Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:40

Paşinyan: 'Biz bugünkü dünyaya qədim Van krallığının qalasındanmı baxmalıyıq?'


Nikol Paşinyan aprelin 10-da parlamentdə
Nikol Paşinyan aprelin 10-da parlamentdə

Ermənistanın baş naziri Nikol Paşinyan onun hökumətini Rusiya ilə münasibətləri korladığına və Ermənistanın Qərblə münasibətlərini dərinləşdiməklə ölkəni “strateji rəqabət” meydanına çevirdiyinə dair müxalifətin ittihamlarını rədd edib.

Aprelin 11-də Ermənistan parlamentində ikinci gündür ki, çıxış edən Paşinyan bir daha beynəlxalq aləmdə sərhədləri ilə tanınan “real Ermənistan” və “tarixi Ermənistan” istilahlarını qarşı-qarşıya qoyub.

Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycan da daxil bütün sərhəd məsələlərini yoluna qoymaq üçün bu ikisi arasında seçim etməlidir:

"Biz bugünkü dünyaya Van Krallığının qalasındanmı baxmalıyıq, yoxsa Ermənistan Respublikasının qalasından? Bu bizim konseptual debatımızdır”.

(Paşinyanın Van krallığı adlandırdığı – qədim Urartu dövlətidir. Bir çox erməni tarixçilər eramızdan əvvəl birinci minilliyin ilk yarısında mövcud olmuş və Şərqi Türkiyə, Naxçıvan və İran ərazisində yerləşmiş bu dövlətin erməni tarixi ilə bağlı olması barədə çox sayda əsərlər yazıblar. – red)

“Minsk qrupu nə idi bəs?”

Paşinyan habelə müxalifətin Ermənistanın Rusiya və Qərb arasında “geosiyasi rəqabət” meydanına çevrilməsinə dair tənqidlərinə də cavab verib.

O xatırladıb ki, Qarabağ münaqişəsinin dinc yolla həlli üçün yaradılmış ATƏT-in Minsk qrupuna Rusiya, ABŞ və Fransa başçılıq edirdilər.

Paşinyan yada salıb ki, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Minsk qrupundakı qərbli həmsədrlər rusiyalı həmsədrlə daim kəllə-kəlləyə gəlirdilər:

“Bəs ATƏT-in Minsk qrupu Ermənistan Respublikası ətrafında legitim geosiyasi rəqabət deyildisə, nə idi? Siz düşünürsünüz ki, Fransanın, Birləşmiş Ştatların, Rusiya və Minsk qrupunun başqa üzvlərinin maraqları sadəcə üst-üstə düşmüşdü? 30 ildir ki, bizi torba kimi ora-bura atırdılar. Bunu görməmişdiniz? Bu, geosiyasi rəqabət deyildi, bəs nəydi? Əksinə, biz indi Ermənistanı bu rəqabətdən çıxarmağa çalışırıq”.

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdikləri görüşdə Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd ediblər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken bəyan ediblər ki, bu yardım Ermənistanın “dayanıqlığını” artıracaq və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG