Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Məişət zorakılığından ölən qadınların sayı 25 faiz artıb


Son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb.
Son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb.

Qadınlara qarşı zorakılıq indi Azərbaycanda ən çox dartışılan mövzulardandır. Rəsmi rəqəmlər ölkədə məişət zorakılığı ucbatından son illər həyatını itirən qadınların sayca artdığını göstərir. Qanunvericiliyə görə, məişət zorakılığı deyərkən, bir şəxsin yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamdan sui-istifadə etməklə digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması anlaşılır. Dövlət Statistika Komitəsinin (DSK) bilgisinə görə, ötən il Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub. Daha bir il öncə bu rəqəm 46 olmuşdu. Ondan da əvvəl - 2020-ci ildə 41 qadın belə zorakılıq üzündən həyatını itirmişdi. Bu o deməkdir ki, təkcə son iki ildə məişət zorakılığı üzündən həlak olan qadınların sayı 25 faiz artıb. Müstəqil araşdırıcılar, qadın haqları fəalları həmin sayın əslində daha çox olduğunu bildirirlər. Fəallar hökuməti məişət zorakılığı ilə effektiv mübarizə aparmamaqda, hüquq-mühafizə orqanlarının yetərsiz qalmasında da suçlayır.

Zorakılığı ən çox ərlər törədir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığının baş verməsinin səbəblərinin öyrənmək, məişət zorakılığının əsas fəsadlarını müəyyənləşdirmək, onunla mübarizədə mövcud hüquqi və institusional mexanizmləri qiymətləndirmək üçün araşdırma aparıb. Zorakılığa məruz qaldığından komitəyə üz tutan 48 qadın, üstəlik, Bakı və Gəncədəki sığınacaqlara yerləşdirilən qadınlar araşdırmaya qatılıb. Bəlli olub ki, belə qadınlar ən çox ərlərindən zorakılıq görürlər. Araşdırmaya qatılan qadınların 33 faizi, yəni hər üç nəfərindən biri məhz elə deyib. Həmin qadınların daha 16 faizi keçmiş ərlərindən zorakılıq gördüklərini söyləyib. Zorakılığa məruz qalan respondentlərin 12 faizi zorakı münasibətləri qayınanalarından gördüklərini bildirib. Daha 10 faiz respondentsə öz qardaşı tərəfindən zorakılığa məruz qaldığını söyləyib. Sorğu iştirakçılarının 4 faizi ilə atası, daha 4 faizi ilə isə anası zorakı davranıb.

Qadınlar eyni vaxtda bir neçə zorakılıq formasına məruz qalırlar

Sözügedən araşdırmadan üzə çıxır ki, qadınlar ən çox fiziki və psixoloji zorakılığa məruz qalırlar. Araşdırmaya qatılanların 84 faizi psixoloji, 78 faizi fiziki zorakılığa məruz qaldığını bildirib. Araşdırma nəticəsində məlum olub ki, ən çox qeydə alınan fiziki zorakılıq halları sillələmək, yumruqlamaq, təpikləmək, saçlardan dartmaq, müxtəlif ev əşyalarından istifadə etməklə vurmaqdır. Bundan başqa, fiziki ağrı vermənin başqa üsullarından - boğazı sıxmaqdan, qolları burmaqdan, yandırmaqdan (damğa basmaqdan), itiuclu əşyalarla deşməkdən və ya cızmaqdan və s.-dən də istifadə olunur.

Psixi zorakılığın ən geniş yayılmış üsulları təhqir, təhdid və qadağalardır. Bu üsullar müxtəlif formalarda - zorakılıq qurbanının özünü və yaxınlarını təhqir etmə, ona dostları və qohumları ilə görüşməyi yasaqlama, məhəl qoymama, istəklərini lağa qoyma və ya onları yerinə yetirməkdən imtina kimi formalarda özünü göstərir. Eyni zamanda, döyməklə hədələmə, səriştəsizlikdə, xəyanətdə günahlandırma, işləməyi, təhsil almağı və ya özünü peşəkar şəkildə realizə etməyi yasaqlama, uşaqları əsassız olaraq cəzalandırma və s. formalardan da istifadə olunur.

Zorakılıq qurbanlarına müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq edilir. Belə məhdudiyyətlər ortaq və ya şəxsi pul vəsaitini xərcləməyi yasaqlamaq, lazımi əşyaları almağa və digər ehtiyacları qarşılamağa pul verməmək və s. formalarda özünü göstərir. Zorakılığa məruz qalanların 33 faizi belə halla qarşılaşdığını bildirib. Seksual zorakılığa məruz qaldığını bildirənlərsə sorğuya qatılanların 11 faizi qədərdir. Cinsi zorakılıq qurbana qarşı seksual xarakterli zorakı davranışlarda, qurbanın iradəsinə zidd cinsi əlaqəyə girmədə, qurbanı qeyri-ənənəvi seksual davranışlara məcbur etmədə və s.-də ifadəsini tapır. Zorakılığa məruz qalanların 94 faizi birdən çox zorakılıq forması yaşadığını bildirib.

Zorakılığın fəsadları

Məişət zorakılığına məruz qalanların hər biri onun müxtəlif təsirləri ilə qarşılaşır. Məsələn, qeyd edilən araşdırma çərçivəsində rəyi öyrənilənlərin 74 faizi bildirib ki, onlar məişət zorakılığı nəticəsində müxtəlif bədən xəsarətləri (zədələr, yırtıq, çapıq, dişlərin tökülməsi, sınıq və s.) alıb. Rəyi soruşulanların 54 faizi yuxusunun pozulduğunu və onda qorxu hissi yarandığını, 34 faizi depressiyaya düşdüyünü, 33 faizi özünə qapandığını bildirib. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, respondentlərin 22 faizi, yəni, az qala, hər dörd nəfərdən biri məişət zorakılığına məruz qaldıqdan sonra intihara cəhd etdiyini söyləyib.

XS
SM
MD
LG