Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Prezidentin köməkçisinin oğlu şərikini məhkəməyə verib


Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin oğlu Hikmət Nağdəliyev öz ortağını məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi isə 2018-ci ilin yayında açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi şirkətdir. Söhbət, əsasən, ölkənin daxili bazarı üçün taxıl və qarğıdalı yetişdirilməsiylə məşğul olan "Region Agro" MMC-dən gedir.

H.Nağdəliyev "Region Agro" MMC-nin təsisçilərindən Arif Məmmədova qarşı iddia qaldırıb. H.Nağdəliyevin tələbi də budur ki, A.Məmmədovun 50 faizlik payı onun adına keçirilsin.

"Hikmət Nağdəliyev Arif Məmmədovun, ümumiyyətlə, təsisçilər sırasından çıxarılmasını, onun şirkətdə iştirakçılığına xitam verilməsini istəyir. Özünün şirkətdə Nizamnamə kapitalı üzrə payı 100 faiz olsun", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

Bu məsələyə Nəsimi Rayon Məhkəməsi baxacaq.

Bakı Kommersiya Məhkəməsi işə baxmaqdan imtina edib

Prezident köməkçisinin oğlu iddia ərizəsini Bakı Kommersiya Məhkəməsində qaldırsa da, bu qurumda onun işinə baxmaqdan imtina olunub. Məhkəmə belə nəticəyə gəlib ki, bu, mülki mübahisədir və rayon məhkəməsində baxılmalıdır. Cavabdeh A.Məmmədov da Bakının Nəsimi rayonu ərazisində yerləşən ünvanda qeydiyyatda olduğuna görə iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Amma Bakı Kommersiya Məhkəməsində də bir dəfə iclas keçirilib. Məhkəməyə nə H.Nağdəliyev gəlib, nə də pay tələb etdiyi cavabdeh A.Məmmədov. "Amma Hikmət Nağdəliyevin vəkili iştirak edib. Bu məsələyə hansı məhkəmədə baxılması məsələsi müzakirə olunanda da vəkil işin başqa məhkəməyə göndərilməsini istəməyib. Deyib ki, bu, iqtisadi mübahisə olduğuna görə elə kommersiya məhkəməsi baxmalıdır. Amma hakim iyunun 12-də qərardad çıxarıb ki, iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin", – mənbə bildirir.

Qanuna görə, tərəflərdən hansısa biri bu qərardan narazı qalsa, 10 gün ərzində apellyasiya məhkəməsinə şikayət verib, onun ləğvini istəyə bilər. Qərardan hələ şikayət verilmədiyi bildirilir.

Prezident İlham Əliyev 2018-ci il iyunun 5-də "Region Agro" MMC-nin və şirkətə məxsus, Goranboyda yerləşən aqroparkın açılışında iştirak edib. Açılış mərasiminə o dövrdə İqtisadiyyat naziri olan Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov da qatılıb. Orada məlumat verilib ki, ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına dövlət 6 milyon manat güzəştli kredit verib.

H.Nağdəliyev prezidentin köməkçisi Z.Nağdəliyevin iki oğlundan biridir. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

XS
SM
MD
LG