Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Reuters eksperti: Neftin daimi eniş erası başlanıb


Reuters agentliyinin enerji təhlilçisi Alex Lawler yazır ki, hətta koronavirus pandemiyası olmasaydı belə, elektrik avtomobillərinin və bərpa olunan enerji növlərinin yüksəlişi neftə tələbatı əsaslı şəkildə azaldacaqdı.

Məhz buna görə də dünyanın ən böyük neft təşkilatında – 60 yaşlı OPEC-də bir çoxları neftə tələbatın azaldığı bir vaxtda neft təchizatını necə idarə etmək barədə düşünməyə başlayıblar.

OPEC kartelindəki mənbələrdən biri agentliyə bildirib ki, neft bazarının əsas oyunçuları artıq neft istehlakının heç vaxt tam dirçəlməyəcəyi barədə fikrə alışmağa çalışırlar.

Reuters yazır ki, OPEC-lə bağlılığı olan 7 hazırkı və keçmiş neft rəsmisi ilə müsahibələr aparılıb. Maraqlıdır ki, onlardan heç biri adının çəkilməsini istəməyib.

Məqalədə deyilir ki, cəmi 12 il bundan əvvəl OPEC ölkələrinə pul yağışı yağırdı. Neftə olan tələbat pik nöqtəsinə, bir barrelin qiyməti isə 145 dollara çatmışdı.

İndi isə kartel üzvləri tələbatın daimi tənəzzül etdiyi bir vaxtda öz işlərini dramatik şəkildə yenidən qurmağa məcburdurlar.

Müəllifin fikrincə bu, OPEC üzvlərini neft qiymətlərinin düşməsinin qarşısını almaq üçün Rusiya kimi qeyri-OPEC ölkələri ilə daha sıx əməkdaşlığa sürüyəcək.

Belə bir şəraitdə neft kartelinin öz daxilində də heç bir “qardaş qırğınına” yol verilə bilməz.

2006-2013-cü illərdə OPEC-in baş təhlilçilərindən biri olmuş Hasan Qabazard deyib ki, bir tərəfdən tələbatın azalması, digər tərəfdən isə qeyri-OPEC hasilatçılarının artması kartelin gələcək işini daha da ağırlaşdıracaq.

“Tələbat böhrandan əvvəlki səviyyə qalxmayacaq”

OPEC-in əsas üzv ölkələrindən birinin neft nazirliyində işləyən bir təhlilçi deyib ki, əvvəllər də tələbatdakı sarsıntılar istehlakçıların vərdişlərində həmişəlik dəyişikliklər yaradardı. O düşünür ki, bu dəfə də belə olacaq.

Ekspert bunu da vurğulayıb ki, neftə tələbat böhrandan əvvəlki səviyyəsinə qalxmayacaq və ya bunun baş verməsi üçün daha uzun zaman lazım gələcək.

Üstəlik də texnologiyaların, xüsusən də elektrik avtomobilləri üçün batareyaların sürətli inkişafı neftə tələbatın pik nöqtəsinin bir neçə ilin ərzində yetişməsinə səbəb ola bilər.

2019-cu ildə dünya günə 99.7 milyon barrel neft istehlak edib. OPEC 2020-ci il üçün günə 101 milyon barrel proqnozunu vermişdi.

Qlobal karantinlərlə bağlı real rəqəm bu il üçün günə 91 milyon barrelə endirildi. 2021-ci ildə neftin istehlakı 2019-cu ilin səviyyəsindən aşağı olacaq.

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman
Rusiya prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman

Neft hasil edən ölkələr, enerji təhlilçiləri və neft şirkətləri indiyədək dünyanın neftin pik nöqtəsinə çatacağı vaxtı müəyyənləşdirməyə cəhd ediblər. Bu nöqtədən sonra neftə tələbatın artıq enişi başlanmalıdır.

Lakin müəyyən nadir istisnalara baxmayaraq neftə tələbat ildən-ilə yüksəlirdi.

Bununla belə, OPEC gözləntilərini azaltmağa çalışırdı. Kartel 2007-ci ildə hesablamışdı ki, neftə tələbat 2030-cu ildə günə 118 milyon barrelə çatacaq. Amma təşkilat ötən il bu proqnozunu azaldaraq günə 108.3 milyon barrelə endirdi.

Pik nöqtəsi 2019-da keçilib?

Ekspertlər düşünürlər ki, OPEC-in noyabr hesabatında bu rəqəm daha da aşağı olacaq.

Bu səbəbdən də müəllifin OPEC-dən olan müsahibləri bu məqalə üçün şərh verməkdən boyun qaçırıblar.

OPEC-dən kənarda neft istehlakı proqnozuna dair rəqəmlər fərqlənir.

Qlobal konsaltınq firmalarından DNV GL inanır ki, neftə tələbatın pik nöqtəsi artıq 2019-cu ildə aşılıb.

Qlobal enerjidə neftin payı da azalmaqda davam edir. 1994-cü ildə neft bütün dünya enerjisinin 40 faizini verirdi, 2019-cu ildə bu rəqəm artıq 33 faizə düşmüşdü.

Neftə tələbatın perspektivlərini bədbin edən həm də neftin istehlak olunduğu sahələrdəki tənəzzüldür.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası hava daşımalarının 2019-cu ildəki həcmə olsa-olsa 2023-cü ildə çatacağını gözləyir.

Bu, OPEC ölkələrini çox çətin duruma salır. Kartel üzvlərinin əksəriyyəti təsdiq edilmiş bütün dünya ehtiyatlarının 80 faizinə sahibdir və tamamilə neftdən asılıdır. Neftin bir barreli hazırda 40 dollar civarındadır və bu bir çox neft ölkələrinin büdcəsinin balansda saxlanması üçün çox azdır.

COVID-19 neft alıcısını həmişəlik dəyişib

Reuters müəllifi yazır ki, dünya neftinin üçdə birini verən OPEC öz həyatında az təlatümlər görməyib. Məsələn 1980-ci, 1990-cı, 2000-ci illərin Körfəz münaqişələri və son 10 ildə ABŞ şist neftinin yüksəlişi və sair.

Alex Lawler yazır ki, ən son böhran, koronavirus pandemiyası dövründə OPEC və Rusiya, habelə başqa müttəfiqlər neftin qiymətinin sabit qalması naminə günə 9.7 milyon barrel hasilat ixtisarına razılaşıblar. Bu, qlobal neft təchizatının 10 faizi deməkdir. Lakin bu razılaşmanın müddəti iyulun sonunda başa çatır.

Son on ildə Əlcəzairin neft naziri, iki dəfə OPEC sədri olmuş Chakib Khelil deyib ki, yaranan vəziyyət istər OPEC-in öz üzvlərinin, istərsə də OPEC-lə Rusiya arasındakı münasibətlərin üzərinə daha böyük yük qoyacaq.

OPEC rəsmilərindən biri isə deyib ki, çətinliklər hələ irəlidədir və onları aradan qaldırmaq yox, onlarla yanaşı yaşamaq haqqında düşünmək lazımdır.

OPEC-in keçmiş təhlilçisi Qabazard deyir ki, o neftə tələbatın 2040-cı ilədək günə 110 milyon barreldən yüksək olacağına inanmır.

Ekspert bu qənaətdədir ki, COVID-19 pandemiyası alıcının vərdişlərini həmişəlik dəyişib.

Onun fikrincə, bu artıq tələbatın daimi çöküşüdür.

XS
SM
MD
LG