Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:26

Penitensiar Xidmət T.Bağırovun təzyiqə məruz qalmadığını deyir


T.Bağırov
T.Bağırov

Penitensiar Xidmət «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun həbsxanada təzyiqə məruz qalması barədə deyilənləri təkzib edir. Bir gün öncə Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosuna bildirmişdi ki, ilahiyyatçının telefon danışıqlarına icazə verilmir və o, uzun müddətdir aclıq edir.

Penitensiar Xidmət isə bu məlumatın həqiqətə uyğun olmadığını bildirir. Qurumun məlumatına görə, Qobustan həbsxanasının rəisi Aftandil Ağayev fevralın 12-də T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadəni qəbul edib: «Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatçılığa heç bir əsas olmadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb».

«Lakin T.Bağırov onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatçılığını anlayaraq həbsxana rəisi T.Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov «Siz bura niyə gəlmisiniz, durun gedin» ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib», – məlumatda vurğulanır.

Penitensiar Xidmət bir daha bildirir ki, T.Bağırov ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməsi, eləcə də aclıq etməsi barədə ərizə ilə müraciət etməyib, təhlükəsizliyi təmin olunmaqla bütün hüquqları qorunur.

L.İsmayılzadə isə AzadlıqRadiosuna demişdi ki, T.Bağırov özünə, digər Nardaran məhbusu Cabbar Cabbarova işgəncələrə etiraz olaraq 14 gündür aclıq edir. «Taleh gördü ki, rəis olanları inkar edir, əsəbiləşdi, durub çıxıb getdi...», - L.İsmayılzadə deyib.

L.İsmayılzadə həyat yoldaşının səhhəti ilə bağlı danışarkən deyib ki, zəif idi, arıqlayıb, yorğunluq hiss olunurdu: «Bir də, eynəyi sınmışdı, əlində idi. Ondan eynəyinin niyə sındığını soruşa bilmədim. Bilmirəm orada nə ediblər, eynəyi sınıb. Eynəyinin bir qulpu sınmışdı».

İşgəncə halı ilə bağlı sualın cavabında L.İsmayılzadə T.Bağırova istinadən bunları deyib: «Taleh Bağırov işgəncələrlə bağlı rəisin üzünə dedi ki, koridora çıxanda sən 5-6 nəfəri mənim üstümə göndərmisən. Onlar mənim qolumu qanqren etmişdilər. Daha ətraflı soruşa bilmədik ki, onlar koridorda ona nə ediblər? Onun qoluna necə işgəncə ediblər ki, qanqren olub? İşarə ilə rəisə qolunun yuxarı hissəsini göstərdi. Yenə rəis onu da inkar etdi».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

C.Cabbarov da Nardaran məhbuslarındandır. O, 2015-ci il noyabrın 26-da T.Bağırov və digərləri ilə birlikdə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 19 il azadlıqdan məhrum edilib. Qobustan həbsxanasında saxlanan C.Cabbarovun səhhətində ciddi problemlərin olduğu bildirilir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG