Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:48

Elçin Qasımov şahid polisə: 'Kişi ol...'


İlahiyyatçı Elçin Qasımov
İlahiyyatçı Elçin Qasımov

Müsəlman Birliyi Hərəkatının sədr müavini, Nardaran hadisələrindən sonra həbs edilmiş daha 11 nəfərlə birlikdə hazırda mühakiməsi davam edən ilahiyyatçı Elçin Qasımovla onların işinə baxan hakim arasında ötən məhkəmədə kəskin mübahisə olmuşdu. Onların mayın 5-də keçirilən məhkəməsi də qalmaqalsız ötüşməyib.

“Nardaran-2” qrupunun tərkibində mühakimə olunan bu 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Şahidlər isə polislərdir.

Buna da bax:​ Elçin Qasımov hakimə: 'Cinayətkarın böyüyü elə sizsiniz!'

Mayın 5-də keçirilən məhkəmədə dörd nəfər polis əməkdaşı dindirilib. Onların hamısı Sabunçu Rayon Polis İdarəsinin işçiləri olub.

“Üzünü görməmişik, amma daş atanlar olub”

Polislərdən üçü - Nəsib Əsədullayev, Nadir VəliyevFirəddin İsmayılov 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlər haqda ifadə veriblər. Həmin gün Elçin Qasımovu həbs edib, idarəyə gətirəndən sonra bir qrup adam idarənin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.

Hər üç polis əməkdaşının ifadəsi demək olar ki, eyni olub. Onlar təqsirləndirilən şəxslərdən heç kimi tanımayıblar. Özləri aksiya iştirakçılarından heç kimi saxlamadıqlarını desələr də, idarənin qarşısına toplaşanların polislərə daş atdıqlarını iddia ediblər. Konkret kimin atdığını isə görmədiklərini deyirlər.

Buna da bax: 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'

“Yerdə daşlar var idi. Hava qaranlıq olduğundan adamların üzünü görə bilmirdik, lakin daş atanlar var olub”, - polis əməkdaşı Firəddin İsmayılovun sözləridir.

Təqsirləndirilən şəxslər isə deyir ki, orada adamlar dinc şəkildə toplaşmışdılar, onlar kimsəyə daş atmayıblar.

“Polislər əşyalarımı qaytarmayıb”

Təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayev idarənin qarşısında saxlanılarkən ondan götürülən əşyaların bu günə qədər qaytarılmadığını, hətta telefonundan indi də naməlum şəxslərin istifadə etdiklərini söyləyib: “Hazırda kimsə telefonda olan nömrənin “WhatsApp”ını işlədir. Telefonu qaytarmırlar, heç olmasa nömrəni qaytarsınlar. Xahiş edirəm, bu məsələ araşdırılsın”.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Hakim bildirib ki, yazılı ərizə ilə məhkəməyə müraciət etsə, bu məsələ araşdırıla bilər.

Sabunçu rayonu, 14-cü polis bölməsinin əməkdaşı Emin Babayev isə Elçin Qasımovun necə saxlanması haqda ifadə verib. İddia edib ki, Elçin Qasımov küçədə söyüş söydüyünə görə ona yaxınlaşıb, bölməyə dəvət ediblər. Amma o, getməkdən imtina edib, polislərə müqavimət göstərib.

Vəkil Fariz Namazlı Emin Babayevdən soruşub ki, bəs niyə ilahiyyatçını həmin vaxt bölməyə yox, idarəyə aparıblar. Polis cavab verib ki, onlara belə göstəriş gəlmişdi.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

“Yoxlayın, bəlkə dəlidi...”

Polis əməkdaşının ona verilən sualların bir çoxuna “xatırlamıram”, “yadımda deyil” cavablarını verməsi Elçin Qasımovu əsəbləşdirib. Babayevin yalan danışdığını deyən ilahiyyatçı eyni zamanda, onun tibbi ekspertizadan keçirilməsini istəyib: “Yoxlayın, müəyyənləşdirin, bəlkə bu adam elə dəlidir. Heç nə yadında deyil...”

Elçin Qasımovun şahid polisə “Kişi ol...” deməsinə hakim etiraz edib. İlahiyyatçı da öz növbəsində hakimə müraciət edərək, belə bir müqayisə aparıb: “Düzünü deyin, işlədiyiniz illər ərzində neçə dəfə rüşvət almısınız? Mən deyirəm ki, siz hər gün rüşvət alırsınız. Pul alıb, cinayətkarı buraxırsınız. Bu, şər-böhtandı, yoxsa yox? Görürsünüz, bu adam da gəlib mənə beləcə böhtan atır, şər danışır”.

Elçin Qasımovun müqayisəsi hakimi hiddətləndirib. Əvvəlcə şahid polis zaldan çıxarılıb, ardından hakimlər özləri də məhkəmə zalını tərk ediblər.

Buna da bax:​ “Nardaran işi-3”də qalmaqal: İki nəfər zaldan çıxarıldı

Məhkəmənin mayın 12-də davam edəcəyi elan olunub.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ 'Nardaran işi': 'Qonaq otağında xəncər, yataq otağında 2 qumbara var idi'

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG