Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:40

'Nərmin işi'ndə geyim müəmması: 'Yanan meyitin üstündəki geyimləri...'


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə 10-yaşlı Nərmin Quliyevanın oğurlanıb 47 gün sonra öldürülməsi ilə bağlı məhkəmə araşdırmaları davam edir. Məhkəmədə mərhum Quliyevanı son görən qohumlarının dindirilməsi mərhələsidir.

Fevralın 9-da Nərminin əmisi oğlu Ayxan Quliyev dindirilib. Onlar həm də sinif yoldaşı olublar. Cinayət işinin materiallarına görə, yaxınlarından Nərmini sonuncu görən də elə Ayxan olub. 2019-cu il noyabrın 21-də günorta saatlarında o, əmisigilə gələrək Ayxandan öz atasının gödəkcəsini alıb gedib. Ondan sonra azyaşlı qızı görən olmayıb. Bir də 2020-ci il yanvarın 6-da yandırılmış vəziyyətdə meyiti tapılıb.

Evdəkilərin nə geyindiyini xatırlamır, amma...

13-yaşlı Ayxan məhkəmədə dindirilərkən onun dediklərində bir sıra ziddiyyətlər ortaya çıxıb. Məsələn, deyir ki, Nərmin həmin gün onlarda cəmi iki-üç dəqiqə dayanıb, hətta gödəkcəni qoymaq üçün onun torba gətirməsini belə gözləmədən çıxıb gedib. Amma o gün Nərminin üzərində olan bütün geyimləri dəqiqliklə xatırlayır: "Cins şalvar, papaq, qırmızı kurtka, ağ idman ayaqqabısı...".

Lakin Ayxan həmin gün evdə olan valideynlərinin, qardaşının, nənəsinin, onlarda qonaq qalan əmisi oğlu Qorxmazın nə geyindiyini xatırlamır.

Azyaşlı şahid bir tərəfdən deyir ki, içəri otaqdan torba götürüb çıxanda əmisi qızının getdiyini görüb, daha onun arxasınca küçəyə çıxmayıb. Ona görə də onlardan çıxandan sonra hansı tərəfə getdiyini bilmir. Bu məsələ həm də Nərminin təqsirləndirilən İlkin Süleymanovgilin evi tərəfə gedib-getməməsi baxımından əhəmiyyətlidir.

İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Əmisi qızının hansı tərəfə getdiyini görməyibsə...

Digər tərəfdən isə Ayxan bildirib ki, evlərində küçəyə baxan bir pəncərə var, nənəsinin otağında yerləşır. Nərmin onlardan çıxandan sonra o istiqamətdə getməyib. Vəkillər soruşub ki, əgər o, əmisi qızının hansı tərəfə getdiyini görməyibsə, o haradan bilir ki, həmin pəncərə yerləşən istiqamətdə gedib, yoxsa yox? Azyaşlı şahid sualı cavablandıra bilməyib.

İstintaq zamanı dindirilən məktəblilər olub ki, onlar Nərminin İlkin Süleymanovgilin evi yox, əks istiqamətdə getməsinin şahidi olublar.

Ayxan vəkillərin suallarını cavablandırarkən ondan kənddə Nərmini görən və bu barədə danışan məktəblilərin olub-olmadığını soruşublar. O, həmin məktəblilərin adlarını çəkib: "Sevinc və Şəmsiyyə bizim yanımızda yaşayan Səminaz müəllimənin yanına hazırlığa gedirlər. Onda yolda görüblər Nərmini...".

Hadisə baş verəndə Ayxan Quliyevin 10 yaşı vardı. O deyir ki, əmisi qızının oğurlanıb öldürülməsi ilə əlaqədar beş-altı dəfə polis və prokurorluqda dindirilib.

Öncədən təlimatlandırılmaq iddiası

Vəkillər Ayxanın istintaqdakı ifadələri ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər olduğunu bildiriblər. Növbəti məhkəmə iclasında onun istintaqdakı ifadələri araşdırılacaq.

Azyaşlının oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun yaxınları iddia edir ki, Ayxan Quliyev əvvəlcədən təlimatlandırılaraq məhkəməyə göndərilmişdi.

Adil Süleymanov
Adil Süleymanov

"Necə ola bilər ki, bir uşaq həmin gün iki-üç dəqiqə gördüyü Nərminin bütün geyimlərini dəqiqliyi ilə yadında saxlayıb, amma gün ərzində onunla olan valideynlərinin, qardaşının, nənəsinin yox? Əmisi oğlu Qorxmaz da eyni cür ifadə vermişdi. Nə olur olsun, yanan meyitin üstündəki geyimləri təsdiqlətdirmək istəyirlər. Açıq-aşkar görünür ki, bu uşağı öyrədib göndəriblər", – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, meyit yandığı halda, üstündəki paltarların yanmamasının özü də başqa bir müəmmadır.

"Ayxanın ifadələrində də kəskin ziddiyyətlər var"

Vəkil Əlibaba Rzayev də deyir ki, azyaşlı şahidin sualı sonadək dinləmədən hazır cavabı səsləndirməsi onun öncədən təlimatlandırılmasına şübhələr yaradır. Nərminin geyimi ilə bağlı bütün qohum-əqrəbanın bir-birinin ifadələrini uyğunlaşdırmağa çalışdıqlarını deyən vəkil, bununla belə, yenə də ziddiyyətlərin ortaya çıxdığını vurğulayıb: "Yalan olan yerdə mütləq ziddiyyətlər də olacaq. Ayxanın ifadələrində də kəskin ziddiyyətlər var. Onun istintaqdakı ifadələri araşdırılanda ortaya çıxacaq".

Vəkillər əvvəlcədən təlimatlandırılmaq məsələsini məhkəmədə Ayxanın özündən də soruşublar. Ondan soruşulub ki, məhkəmədən öncə polis və ya prokurorluq orqanlarına aparılıbmı? O, "xeyr" cavabını verib.

"Hər şey qışqırır ki, İlkin günahsızdır, amma sanki hamı qulağını tutur", – Süleymanov belə deyir.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG