Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:59

Oskara niyə qadın rejissorların namizədliyi verilmir


Oskar almış yeganə qadın rejissor Ketrin Biqelou
Oskar almış yeganə qadın rejissor Ketrin Biqelou

Amerika Kino Akademiyası bu il də ən yaxşı rejissor nominasiyasına bircə qadın rejissorun da namizədliyini irəli sürə bilməyib. Akademiyanın 91 illik tarixində artıq 86-cı dəfədir ki, Oskar mükafatı yalnız kişi rejissorlara verilir.

Namizədlər arasında qadınların olmaması kinorejissorlar arasında onların sayının ümumiyyətlə, azlığı ilə bağlı deyil. Əsl səbəb çox sayda qadının film çəkməsinə baxmayaraq, onların işlərinin ilin ən yaxşı filmləri arasına düşməməsidir. «The Los Angeles Times» qəzetinin kino tənqidçisi Castin Çanq Tamara Cenkins (Private Life), Lukresiya Martel (Zama) və Xloya Caonu (The Rider) mümkün namizədlərin siyahısına daxil etmişdi. «Independent Spirit Awards» mükafatı isə Debra Qranik (Leave No Trace), Linn Remsi (You Were Never Really Here) və Tamara Cenkinsi ən yaxşı rejissor namizədləri arasında görüb.

Yeganə qadın rejissor

Taclı kral və ya kraliçalıq yarışından təcrid olunmaq Hollivud rejissorları üçün yaxın və uzunmüddətli mənfi nəticələr verir. Hər şeydən öncə onlar namizəd olmaq və Oskar mükafatını almaqla tanınmaq imkanlarını əldən qaçırırlar. Çox az sayda qadın bu zirvəyə yüksələ bilib.

Belə istisnalar arasında ən yaxşı kinorejissor nominasiyasının qalibi olmuş yeganə qadın Ketrin Biqelounun adını çəkmək olar. 2010-cu ilin Oskar təqdimetmə mərasimi ərəfəsindəki həftələr ərzində on illərlə müstəqil və son dərəcə nüfuzlu rejissor kimi fəaliyyət göstərən Biqelounun tanınması görünməmiş səviyyəyə çatdı. Bir-birinin ardınca dərc edilən məqalələrdə onun dəyərli və təsirli filmlərindən, rejissorluq bacarıqlarından və öz işinə nəzarət etmək əzmindən söz açılırdı.

Deyilənlərin üstündən 10 ilə yaxın vaxt keçib, ancaq Biqelou hələ də bu böyük qələbə və şöhrət dalğasından faydalanmaqdadır. Ötən il «Rolex» onu özünün «Kino ustaları» adlı reklam kampaniyasına daxil edib. Bu kampaniyaya, bir qayda olaraq, yalnız kişi kinorejissorlar daxil edilir. Parlaq, sanballı reklamlarda Ceyms Kemeron, Martin Skorseze, Alexandro Inyarritu Biqelou özlərinin və bir-birinin işlərini şərh edirdi. Kemeron onların «keyfiyyətə sədaqət» və «dünyaya unikal və vizioner baxış» kimi ümumi cəhətlərindən söz açıb. Skorseze İnyarritunu «müasir kinonun bayraqdarı» adlandırıb. Biqelou isə digər rejissorları nəzərdə tutaraq belə deyib: «Onlar müstəsna istedada malikdir və mənim bütün karyerama təsir ediblər, bundan sonra da mənə təsir göstərməkdədirlər». Sözügedən reklamlar bu rejissorların statusunu qabardaraq daha da önə çəkib, onları kino sənətinin əfsanələri kimi təqdim edib.

«Oskar neytral dəyərli mükafat deyil»

San-Diyeqo Universitetinin professoru Marta Lauzen Variety.com saytındakı məqaləsində yazır ki, Amerika Kino Akademiyasının böyük rejissorlarının panteonunun yaradılmasındakı rolu danılmazdır. Bu rol Amerika və Qərb mədəniyyətində mühüm yer tutur.

«Buna görə də, qurum nə qədər inklüzivlik qrantı ayırsa da, bu nüfuzlu mükafata layiqli qadın kinematoqrafçıların namizədliyini irəli sürə bilmirsə, deməli, kino sahəsindəki mövcud status-kvonu dəstəkləyir. Oskar neytral dəyərli mükafat deyil. Oskar mif yaratma maşınının ortasında duran, qısamüddətli perspektivdə karyera qurmağa, uzunmüddətli perspektivdə isə nüfuz, irs və tarix qoyub getməyə imkan verən mükafatdır.

Ketrin Biqelou daim ən yaxşı rejissor işi üçün Oskar mükafatına layiq görülməsi ilə yadda qalacaq. Bu mükafat onun rejissor karyerasının ayrılmaz hissəsidir. O, eyni zamanda, Hollivudda çalışan qadınların yaradıcılıq tarixinin bir hissəsidir. Kinematoqrafçıların indiki və gələcək nəsilləri onun filmlərini öyrənəcək, onun yaradıcılığını və karyerasından özləri üçün örnək götürəcəklər. Bu mənada Amerika Kino Akademiyası qadın kinorejissorların tanınmasının önlənməsindəki rolunu anlamalı, bu vəziyyətə gətirib çıxarmış prosedurların dəyişdirilməsi haqda düşünməlidir», – doktor Marta Lauzen yazır.

XS
SM
MD
LG