Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:30

‘Priqojinin kuvaldası’ Putin Rusiyasının simvoluna necə çevrildi


Deputat Sergey Mironova Vaqnerdən "hədiyyə"
Deputat Sergey Mironova Vaqnerdən "hədiyyə"

AzadlıqRadiosunun təhlilçisi Robert Koulsonun məqaləsində deyilir ki, Kremlə bağlı biznesmen Yevgeny Priqojin uzun illər kölgədə fəaliyyət göstərib.

Kremlin iaşə xidmətinin məhz ona tapşırılması Priqojinə təkcə “Putinin aşpazı” ayamasını yox, həm də nəhəng sərvət qazandırıb.

O bundan başqa Sankt Peterburqda “troll fabriki” kimi tanınan internet araşdırmaları mərkəzinin əsasını qoyub. Bu mərkəzin ABŞ seçkisinə müdaxilə cəhdlərində mərkəzi yer tutduğu bildirilir.

Lakin son aylarda Priqojini daha çox Ukrayna cəbhəsinin ən qızmar nöqtəsi olan Baxmutda görmək olar.

Onun Vaqner özəl şirkətinin muzdlu döyüşçüləri müharibənin ən ağır yükünü çiyinlərinə götürüblər.

Priqojinin şirkəti tərəfindən yayılan videolarda onun Ukrayna müharibəsində iştirak üçün koloniyalardan məhkumları şəxsən səfərbər etməsi görünür.

Bu videoların bəzilərində isə Priqojinin özünün söyüş dolu bəyanatları səslənir. Bəzi təhlilçilər Priqojinin getdikcə daha çox siyasət meydanına atılmaq cəhdlərindən danışırlar.

Meyitlərin fonunda 9 may çıxışı

9 maya həsr olunmuş videoda Priqojin əynində ağır döyüş paltarında, bir qalaq meyitin qarşısında çıxış edir. O bunların həlak olmuş Vaqner döyüşçüləri olduğunu bildirir və onların ölümündə Rusiya hərbiyyəsinin səriştəsizliyini, ilk növbədə müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu ittiham edir. Priqojin iddia edir ki, onun Baxmutdakı uğursuzluqları Müdafiə Nazirliyinin onun dəstəsinə kifayət qədər sursat vermədiyinə görə baş verib.

Həm də Strelkov adı ilə tanınan keçmiş FTX əməliyyatçısı və 2014-cü ildə Ukraynanın şərqində separatçı üsyana başlamış İqor Girkin ötən ay bildirib ki, “Priqojinin arxasında ciddi qüvvələr dayanır”.

61 yaşlı Priqojin Putin kimi Sankt Peterburqda doğulub və onun varlanıb qüdrətlənməsində əsas rolu elə prezident oynayıb.

O hələ yeniyetmə yaşlarında, 1981-ci ildə mənzil oğurluğuna görə həbsxanaya düşüb.

Priqojin 1990-cı ildə Sovet İttifaqının çökməsindən bir il əvvəl 12 illik cəzasının 9 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Belə ehtimal olunur ki, Priqojin Putinlə ilk dəfə 1990-larda tanış olub. O vaxt o kazino biznesi başlamaq istəyirdi və Putin Sankt Peterburq hökumətində həm də qumar oyunları şurasına sədrlik edirdi.

“Priqojin elə məsələləri həll edir ki...”

Rusiyanın təhqiqat jurnalistlərindən Andrey Zaxarov AzadlıqRadiosuna deyib ki, Priqojinin qüdrəti hələ də birbaşa Putindən qaynaqlanır.

Jurnalist deyir ki, o Putinin “bir sıra çox mühüm tapşırıqlarının” icraçısı olub:

"Onun problemləri həll etmək üsulları Putinin yaxın çevrəsindəkilərin üslubundan fərqlənir”.

Bununla belə jurnalist qeyd edir ki, Priqojinin hazırkı vəziyyəti o qədər də təhlükəsiz deyil:

"Mən çoxdan bəridir adamlara deyirəm ki, Priqojinin əhəmiyyətini çox da şişirtməyin. Əgər sabah dövlət ona dəstəyini dayandırsa, o yalnız Sankt Peterburqda bir-iki restoranı olan adi oğlana çevriləcək, başqa heç nə. Onun nəyi varsa, Vaqnerin pulu, troll fabriki – bunların hamısı hökumət kontraktlarından ödənir. Bu adam tamamilə dövlətdən asılıdır”.

Ukraynalı politoloq Leonid Şvets də razılaşır ki, Priqojin barədə ən mühüm cəhət onun Putinlə bağlılığıdır:

"Priqojin elə məsələləri həll etməyə qabildir ki, bunu yalnız Putin tərəfindən himayə olunan şəxs edə bilər. Vladimir Vladimiroviç ona kart blanş verib”.

“Hər şey ola bilər”

Özünün son videolarından birində Priqojin ölkə hərbiyyəsini tənqid etməklə yanaşı, hansısa “babadan” danışıb.

Bir çoxları söhbətin məhz Putindən getdiyini deyirlər. Priqojin sonradan Putini nəzərdə tutmadığını desə də, bu bəyanat onun bir gün Kremlin qırmızı xətlərini aşa biləcəyini göstərir.

Bu yaxınlarda yayılmış xəbərdə deyilirdi ki, guya sızmış sənədlər Priqojinin Ukrayna xüsusi xidmətləri ilə əlaqəyə girdiyini göstərib. İddia olunurdu ki, guya Priqojin Kiyevə Baxmutun təslim edilməsi müqabilində Rusiya qoşunlarının koordinatlarını təklif edib.

Lakin Şvets əmindir ki, Putin Priqojinin onun xələfi olmaq ambisiyalarını dərhal darmadağın edəcək:

"Elə ki, Putin bunu hiss elədi, Priqojinin başına 2006-cı ildə keçmiş FTX casusu Aleksandr Litvinenkonun radioaktiv poloniumla və ya 2020-ci ildə müxalifət siyasətçisi Aleksey Navalnının əsəb-sinir agenti ilə zəhərlənməsinə bənzər hadisə gələcək. Hər şey ola bilər”.

Putinin söyən ağzı

Svets güman edir ki, Putinin onu qane etməyən rəsmilərin kiminsə tərəfindən təhqir olunmasına ehtiyacı var:

"Putinə kiminsə Soyqu və Gerasimova idiot deməsi lazımdır”.

Londondakı Kollec Universitetində Slavyan və Şərqi Avropa Tədqiqatları Məktəbinin fəxri professoru Mark Qaleotti The Spectator jurnalında yazır ki, Priqojinin davranışı “elitanın putinsayağı idarə olunmasının” nümunəsidir:

"Qarşılıqlı şübhə mədəniyyəti, kannibalist rəqabət və fürsətçi şəxsi maraqlar Putini iki onillikdən çox müddətdə hakimiyyətdə saxlayıb”.

Bununla belə Qaleotti yazır ki, bu cür praktika “birlik, həmrəylik və qarşılıqlı dəstək tələb edən müharibə şəraitində” olduqca risklidir.

Peterburqun liberal siyasətçilərindən Maksim Reznik AzadlıqRadiosuna müsahibəsində deyib ki, Priqojindən “qurbanlıq keçi” kimi də istifadə oluna bilər:

"Biz hazırda görürük ki, məğlubiyyətlərin günahkarı axtarılır. Həm Priqojin, həm də hakimiyyətin zirvəsində olanlar bunu çox yaxşı bilirlər”.

Tbilisi hava limanında Rusiya ilə reyslərin bərpasına etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Kuvalda

2022-ci ilin noyabrında Vaqnerə bağlı sosial media kanalı bir video yaymışdı.

Bu videoda Ukrayna tərəfə keçən bir muzdlunun ağır çəkiclə edam olunması görüntülənmişdi. Bu, 2017-ci ildə Rusiya muzdlularının Suriyada bir ərəb fərarini cəzalandırmasını göstərən videoya bənzəyirdi.

Bu səhnələr bütün dünyanı sarsıtsa da, gürz Priqojinin qəddarlıq brendinə çevrildi.

Priqojin qırmızı qan rəngində boyanmış və violonçel qutusuna qoyulmuş gürzü Rusiyanı terrorçu dövlət elan etməyə hazırlaşan Avropa İttifaqına göndərmişdi.

2022-ci ilin dekabrında belə bir qanlı gürz Finlandiyanın Moskvadakı səfirliyinin qarşısına qoyulmuşdu.

Yanvar ayında Duma deputatı Sergey Mironov əlində ağır çəkiclə şəkil çəkdirmişdi. O bu şəklə yazdığı postda “kuvaldanın” Vaqnerdən hədiyyə olduğunu bildirirdi.

Rusların “kuvalda” və ya ağır çəkic adlandırdıqları gürz Rusiyada “xain” axtarışına heyranlığın simvoluna çevrilib. Bu həm də Putin Rusiyasının simvoludur. Rusiyada ya gürzü qaldıran, ya da onun altında əzilən olmaq mümkündür.

XS
SM
MD
LG