Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:06

Seyran Ohanyan: ‘Bu demarkasiya qanla aparılır...’


Seyran Ohanyan
Seyran Ohanyan

Keçmiş müdafiə naziri deyib ki, Ermənistan hakimiyyəti sərhədlərin dəqiqləşdirilməsi prosesinə bunun üçün müvafiq şərait olmadan başlayır

“Bugün delimitasiya və demarkasiya qanla və birtərəfli qaydada keçirilir...”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan noyabrın 25-də parlamentdə onun rəhbərlik etdiyi müxalifətçi Hayastan fraksiyasının təşəbbüsü ilə keçirilən dinləmədə deyib.

Ohanyan bəyan edib ki, Ermənistan hakimiyyəti sərhədlərin dəqiqləşdirilməsi prosesinə bunun üçün müvafiq şərait olmadan başlayır.

Onun sözlərinə görə bu, “Türkiyə-Azərbaycan hiyləsinə” uyğun olaraq keçirilən tələsik və vaxtsız prosesdir:

“Bugünlərdə delimitasiya və demarkasiya əslində ən alçaq bir tərzdə aparılır. Erməni əsgərin qanı ilə. Noyabrın 16-da baş verən hadisə bunun təsdiqidir. Ali hakimiyyətin bir nümayəndəsi də izah eləmədi ki, birgünlük müharibə niyə baş verdi, onun ardınca nələr oldu və ondan əvvəl nə olmuşdu. Fakt budur ki, indi bizim həlak olanlarımız, yaralılarımız, əsirlərimiz var və Azərbaycan Ermənistanın suveren ərazisinə girib. Yəni sərhədin qanla demarkasiyası baş verib”.

Ohanyanın sözlərinə görə bugün Ermənistanda bir nəfər də yoxdur ki, ölkənin sərhədini millimetrinədək dəqiqliyi ilə təsəvvür etsin, çünki sərhədlər sovet illərində dəyişdirilirdi.

“Mən bilmirəm alternativ Yerevan harda olacaq...”

Keçmiş prezident Robert Koçaryanın yaratdığı Hayastan fraksiyasının başçısı Ohanyan deyib ki, müharibə vaxtı tutulmuş mövqelər sərhədə dair gələcək danışıqlara böyük təsir göstərəcək.

Ohanyanın sözlərinə görə, ən mühüm mövqeləri Azərbaycana verməklə, yolları, sərhədyanı kəndləri təzyiq altında qoymaqla, alternativlər axtarmaqla hazırkı hakimiyyət ölkənin təhlükəsizlik potensialını heçə endirib:

“Mən bilmirəm ki, gələcəkdə alternativ Yerevan harda olacaq?”

Azatutyun yazır ki, parlament dinləməsi zamanı qaldırılan məsələlərdən biri də Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 26-də Soçidə keçirilən görüşü barədə idi.

Azatutyun yazır ki, rəsmi mənbələr Əliyev-Paşinyan-Putin görüşündə delimitasiya və demarkasiyanın gündəlikdə olub-olmayacağına dair heç bir məlumat verməyiblər.

Məqalədə xatırladılır ki, noyabrın 24-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıya və Yerevana səfər edib. O üçtərəfli Azərbaycan-Ermənistan-Rusiya komissiyasında Rusiyanı təmsil edən həmsədrdir. Bu işçi qrup Cənubi Qafqazda yolların açılması məsələlərini müzakirə edir.

Hökumətdən tələb

Azatutyun qeyd edir ki, dinləmədə bilavasitə çıxış etməyən parlamentdənkənar qüvvələrin nümayəndələri bu dinləmənin artıq gecikdiyindən narahatlıq ifadə ediblər.

Son günlərdə Yerevanda keçirilən antihökumət aksiyalarının təşkilatçılarından vəkil Ara Zöhrabyan deyib ki, parlamentdə oturub gözləmək lazımdır:

“Qoy Paşinyan təyyarədən düşüb nə dediyini, nəyi müzakirə etdiyini, nə imzaladığını, xalqımızın başına daha hansı müsibətləri gətirmək istədiyini desin”.

Müxalif Daşnaksütyun partiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, onlar axıradək mübarizə aparacaqlar, amma indi yalnız bir yol qalır, o da hökumətə tələbnamə mətninin hazırlanmasıdır:

“Hökumət Ermənistan Respublikası Konstitusiyasının tələblərinə və Erməni xalqının müstəqillik bəyannaməsində ifadə olunmuş kollektiv iradəsinə zidd istənilən danışıqlardan, yazılı və şifahi razılaşmalardan çəkinməlidir”.

Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan noyabrın 23-də keçirdiyi onlayn mətbuat konfransında müxalifəti narahat edən məsələlərə aydınlıq gətirməyə çalışmışdı.

O demişdi ki, noyabrın 26-da keçirilən görüşdə hər hansı sənəd imzalanarsa, bu, yalnız delimitasiya və demarkasiyanı həyata keçirəcək komissiyanın təşkili və formatı barədə olacaq.

Paşinyan özünün son bəyanatlarında Ermənistanın üzləşdiyi təhlükəsizlik çətinliklərinə də toxunmuşdu.

Baş nazir dəfələrlə etiraf etmişdi ki, “biz hazırda minalanmış sahədən keçirik və çox ehtiyatlı olmalıyıq”.

XS
SM
MD
LG