Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:43

Odessaya yeddi 'Kalibr' atılıb


Xarkov yaxınlığında dağıntılar
Xarkov yaxınlığında dağıntılar

Ukraynanın cənubundakı Odessa liman şəhəri Rusiya raketləri ilə vurulub, azı altı nəfər, o cümlədən bir uşaq yaralanıb

İyulun 19-da Ukraynanın şərqi Kramatorsk şəhərinə Rusiyanın raket zərbəsində azı bir nəfər öldürülüb. Donetsk vilayət administrasiyasının başçısı Pavlo Kirilenko deyib ki, zərbə yaşayış binasında partlayış və yanğın törədib.

Ukrayna rəsmiləri deyirlər ki, Kramatorskun şərqi Ukraynanı Rusiyanın hücumunun əsas hədəflərindən olacağını gözləyirlər. İşğaladək şəhərin 150 mindən çox sakini vardı.

***

Prezident Volodimir Zelenski deyir ki, müasir Qərb silahları sayəsində Ukrayna indi rusiyalı işğalçılara “əhəmiyyətli itkilərə” məruz qoyur. Rəsmilər bu arada Odessa liman şəhərinə raket zərbələrində dinc sakinlərin yaralandığını bildirib.

Zelenski iyulun 18-də gecə videomüraciətində deyib ki, Ukrayna 1028 yaşayış məskənini Rusiya qüvvələrindən azad edib, 2 min 621 məntəqə isə Rusiyanın nəzarətindədir.

Onun sözlərinə görə, Ukrayna qüvvələri “işğalçılara əhəmiyyətli logistik itkilərə məruz qoya bilib”, Rusiya ordusunun işğal olunmuş ərazidə mövqe tutmasını getdikcə çətinləşdirir.

HIMARS-ın “vaxtında gəlişi”

“Addım-addım irəliləyir, işğalçıların təchizatını dağıdır, onlarla əməkdaşlıq edənləri müəyyənləşdirib neytrallaşdırırıq. Gələcək aydındır: şəhərlərimizdə və kəndlərimizdə Ukrayna bayrağı asılacaq. Yeganə sual vaxtla bağlıdır”, – prezident söyləyib.

Ukrayna ordusunun komandirlərindən Valeri Zalujni isə bildirib ki, ABŞ istehsalı, uzağı vurmağa qadir HIMARS artilleriya sisteminin “vaxtında gəlişi” döyüş zonasında vəziyyəti dəyişməyə kömək edir.

“Vəziyyəti sabitləşdirə bildik. Mürəkkəbdir, gərgindir, ancaq tamamilə nəzarətdədir”, – Zalujni CNN-ə deyib.

Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday iyulun 19-da deyib ki, “Qərb silahları 100 faiz deyil, 200 faiz işləyir, çünki Rusiyanın anbarları partladılır. Komandanlıq postları da partladılır”.

Yeddi raketdən altısı...

Bu arada Ukraynanın cənubundakı Odessa liman şəhəri Rusiya raketləri ilə vurulub, azı altı nəfər, o cümlədən bir uşaq yaralanıb. Məlumatı iyulun 19-da Telegram postunda Odessa hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk yazıb.

Onun sözlərinə görə, Odessaya Qara dənizdən yeddi “Kalibr” qanadlı raketləri atılıb, onlardan altısı Ukraynanın havadan müdafiə sistemlərindən yayınaraq “dinc əhali” olan yerlərə düşüb.

İyulun 18-də Toretsk şəhərinin atəşə tutulması nəticəsində altı nəfər öldürülüb.

Britaniya Müdafiə Nazirliyi iyulun 19-da gündəlik bülletenində bildirir ki, Rusiyanın məqsədi şərqi Donetsk vilayətini tam ələ keçirməkdir.

Ukrayna ordusu da Moskvanın hücumun növbəti mərhələsinə hazırlaşdığını, Donetsk və Luqansk vilayətlərini tam tutmağı hədəflədiyini deyir.

Kiyev özü də son həftələr özəlliklə cənubda itirilmiş əraziləri geri almaq üçün nəhəng əkshücuma başladığını bəyan edib.

XS
SM
MD
LG