ABŞ dövlət katibi Mike Pompeo deyib ki, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in xidməti dövründə real təhlükə altında olub-olmadığı araşdırılacaq.
Pompeonun yanvarın 17-də verdiyi bu bəyanatdan əvvəl 2019-cu ilin mayında geri çağırılmış səfir Yovanovitch-in Ukraynadaykən izləndiyini göstərən sənədlər açıqlanmışdı.
Bu sənədlər onu da göstərir ki, Ukrayna doğumlu ABŞ vətəndaşı Lev Parnas prezident Donald Trump-ın şəxsi vəkili Rudy Giuliani-yə ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden və onun oğluna aid ifşaedici materiallar axtarışında kömək edib.
Bu sənədlərdən həm də bəlli olur ki, Konqresə respublikaçı namizəd Robert Hyde-ın Parnasa mesajlarında səfirin yerini göstərən məlumatlar yazılıb. Bu isə Marie Yovanovitch-in izləndiyinə dair şübhələr oyadır.
Hazırda ABŞ Senatında prezident Donald Trump-ın impiçment mühakiməsinə başlanıb.
O özünün siyasi rəqibi Joe Biden-ə qarşı cinayət işinin açılması üçün Ukrayna prezidentinə təzyiq göstərməklə səlahiyyətlərini aşmaqda və ədalətə əngəl yaratmaqda ittiham olunur.
Pompeo radio müsahibəsində deyib ki, hökumət həqiqətin üzə çıxarılması üçün əlindən gələni edəcək:
"Mən inanıram ki, bu xəbərlərin böyük bir hissəsinin düzgün olmadığı üzə çıxacaq. Amma mənim bir dövlət katibi kimi vəzifəm qiymətləndirmək və təhqiq etməkdir”.
Pompeo deyib ki, o Parnası nə görüb, nə də tanıyıb.
Yovanovitch ötən yazda ona qeyri-müəyyən təhlükə olması ilə bağlı Dövlət Departamenti tərəfindən Ukraynadan geri çağırılmışdı.
Səfir bu barədə ötən noyabrda keçirilən Konqres dinləməsində ifadə verib.
ABŞ-ın Ukraynadakı səfiri geri çağırılmazdan bir ay əvvəl Trump-ın adamları onun vəzifəsindən uzaqlaşdırılması üçün səylər edirdilər.
Yanvarın 16-da Ukrayna keçmiş ABŞ səfirinin izlənməsinə dair iddialarla bağlı cinayət işi açdığını bildirib.