Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:37

Polis şikayətləri necə araşdırır: 'Məbləğ min manatdan aşağıdırsa...'


Polis
Polis

"Azərbaycan polisinin işi bizim şikayətləri araşdırmaqdır. Amma şikayətlərə ya baxılmır, ya da Daxili İşlər Nazirliyi baxılmasını yubadır. Evimə oğru girmişdi, əşyalar getdi, iki ildən çoxdur ki günahkar tapılmır", -- bunu AzadlıqRadiosuna G.B. deyir.

Əslində şikayətçi ad-soyadının gizli qalmasını istəmirdi. Lakin dekabrın 2-də sosial şəbəkələrdə polis əməkdaşının uşağı yerə yıxıb təpikləməsinin videosu yayıldı. Həmin görüntülərdə digər polis bir nəfəri də zorakılıqla Post-Patrul Xidmətinin maşınına mindirməyə çalışırdı. Qəbələdə baş verən bu hadisədən sonra AzadlıqRadiosuna danışan vətəndaş şikayətini anonim şəkildə bildirmək qərarına gəldi.

Polisdən narazılar

G.B. deyir, Gəncədəki evindən qızına cehizlik aldığı, toplam 600 manatlıq məişət əşyaları oğurlanıb. Onun sözlərinə görə, polisə bir neçə dəfə şikayət edib, amma hələ də səs-səmir yoxdur.

"Boğazımızdan kəsib pul yığmışdıq balamız üçün. Hamısı qutusu açılmayan əşyalar idi. Anam xəstə idi, uşağım və yoldaşımla getmişdik Tovuza. Bir gün sonra qayıdanda gördük ev dağıdılıb, əşyalar oğurlanıb. Heç yerə əl vurmadan polisi çağırdıq, gəldilər və şikayətimizi qeydə aldılar. Sonra iki dəfə də özümüz bölməyə yaxınlaşmışıq, bildirildi ki, axtarılır. Amma daha inamımız qalmayıb…", -- vətəndaş narazılığını ifadə edir. O, alın təri ilə qazanıb aldığı əşyaların, ya da pulun geri qaytarılmasını, azından oğrunun tapılmasını istəyir.

'Polis dedi ki, işi ver bağlayım' - Azyaşlıya təcavüz iddiası
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

"Məbləğ azdırsa, şikayətə də baxılmır"

Lənkərandan Daxili İşlər Nazirliyindən (DİN) narazı vətəndaş Hüseynov oğurluq və dələduzluq halı ilə üzləşdiyini söyləyir. O və üç dostu mal-qara almaq üçün hərəsi 500 manat verdikləri adamdan bir ildir nə xəbər ala bilirlər, nə də heyvanı. Bununla bağlı şikayətə isə, hələ ki, baxılmadığını söyləyir: "Əslində məbləğ min manatdan aşağıdırsa, bu şikayət polisə maraqlı olmur. Rayonda bəziləri əlavə pul verib şikayətlərinin araşdırılmasını təmin edir. Mənim kimi kasıb balaları da gözləyir ki, onların şikayətlərinə nə vaxt növbə çatar. Hətta bəzən sıra çatmır, dəyən zərər azdırsa, ya da zərər verən polislə razılaşıbsa, polis artıq sənin işini atır zibil vedrəsinə".

Yaşlı adam hər gün idarəyə ayaq döyəsi deyil ki..

"Təqaüdümü pul bankomatından çəkdim, elə yolda itirdim. Təxmin edirəm ki, oğurlandı. Amma polis aylardır ki, nə pulu tapır, nə də götürən olubsa, o adamı", -- 70 yaşlı Zəfər kişi danışır.

Bakı küçələrində təqaüd kartı itirən yaşlı adamlara tez-tez rast gəlinir. Elə Zəfər kişinin həmyaşıdlarının da başına fərqli dönəmlərdə oxşar olay gəlib: "Yaşlı adam hər gün idarəyə ayaq döyəsi deyil ki... Bir il əvvəl itən puldan bir xəbər çıxmadı. Halbuki ətrafdakı marketlərdə də kamera var idi və tapmaq olardı...".

Polisdən şikayəti olan vətəndaş haqqını qoruya bilirmi?
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Daxili İşlər Nazirliyi isə…

Daxili İşlər Nazirliyi (DİN) bütün iddialara, sorğulara, əsasən, "şikayətlərini ətraflı şəkildə bildirsinlər, məsələ araşdırılacaq və düzgün hüquqi qiymət veriləcək" cavabını verir.

DİN AzadlıqRadiosu müxbirinin vətəndaşların şikayətlərinə baxılmasında ayrıseçkilik, tanışlıq və ya rüşvət qarşılığında prosesin tezləşdirilməsi iddiaları haqqında suallarını cavablandırmayıb. Nazirlik AzadlıqRadiosu ilə yalnız 2023-cü il üzrə şikayətlərə baxılması statistikasını bölüşüb. Qurumun mətbuat xidmətindən bildirilib ki, böyük əksəriyyəti vətəndaş müraciəti olan, DİN və prokurorluq üzrə qeydə alınmış 26 min 778 cinayətin 88.6 faizi açılıb.

Məlumatda qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, quldurluq daxil olmaqla bir sıra halların açılması üzrə yaxşılaşma olduğu deyilir: "Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması faktlarının sayı azalıb. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83.3 faizi tutulub".

Qanun və reallıq

DİN vebsaytında vətəndaş şikayətlərinə baxılması təlimatını yerləşdirib. Təlimatda qeyd olunur ki, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, qulluq mövqeyinə, əqidəsinə... görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.

İnsanlar niyə siyasətə qarışmaq istəmir? 'Başıma torba keçirdilər...'.
Gözlə

No media source currently available

0:00 0:10:46 0:00

Keçmiş polis əməkdaşı isə AzadlıqRadiosuna bu qanunun vaxtaşırı tapdalandığını, polis əməkdaşlarının tapşırıq gələndə vətəndaşlar arasında ayrıseçkilik etdiyini söyləyir: "Bəzən siyasi düşüncəsinə və fəaliyyətinə görə vətəndaşın şikayəti gözardı edilir. Hətta həmin şəxsin başına gələn olay təhlükəsizlik kamerası olan yerdə baş veribsə, faktlar da gizlədilə bilir. Ya da zərər verən şəxsin qohumu, tanışı vəzifəlidirsə, zərərçəkənin işi yubadılır və həll edilmir. Lakin rüşvətə görə baxılmaması hazırda çox yayqın deyil. Rüşvəti vəzifəsi və arxası yüksək olanlar alır, çünki aşağıların pul yeməsinə yuxarılar razı olmur dövlət işində, əgər razı olubsa, deməli, iki dəfə artığı özünə çatıb".

Polis cəzalanmırsa...

Tənqidçilər polisin vətəndaşın şikayətinə adekvat cavab verməməsinin bir səbəbini onun cəzasız qalmasında görürlər. Prezident İlham Əliyev dəfələrlə polis əməkdaşlarını müdafiə edib.

AzadlıqRadiosuna danışan keçmiş polis işçisi şikayətlər üzrə sistemi təkmilləşdirməyi, alt-kateqoriyalar yaratmağı, hər şikayət üzrə xüsusi mütəxəssislər cəlb etməyi, təhlükəsizlik kameralarını artırmağı vacib sayır.

Zəhra Əliyeva isə artıq şikayətinə baxılmasının bir anlamının qalmadığını deyir. O, iki dəfə Bakıda polis bölməsinə ərinin fiziki şiddətindən şikayət ünvanlayıb. Şikayətlərin üstündən üç il keçir. "Boşandım, yoldaşım peşman olduğunu da etiraf etdi. Amma hələ də polis bir dəfə zəng edib maraqlanmayıb ki, sağam, ya ölmüşəm", -- deyən Zəhra hazırda qadınlara fiziki zorakılıq halları ilə bağlı hüquqi yardım göstərir. O danışır ki, polis həmin qadınların şikayətlərini də əksər hallarda araşdırmır...

XS
SM
MD
LG