Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:58

Pandemiya vaxtı ayrılan milyardlardan kimə nə düşüb?


“...COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.

Bunu mayın 31-də Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış edərkən prezident İlham Əliyev deyib. Ötən il isə bəzi ölkə rəsmiləri həmin dəstəyin həcminin 2,5 milyard manat olduğunu demişdilər.

Nazirlər Kabinetindən “Turan” agentliyinə bildirilib ki, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata təxminən 2,5 milyard manat həcmində dəstək göstərilib:

Nazirlər Kabinetindən cavab

“Ötən il pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat yönəldilib. Sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 milyon manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün isə 90 milyon manat ayrılıb. Bundan başqa 115 milyon manat həcmində vergi güzəştləri təqdim edilib”.

Qurumdan qeyd olunub ki, koronavirus pandemiyası dövründə 600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi məqsədilə ümumilikdə 450 milyon manat vəsait xərclənib:

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənməsi məqsədilə dövlət büdcəsindən 27 milyon manata yaxın vəsait xərclənmişdir”.

Bu da vurğulanır ki, ümumilikdə məşğulluq və sosial rifaha dəstək bölməsi üzrə 610 milyon manat vəsait xərclənib.

İqtisadiyyat Nazirliyindən cavab

İqtisadiyyat Nazirliyindən isə agentliyə bildirilib ki, prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2020-ci ildə iqtisadiyyata, həmçinin sahibkarlıq subyektlərinə genişmiqyaslı dövlət dəstəyi göstərilib:

“Bu tədbirlərə pandemiyanın zərərlərini azaltmaq, iş yerlərini qorumaq üçün maliyyə dəstəyinin göstərilməsi, müddətli vergi güzəştləri və tətillərinin tətbiq edilməsi, güzəştli kreditlərin verilməsi və digər mexanizmlər daxildir”.

Nazirlikdən qeyd olunur ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib :

“Bundan əlavə 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib, 169 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə agentliyə deyilib ki, qlobal pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda sosial proqramların geniş vüsət alması təmin edilib. Habelə bildirilib ki, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4,8 milyondan çox vətəndaşı əhatə edən ciddi dəstək tədbirləri reallaşdırılıb :

“Dövlət sektorunda 910 min işçidən karantin (sərt karantin) dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, ixtisarlara yol verilməyib və bütün iş yerləri qorunub”.

Qurumdan qeyd olunub ki, pandemiya dövründə sosial ödənişlərin davamlılığı və daha da artması təmin edilib.

Nazirlikdən bildirilib ki, işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı şəxslərə 6 dəfə (Onun 3 dəfəsində bütün ölkə, qalan 3 dəfədə isə müəyyən bölgələr üzrə) birdəfəlik ödəmələr həyata keçirilib :

“Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 450 milyon manat vəsait sərf olunub”.

Əlavə olunub ki, 100 minədək ailə ərzaq yardımı ilə təmin edilib:

“Onlarda 400 minədək ailə üzvü var. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır..."

İşləməyə məcbur uşaqlar: 'Evə qənd, çay, makaron alırıq'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

“Dəfələrlə azdır”

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, prezident İlham Əliyevin qeyd etdiyi 2 milyard dollar birbaşa maliyyə dəstəyi deyil və onun içərisində həm dövlət zəmanətilə verilən kreditlərə görə ayrılan vəsait, həm də vergi güzəştlərindən yaranan xərclər var.

Ekspertin sözlərinə görə, əslində net olaraq sahibkarlara çatan vəsait dəfələrlə azdır:

“Bu dəstəyin effektini aşağı salan bir məqamdır. İkinci məqam isə ondan ibarətdir ki, bu vəsaitlərin bir hissəsi də daha çox iri şirkətlər arasında bölüşdürülüb. Yəni bölüşdürülməsi də ədalətli olmayıb”.

O qeyd edib ki, bu birbaşa yardımdan daha çox Azərbaycan Hava Yolları (AZAL) və Bakı Metropoliteni qapalı səhmdar cəmiyyətləri götürüb .

Yarıya qədəri Metropolitenə və AZAL-a çatıb

İbadoğlu deyib ki, bu istiqamətdə AZAL-a 230,9 milyon manat ayrılıb, onun 215,5 milyon manatı birbaşa bu quruma, qalan 15,4 milyonu isə Milli Aviasiya Akademiyasına verilib.

Bakı Metropoliteni QSC-yə gəlincə, ekspert qeyd edib ki, bu quruma pandemiya ilə bağlı əvəzsiz 27 milyon 679 min manat vəsait ayrılıb:

“Bütövlükdə sahibkarlara gedən vəsaitin demək olar ki, yarısına qədəri yalnız AZAL-a və Bakı Metropoliteninə verilib. Yerdə qalan hissə kiçik sahibkarlar arasında bölüşdürülüb və muzdlu işçilərə görə əmək haqqının ödənməsinə yönəldilib”.

Ekspert vurğulayıb ki, bu baxımından onun ümumi məbləğin hesablanmasına şübhəsi var.

Həlak olan mayorun xanımı: 'Evimiz yanıb, dolana bilmirik'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə yeni koronavirusla bağlı ötən ilin martından karantindir.

Rejim bu müddət ərazində gah sərtləşdirilib, gah da yumşaldılıb.

İndiyədək Azərbaycanda ümumilikdə 334 min 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 926-nın vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG