiymət dəyişkənliklərindən yaranan azalma 4 milyard 521 milyon manat olub. Fondun fikrincə, bu azalma qısamüddətlidir və başlıca səbəb geosiyasi gərginliklər, yüksək inflyasiya və ABŞ və Çin arasında tədarük zəncirinin tam bərpa edilməməsidir.

Neft Fondu düşünür ki, ikinci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinlik daha da azalıb və bunun fonunda tənəzzül gözləntiləri də artıb. Bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq da investorların maliyyə bazarlarındakı qərarlarına təsirsiz ötüşməyib.

Valyutaların dəyər itirməsinin təsiri

Bunlarla yanaşı, ABŞ Mərkəzi bankının inflyasiya tədbirləri, o cümlədən önəmli faiz artırmaları digər ölkələrlə müqayisədə daha çox olub və daha öncə gerçəkləşdirilib. Bunlar ABŞ dollarına tələbi bir daha artırıb və dollarla müqayisədə digər ölkələrin valyuta məzənnələrini əhəmiyyətli dərəcədə dəyərsizləşdirib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 milyard 185 milyon manat olub.

Hesabatda göstərilir ki, Neft Fondunun investisiya portfelinin 70.8 faizi dollarla, 19 faizi avro ilə, 4.7 faizi funt-sterlinqlə saxlanılır. Nəzərə almaq lazımdır ki, portfeldə ilk üç yeri tutan valyutadan ikisi – avro və funt-sterlinq son aylarda dollar qarşısında ciddi dəyər itirib. Məhz bu ucuzlaşmalar Neft Fondunun valyuta ilə bağlı itkilərini ortaya çıxarıb. Fondun investisiya portfelində Çin yuanı 1.2 faizlik, Yapon yeni 1.1 faizlik, Avstraliya dolları 0.6 faizlik, Türkiyə lirəsi 0.4 faizlik və Rusiya rublu 0.4 faizlik paya sahib olub. Portfelin daha 1.8 faizlik hissəsi digər valyutaların payına düşür. Eyni zamanda, ABŞ dolları portfelinin təxminən 12 faizlik bölümü qızıl investisiyalarından ibarətdir. Fondun Azərbaycan manatında saxladığı vəsaitin həcmi isə cəmi 730 milyon manatdır.

Toplamda fondun investisiya portfelinin 80 faizə yaxını istiqraz və səhmlərdən, 14 faizə yaxını qızıldan, 6 faizə yaxını isə daşınmaz əmlakdan ibarətdir. Fond öz investisiyalarını, əsasən, Qərbi Avropa və ABŞ-da həyata keçirir. Neft Fondunun investisiya portfelində Qərbi Avropa və Şimali Amerikanın payı 60 faizə yaxındır.

Neft Fondu hansı şirkətlərə investisiya yatırır?

Sözügedən hesabatda diqqətçəkən məqamlardan biri də fondun hansı şirkətlərə investisiya yatırmasıdır. İlk yarımildə səhmlərin dəyəri 5.9 milyard dollardır. Fond dünyanın 26 ölkəsindən 1 min 600-dən çox şirkətə 14 fərqli valyutada yatırımlar edib. Ən böyük yatırımlar beş qlobal şirkətlə bağlıdır. Neft Fondunun ən çox yatırım etdiyi şirkət "Apple"dır. Fond "Apple" şirkətinə 211 milyon dollar yatırım edib. "Apple"ın fondun investisiya portfelində payı 3.7 faizdir. İkinci yerdə qərarlaşan "Microsoft" şirkətinə yatırımların həcmi 173 milyon dollardır (3 faiz). Neft Fondu "Google" şirkətinə 121 milyon dollar, "Amazon"a 92 milyon dollar, "Nestle"ə isə 86 milyon dollar investisiya yatırıb.

XS
SM
MD
LG