Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:31

Putin koronavirusu ‘qıpçaqlara’ bənzətdi, internet reaksiya verdi


Rusiya prezidenti Vladimir Putin aprelin 8-də qubernator və nazirlərlə koronavirus epidemiyası ilə mübarizəyə həsr edilmiş müşavirə keçirib. Müşavirə videobağlantı vasitəsilə keçirilirdi.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, o giriş sözünün sonunda rusiyalılara müraciət edib.

Putin martın 25-dən bəri koronavirus epidemiyası ilə bağlı xalqa üçüncü müraciətində rusiyalıları karantin və özünütəcrid qaydalarına ciddi riayət etməyə çağırıb.

Putin bildirib ki, yaxın 2-3 həftə koronavirusla mübarizədə həlledici olacaq:

"Hər şey keçib gedir, bu da keçəcək. Bizim ölkəmiz dəfələrlə ciddi sınaqlardan çıxıb: ona peçeneqlər iztirab veriblər, qıpçaqlar da...Rusiya hamısının öhdəsindən gəlib. Bu koronavirus mərəzinə də qalib gələrik”.

Həkimlərə əlavə maaş

Putinin çıxışının birinci hissəsi həkimlərin, bizneslərin və əhalinin dəstəklənməsi tədbirlərinə həsr olunmuşdu.

O bildirib ki, indi, epidemiya şəraitində iqtisadiyatı bağlamaq, regionlar arasında nəqliyyatın hərəkətini, yük və sərnişin daşımalarını dayandırmaq olmaz.

İnzibati sərhədlərin bağlanması məsələsi bu yaxınlarda baş nazir Mikhail Mishustin-lə Çeçenistan başçısı Ramzan Kadyrov arasında qiyabi söz çəkişməsinə səbəb olmuşdu.

Putin bildirib ki, koronavirusla mübarizədə iştirak edən həkimlərə, hərbçilərə edildiyi kimi əlavə sosial ödənişlər edilməlidir.

O əlavə edib ki, tibb işçiləri üçün üç ay müddətinə 25-80 min rubl arasında (330 - 1065 dollar) aylıq əməkhaqqı təyin ediləcək.

Bundan başqa Putin biznesin dəstəklənməsi üçün əlavə tədbirlərə ehtiyac olduğunu etiraf edib və deyib ki, hökumətə 5 gün müddətində belə tədbirlər barədə plan hazırlamaq tapşırılıb.

Prezident bundan əvvəl kiçik və orta bizneslərə vergi və sosial fondlara ödənişlər üçün 6 aylıq möhlət vermişdi.

Qıpçaqlar olanda "Rusiya" adı yox idi

Peçeneqlər – qədim türkdilli xalqlardan biridir. Oğuz tayfalarının tərkibinə daxil idi. Onlar tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır.

Putinin rusca “polovtsı” adlandırdığı xalqın Avropa mənbələrindəki başqa bir adı da kumanlardır. Bu xalq özünü qıpçaq adlandırırdı. Krım qıpçaqları özlərinə tatar deyirlər.

Qədim qıpçaqlar Mərkəzi Asiya türkdilli xalqlarının, azərbaycanlıların və elə Rusiya Federasiyasındakı bir sıra xalqların milli təşəkkülündə iştirak ediblər.

Kiyev Rus dövləti X-XIII əsrlərdə bu tayfalarla çoxsaylı müharibələr aparıb.

Maraqlıdır ki, həmin dövrdə hələ "Rusiya" adı yox idi.

Rusiya sosial mediası reaksiya verir

BBC-nin Rus xidməti yazır ki, Putin peçeneqlər və qıpçaqlar barədə bu ifadələri bundan əvvəl iki dəfə - 2010 və 2013-cü ildə sözbəsöz işlədib.

2013-cü ildə Putin demişdi ki, bu sözlər “bir məşhur Rusiya vəkilinə məxsusdur”.

BBC-nin Rus xidməti dəqiqləşdirib. Söhbət 19-cu əsrdə yaşamış hüquqşünas Fyodor Plevakodan gedir.

Amma məsələ burasındadır ki, Plevakoya aid edilən sitatın bütöv variantında peçeneq və qıpçaqlardan başqa tatar və polyakların da adları çəkilir.

Putinin sözü gedən çıxışından dərhal sonra Rusiyanın sosial şəbəkələri prezidenti məsxərəyə qoyan postlarla dolub.

Gleb G adlı istifadəçi Putinin videobağlantı ilə keçiridiy müşavirəyə oxşayan başqa bir şəkil tapıb.

Başqa bir Twitter istifadəçisi isə yazır: “Koronavirus rus torpağını təmizlədi deyə ora qıpçaqlar doluşdu”.

İstifadəçilərdən biri yazır ki, görünür prezidentə Rusiyanın düşmənlərinin adını çəkmək lazım gəlib:
“Amma bunu elə etmək lazım idi ki, müasirlərdən heç kəs inciməsin, sanksiyalar qaldırılsın”.

Digər istifadəçi isə qeyd edir ki, neftin qiyməti 30 dollar yox, 70 dollar olsaydı Putin almanların da adını çəkərdi.

Oleg Kozyrev adlı istifadəçi isə lətifə toqquşdurub:

“Bir dəfə Putinin başında peçeneq, qıpçaq və koronavirus rastlaşırlar. Koronavirus dərhal dönüb gedir: - Görürüəm ki, burda mənsiz də problem çoxdur”.

Başqa bir istifadəçi isə mayın 9-da Qırmızı meydanda qıpçaqlar üzərində qələbə paradı keçirməyi təklif edir.

XS
SM
MD
LG