Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:20

ABŞ-ın daha bir vaksini effektivdir, İran öz vaksinini vurur


İranda peyvəndləmə Çinin Sinopharm vaksini ilə aparılır
İranda peyvəndləmə Çinin Sinopharm vaksini ilə aparılır

ABŞ-ın Novavax Inc şirkəti iyunun 14-də bəyan edib ki, onun COVID-19-a qarşı hazırladığı vaksinin effektivliyi 90 faizdən yüksəkdir

ABŞ-ın Novavax Inc şirkəti iyunun 14-də bəyan edib ki, onun COVID-19-a qarşı hazırladığı vaksinin effektivliyi 90 faizdən yüksəkdir.

Şirkət Birləşmiş Ştatlarda keçirilən sınaqların son mərhələsindən sonra bildirib ki, onun vaksini xüsusilə də koronavirusun axır vaxtlarda yaranan yeni variantlarına qarşı effektivdir.

Reuters agentliyi yazır ki, ABŞ və Meksikada 30 min könüllünün iştirakilə keçirilən sınaqların uğuru Novavax vaksinin Birləşmiş Ştatlarda və başqa yerlərdə təcili istifadəsi üçün təsdiqinə yol açır.

Bu da deyilir ki, protein əsaslı Novavax-ın koronavirusun asan yoluxan və alimlərin narahatlığına səbəb olan ştamlarına qarşı effektivliyi 93 faizdən yüksəkdir.

Protein əsaslı vaksinlərdə virusun təmizlənmiş hissələrindən istifadə olunur. Bu hissəciklər xüsusilə də boğucu öskürək və kəmərləyici dəmrov kimi simptomların qarşısının alınmasında xüsusi rol oynayır.

Virusun yeni növlərinə qarşı

Reuters yazır ki, bu vaksinin sınaqlarının davam etdiyi bir vaxtda ilk dəfə Britaniyada aşkar olunan Alfa ştammı ABŞ-da ən çox yayılan koronavirus növünə çevrilib.

Bu dövrdə habelə Braziliyada, Cənubi Afrika və Hindistanda yeni virus variantları aşkar olunub.

Novavax vaksini kəskin infeksiya riski olanlarda 91 faiz effektivlik nümayiş etdirib. Ümumilikdə isə bu vaksinin COVID-19-un mötədil və sərt simptomlarının qarşısının alınmasında 100 faiz effektivliyə malik olduğu bildirilir. Novavax ona “tanış olmayan” viruslara qarşı 70 faiz effektivliyə malikdir.

Bu da qeyd olunur ki, Novavax vaksinin yan fəsadları az və zəifdir. Bu vaksin vurulduqdan sonra bəzi adamlarda başağrısı, yorğunluq və yüngül əzələ ağrısı ola bilər.

Novavax ilin üçüncü rübünün sonunadək ayda 100 milyon doza vaksin istehsal etməyi planlaşdırır. İlin sonuncu rübündə isə bu rəqəm ayda 150 milyon dozaya qalxmalıdır.

Şirkətin rəhbəri Stenli Erik iyunun 14-də CNBC kanalına deyib ki, Birləşmiş Ştatlar Novavax vaksinin 110 milyon dozasını yoxsul ölkələr üçün nəzərdə tutulmuş COVAX proqramına ianə edə bilər.

İranın öz vaksini - COVIran Bərəkət

Bu arada İran hökuməti bildirib ki, ölkənin özündə koronavirusa qarşı hazırlanmış vaksin təcili qaydada qeydiyyatdan keçirilib.

İranın səhiyyə naziri Səid Nəməki iyunun 14-də keçirilən mətbuat konfransında deyib ki, COVIran Bərəkət adlanan vaksinin təcili istifadəsinə iyunun 13-dən icazə verilib.

Koronavirus pandemiyasının ən ağır təsirinə məruz qalmış ölkələrdən biri olan İran vaksin idxal etməkdə çətinliklərlə üzləşir.

İran öz vaksinin hazırlanması prosesinə Setad dövlət şirkətində ötən ilin dekabrından başlayıb.

Şirkət IRNA dövlət xəbər agentliyinə deyib ki, vaksinin istehsalına iyunun əvvəllərində başlanıb və indiyədək 3 milyon doza hazırlanıb.

İranda indiyədək koronavirusdan 82 min nəfər vəfat edib, 3 milyondan çox yoluxma qeydə alınıb.

Bəzi beynəlxalq ekspertlər İranın rəsmi göstəricilərinin dəqiq olmaya biləcəyini deyirlər. Onların fikrincə İranda koronavirusa yoluxma və ölüm sayı rəsmi rəqəmlərdən qat-qat çox olmalıdır.

İran rəsmiləri bildirirlər ki, ABŞ sanksiyaları ölkənin 83 milyonluq əhalisinin vaksinasiyasını çətinləşdirib.

İranda fevral ayından bəri 4.3 milyon nəfərə vaksinin ilk dozası vurulub.

İkinci dozanı alanlar 1 milyondan bir qədər azdır.

XS
SM
MD
LG