Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:52

'Netflix' 2 populyar şousunu itirəcək, çünki…


Netflix
Netflix

CNBC

«Disney», AT&T-nin «WarnerMedia» və «Comcast»ın «NBCUniversal» şirkətləri gələn ilin ilk rübünədək istehlakçının birbaşa qoşula biləcəyi striminq xidmətlərini işə salacaq (ingiliscə «streaming» hər hansı hərəkətli görüntü və ya səsin internetə qoşulan bir kompüterin IP-si üzərindən mpeg4 formatında yayımlanması deməkdir və «aramsız, kəsintisiz» anlamına gəlir – red.).

Anladığınız kimi, onların hamısı «Netflix»in bazarına daxil olur.

Yeni xidmətlər «Netflix»in gəlirinə təsir göstərəcək

Söz yox, istehlakçılar «Netflix»in nəhəng abunəçi bazasını saxlamaq üçün yetərincə pul xərcləyəcəklər. Şirkətin dünyadakı abunəçilərinin indiki sayı 155 milyondur və bu say get-gedə artır. Ancaq yeni xidmətlərin «Netflix»in gəlirinə təsir göstərəcəyi danılmazdır.

«WarnerMedia» ötən həftə gələn il «HBO Max» adlı yeni xidməti işə salınca populyar «Friends» serialını «Netflix»dən yığışdıracağını açıqlayıb. Serialı göstərmək üçün eksklüziv hüquq «HBO Max»a aid olacaq. Mütəxəssislər deyirlər ki, AT&T ABŞ-da bu serialı 5 il ərzində göstərmək üçün ildə 85 milyon dollar ödəyib. «Netflix» bu şounu bütün dünyaya göstərməkdən ötrü 80 milyon dollar xərcləyirdi.

«Netflix» «The Office» serialını da «NBCUniversal» şirkətinin yeni striminq xidmətinə uduzacaq. Bu, 2 il sonra baş verəcək. «Netflix» bu iki serialın itirilməsinə əvvəlcədən hazırlaşır. Şirkət yeni eksklüziv orijinal kontentin hazırlanmasına milyardlarla dollar xərcləyir.

Ancaq «Friends» və «The Office» seriallarının itirilməsi striminq xidmətinə böyük zərbədir. Bu iki serial «Netflix»də ən çox baxılan şoulardır.

Köhnə şirkətlər əvəz çıxır?

«WarnerMedia»nın baş icraçı direktoru John Stankey-nin məqsədi «HBO Max»a 70 milyon abunəçi cəlb etməkdir. Bu, HBO-nun ABŞ-dakı mövcud abunəçi sayından iki dəfə çoxdur. Uoll-strit illərlə «Netflix»i gəlirlərinə görə yox, məhz abunəçi sayının artmasına görə dəyərləndirib. İnvestorların ənənəvi media şirkətlərinə «Netflix»dən fərqli yanaşması onları məyus edir. Bu fərqli yanaşma «Netflix»in adi startapdan 175 milyard dollar dəyəri olan iri şirkətə çevrilməsinə yol açıb.

Ancaq indi köhnə şirkətlərin əvəz çıxmasına fürsət yaranıb. «Disney», AT&T və «Comcast»ın hərəsi 300 milyard dollardan çox dəyəri olan iri şirkətlərdir. Onların hər birinin istehlakçıya istifadəsi asan yeni xidmət təklif edən məhsul ortaya qoymaq imkanı var.

«Disney» artıq bu il investorlara «Disney+»u göstərib. Bu xidmət «Disney»in ailəyönlü brendlərini (Pixar, Marvel, Disney, Star Wars və National Geographic) əhatə edəcək. İstifadəçi bu kanallar arasında öz istəyinə uyğun proqramları seçə biləcək.

«WarnerMedia» öz yeni xidmətini oktyabrda təqdim etməyi planlaşdırır. «NBCUniversal» hələ planını açıqlamayıb.

«Netflix» kimi davranırlar

Kabel televiziyalarının ayda 100 dollar abunə haqqı aldığı vaxtda 13 dollara keyfiyyətli kontent təklif edən «Netflix» ənənəvi pullu TV anlayışını kökündən dəyişib. İndi ənənəvi şirkətlər «Netflix» kimi davranır. Bu il noyabrın 12-də işə düşəcək «Disney+»ın aylıq abunə haqqı, sadəcə, 6.99 dollar olacaq. «HBO Max»ın aylıq qiymətinin 15-18 dollar olacağı gözlənilir. Bu, HBO-nun mövcud abunə qiymətinə yaxındır. «NBCUniversal»ın striminq məhsulu pullu TV abunəçiləri üçün ödənişsiz, digər istifadəçilər üçünsə 10 dollar olacaq, ancaq burada reklamlara da yer veriləcək.

Ənənəvi ödənişli TV xidmətləri təkcə qiymət fərqinə görə yox, keyfiyyətsiz interfeys və çoxlu gərəksiz kontent ucbatından da striminq xidmətlərinə uduzur.

Naviqasiya və gərəksiz kontent «Netflix»ə də problem törədir. Sözügedən sahənin pioneri kimi böyük üstünlüyü malik olduğundan, üstəlik, üzünü beynəlxalq bazara tutduğundan bu məsələ əhəmiyyətsiz görünə bilər.

Ancaq ənənəvi media şirkətləri indi 10 il əvvəl təsəvvürlərinə belə gətirə bilməyəcəkləri bir mövqeyə gəlib çıxıblar. Buna pozuculuq mövqeyi də demək olar.

XS
SM
MD
LG