Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:36

Paşinyan Brüssel görüşünün detallarını açıqlayır


Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-də parlamentdə hökumət saatında deyib. O, Ermənistanın Azərbaycan ərazisindəki Başkənd (Artsvaşen) anklavının isə hüquqi əsasları olduğunu sözlərinə əlavə edib.

“Biz hələlik, tədqiqatlarımızda Ermənistan ərazisində Azərbaycanın de-yure anklavları olduğunu qeydə almamışıq. Əksinə, Artsvaşenin de-yure Ermənistan Respublikasının ərazisi olduğunu qeydə almışıq”, – o, sözlərinə əlavə edib.

Brüssel görüşündəki fikir ayrılıqları

Paşinyan mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə anklavlar məsələsinin müzakirə olunmadığını qeyd edib. Bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası zamanı qaldırılacaq.

Mayın 23-də tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiya yaradıb, bir gün sonra isə komissiya sədrləri bir araya gəliblər.

Brüssel görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilib. O, görüşlə bağlı bəyanatında Bakının sülh sazişi üçün təqdim etdiyi beş prinsip və Ermənistanın buna cavab olaraq açıqladığı altı təkliflə bağlı heç nə deməyib. Amma Paşinyan deyir ki, görüşdə Ermənistanla Azərbaycanın mövqeləri arasında, mahiyyətcə bəlli fikir ayrılıqları qeydə alınıb.

“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan isə hesab edir ki, münaqişə həll edilməyib”, – o vurğulayıb.

Dağlıq Qarabağ məsələsini ayırmaq

Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Paşinyan bu elementlərin Yerevan üçün qəbuledilən olduğunu deyib. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

Bəs, tərəflər razılığa gəlməsələr, danışıqlar necə davam edəcək? Paşinyan bu məsələyə toxunmayıb. Amma dediyinə görə, Dağlıq Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan münasibətlərindən, yaxud sülh sazişindən ayırmağı müzakirəyə çıxarıb. Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət bu məsələni müzakirə edir.

Baş nazir özü hansı variantı dəstəklədiyini deməsə də, müxalifətin bu gündəmi gücləndirdiyini qeyd edib.

“Biz həmçinin Artsax (Qarabağ) hakimiyyəti ilə bu ayrıcda ən yaxşı hansı taktiki yanaşmadan istifadəni müzakirə edirik. Bu məsələ mövcuddur və görürəm ki, müxalifət də bu məsələdən danışır”, – Paşinyan deyib.

Azərbaycan hələlik, Paşinyanın son bəyanatlarını şərh etməyib.

Ermənistan müxalifəti bu dəfə aksiyaya prezident aparatının önündən başladı
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Əsirlər məsələsi

Baş nazir Brüsseldə erməni əsirlərin qaytarılmasını məsələsinin də ümzakirə olunduğunu deyib. O, Azərbaycanda 39 erməni əsirin olduğunun təsdiqləndiyini vurğulayıb.

“Azərbaycan daima əsirlərin, girovların və digər saxlanan şəxslərin qaytarılmasını əlavə şərtlərə bağlamağa çalışır. Belə bir mövqe ilə razı deyilik. Bizim mövqeyimiz bundan ibarətdir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatına uyğun olaraq saxlanan bütün şəxslər – hərbi əsirlər, girovlar qaytarılmalıdır”, – hökumət başçısı bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə, Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Rəsmi Bakı hərbi əməliyyatlar bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Ancaq sonradan bir neçə qrup erməni hərbçi təhvil verilib.

Madrid prinsipləri

Paşinyan ötən hökumət saatında bir ifşaedici açıqlama vəd etsə də, müxalifət iclası tərk etdiyindən onu səsləndirməmişdi. O, 2000-ci illərdə ATƏT-in Madrid prinsiplərini qəbul etməklə ölkəyə dəyən ziyanla bağlı açıqlama verib.

“Madrid prinsiplərini qəbul etməklə, bu gün şəhərdə tıxaclar yaradan üç qüvvəni təmsil edən Ermənistan hökuməti Azərbaycana Dağlıq Qarabağın statusu məsələsində veto hüququ verdi. Mən (Minsk qrupu) həmsədrlərindən soruşdum ki, təzəyəm, mənə deyin, Dağlıq Qarabağ bu prinsiplər çərçivəsində Azərbaycanın tərkib hissəsi olmaya bilərmi? Qısa pauza edərək dedilər ki, hə, ola bilər, əgər Azərbaycan buna razılıq verərsə. Bu isə bizim Madrid prinsiplərilə bağlı yozumumuzu sübut elədi. Yəni, Azərbaycan Qarabağın statusunun dəqiqləşdirilməsinə veto qoyub”, – Paşinyan deyib.

Müxalifət dünənki iclasa qatılmayıb. Ermənistanda müxalifət Paşinyanı Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə hazır olmaqda suçlayır, ölkədə itaətsizlik aksiyaları keçirir.

XS
SM
MD
LG