Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Priqojinlə hərbi liderlər arasında nə baş verir


Ukrayna hərbçiləri Baxmut yaxınlığında
Ukrayna hərbçiləri Baxmut yaxınlığında

Rusiya hərbi elitasıyla Vaqner muzdlu şirkətinin başçısı Yevgeni Priqojin arasında son söz savaşı dərinləşən ziddiyyətləri üzə çıxararaq Moskvanın Ukraynadakı müharibədə üzləşdiyi uğursuzluqları ortaya qoyur. Bütün bunlar Donbasdakı Baxmut şəhərində ağır döyüşlərin getdiyi vaxtda baş verir.

Priqojin bu yaxınlarda Rusiyanın hərbi rəhbərliyini tənqid edib. Bundan öncə isə Vaqner muzdluları Baxmut yaxınlığından yaydıqları videoda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu söyür, Ukrayna qüvvələrinə qarşı müharibədə sursatın çatışmamasından gileylənirlər.

Priqojinin mesajı

Rusiyanın bir sıra media orqanları və müharibə tərəfdarı blogerlər öncə videonun saxta olduğunu, “Ukrayna millətçiləri”nni rusiyalıların qətiyyətini qırmaq üçün döyüşçü kimi geyinərək video çəkdiklərini iddia ediblər. Ancaq Priqojin dekabrın 27-də özünün “Concord Management” şirkətinin mətbuat xidmətinin Telegram kanalında paylaşdığı mesajla bu fikirləri puç edib.

“Bədnam videodakılar ukraynalı millətçilər deyil”, – deyən Priqojin cəbhə xəttindəki problemlər haqda eşitməyin ağır olduğunu qeyd edib. “Hər gün ölən dostlarınızın meyitlərini daşıyır, onları son dəfə görürsüz, sonra isə çox vacib ləvazimatlara ehtiyac yaranır. Hər addımda peyda olan problemlərə gəlincə, onları həll edəcək, onları həmin problemlərin həllinə məcbur edəcəyik”, – o vurğulayıb.

Təhlilçilər bu söz savaşını Priqojinlə Rusiya hərbi elitasının dərinləşən ziddiyyətlərinin əlaməti kimi görürlər. Ukraynadakı müharibə Vaqner qrupu və Priqojini beynəlxalq diqqət mərkəzinə çıxarıb. Mühacirətdə yaşayan rusiyalı biznesmen, Kremlin tənqidçisi Mixail Xodorkovskinin maliyyələşdirdiyi, Londonda yerləşən “Dosye Mərkəzi”nin jurnalisti Denis Korotkov son illər Priqojinin yüksəlişini izləyib, Vaqner-in fəaliyyəti haqda bir neçə məqalə yazıb.

Güclülərlə münaqişə

AzadlıqRadipsunun Amerikanın səsi ilə birgə layihəsi olan “Current Time”a müsahibəsində Korotkov deyib ki, Vaqner muzdlularının videosunun Priqojinin razılığı olmadan yayılması ağlabatan görünmür.

“Priqojin fevral işğalından sonra yaranmış yeni reallıqda öz yerini axtarır və bu da onu bir çox güclü adamlarla münaqişə durumuna salıb”, – jurnalist söyləyir.

Priqojinin şirkətləri Prezident Vladimir Putinin xarici qonaqlarla naharlarının təşkiliylə məşğul olduğundan ona “Putinin aşpazı” da deyirlər. Tanınmış oliqarx Birləşmiş Ştatların sanksiya siyahısına salınıb. Onun maliyyələşdirdiyi “İnternet Araşdırmaları Agentliyi” 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədə ittiham olunur.

Vaqner Rusiyanın xaricdəki əməliyyatlarında da vacib rol oynayıb. 2014-cü ildə Ukraynanın şərqində, Suriyada, Afrikanın müxtəlif ölkələrində döyüşlərə cəlb olunub. Qrupun almaz və qızıl qaçaqçılığı, xarici silahlı qruplaşmalara təlim keçməsi və silahla təchiz etməsi, bəzi qətllərdə də adı hallanıb. 2018-ci ildə “Dosye Mərkəzi”nin üç rusiyalı reportyoru Cənubi Afrika Respublikasında Vaqnerin fəaliyyətini işıqlandırarkın qətlə yetirilib.

Ukraynadakı rol

Ukraynadakı müharibədə də Putinin Vaqner-dən getdikcə daha çox yararlandığı bildirilir. Rusiyanın Mariupol, Severodonetsk şəhərlərini tutmasında, hazırda Baxmutdakı döyüşlərdə də Vaqner-in rolunun artdığı bildirilir.

Üstəlik, son aylar minlərlə məhbusun bu qrupa cəlb olunduğu deyilir. Priqojinin Rusiyada məhbuslar araslnda şəxsən təbliğat apardığını göstərən videolar yayılıb.

Korotkov deyir ki, Priqojinin qon qəzəbli bəyanatı Baxmut döyüşlərində məyusluqdan qaynaqlanır. Putin hər iki tərəfin ağır itkilər verdiyi şəhərin alınmasının vacibliyini şəxsən vurğulayıb.

Jurnalistin sözlərinə görə, Vaqner hələ də sursat təminatında Rusiya ordusundan asılıdır və “getdikcə təchziatın azaldığını” görür.

“Çoxdan söhbət gedir ki, Baxmut Rusiya qüvvələrinin əlinə keçəcək, ancaq bu yöndə irəiləyiş olmayıb. Priqojin davranışını heç də həmişə götür-qoy etmir, impulsiv ola bilər. Burada onun başlanğıcını görürük”, – Korotkov vurğulayıb.

Yüksəliş yolunda

Vaxtilə Kreml Vaqner kimi kölgə təşkilatıyla hər hansı əlaqəsini danırdı, ancaq Ukrayna müharibəsində Priqojin özünün muzdlu döyüşçülər şirkətilə daha açıq mövqe tutmağa başlayıb. RT dövlətin maliyyələşdirdiyi media orqanı dekabrın əvvəlində “PMC Vagner – Vətənlə Kontrakt” adlı sənədli filmdə bu muzdlu qrupunu patriotlar adlandırıb. Filmdə Priqojinin Rusiya elitasında nüfuz qazanmasına eyham vurulub.

Korotkovun sözlərinə görə, Priqojinin Putinə çıxışının artması haqda şayiələr dolaşdığı bir vaxtda oliqarx öz mövqelərinin kommunikasiyası üçün yollar axtarmalı, gündəmini Rusiya prezidentinə çatdırmalıdır.

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) dekabrın 22-də deyib ki, Ukraynadakı Rusiya qüvvələrinə dəstək məqsədilə Vaqner Şimali Koreyadan silah alıb. Priqojin bu iddianı rədd edib. Ancaq Korotkovun sözlərinə görə, Baxmutda gərgin döyüş getdiyi bir vaxtda Vaqner başçısı Rusiyanın apardığı müharibəyə sadiqliyini göstərməyə çalışır, eyni zamanda özünü döyüşdə hər hansı gələcək uğursuzluqdan kənar tutur.

“O, səfeh-zad deyil. Anlayır ki, Baxmutda döyüşlər bu və ya digər dərəcədə sona yaxındır”, – Korotkov vurğulayır.

XS
SM
MD
LG