Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:41

'Qara qızıl'ın qiymətinin Azərbaycana təsirləri


Neft buruğu
Neft buruğu

Çində yeni koronavirus yayıldıqdan sonra ötən bir həftə ərzində dünya bazarında neftin qiymətləri düşməyə başlamışdı. Hərçənd, son bir gündə onun qiymətində yenidən, cüzi də olsa, bahalaşma müşahidə edilib.

Neftin qiymətində enmə davam edə bilərmi? «Qara qızıl»ın yaxın və uzaq gələcəkdə qiymətləri necə dəyişə bilər? Bir sözlə, onun qiymətində Azərbaycandan ötrü qırmızı xətt hansı həddədir?

İqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna deyib ki, son bir həftə ərzində neftin qiymətindəki enmələr Çində yayılan virusdan daha çox, dünya bazarındakı meyllərlə bağlıdır. O, neftin gələcəkdə qiymətlərinə gəlincə, vurğulayıb ki, burada konkret fikir demək çətindir: «Amma dünya bazarında neftin qiymətinin aşağı düşməsi gözlənilən idi. 2019-cu il ilə müqayisədə bu il neft üzrə verilən bütün proqnozlar qiymətin aşağı düşəcəyini nəzərdə tuturdu. Neftin qiymətində 6 dollara yaxın enmə varsa, bunun səbəbləri fərqli ola bilər».

N.Əliyev
N.Əliyev

İqtisadçıdan Azərbaycan hökumətinə mesajlar

İqtisadçıya görə, burada Azərbaycan hökumətinə ciddi mesajlar var: «Azərbaycan hökuməti də iqtisadiyyatı neftin bazar qiymətindən azad etmək üçün nəticə çıxarmalıdır. Neftin qiymətinin düşməsi dövlətin, büdcənin, Neft Fondunun gəlirlərinin kəskin şəkildə aşağı düşməsi ilə müşayiət ediləcək. Bu isə ölkədə xeyli dərəcədə həm iqtisadi, həm də sosial problemlər yaşada bilər».

İqtisadçı vurğulayıb ki, bu yaxın illərdə «qara qızıl»ın qiymətinin 40 dollara düşməsini Azərbaycan görüb və bu qiymət ölkəyə az qala fəlakət yaşadıb:

«Neftin qiymətinin 60 dollar həddində olması...»

«Neftin qiymətinin 60 dollar həddində olması göstərdi ki, iqtisadi gəlirlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir müsbət yeniliyə səbəb olmadı. Əksinə, 2014-cü ildən bu yana Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşu təqribən 30-35 faiz həcmində azalıb. Odur ki, 55-60 dolların özünü də Azərbaycan üçün qırmızı xətt hesab etmək olar».

İ.Şaban
İ.Şaban

«Bazar üçün öldürücü»

Neft sahəsi üzrə ekspert İlham Şaban da deyib ki, yanvarın 27-də dünya birjaları şok yaşayıb. Ekspertə görə, Çindəki koronavirus və bununla bağlı Amerika investisiya banklarının açıqlamaları bazar üçün «öldürücü» olub: «Məlumatlarda qeyd edirdilər ki, Çinə gələnlərin və bu ölkədən gedənlərin dinamikası azalacaq. Virusun qarşısını almaq üçün peyvənd tapılmayıb. Nə qədər davam edəcəyi bəlli deyil. Yanacağa tələbat azalacaq. Yanarın 28-də elan etdilər ki, Çində bəzi fabrik və zavodlar da bağlanır».

İ.Şabana görə, Çin kimi enerji tutumlu ölkədə yanacağa tələbat azalması dünya bazarında neftin istifadəsini 200-260 min barel azaldıb. Onun qeyd etməsinə görə, yanvarın 24-də neftin qiyməti 61 dollar idisə, hazırda bu 58.90 həddində dayanıb:

«Bu qiymət hansısa şokdan xəbər vermir»

«Bundan sonra neftin qiymətinin enməsi üçün daha bir şok xəbər lazımdır, amma həmin şok xəbər yoxdur . Hələlik, proqnozlar 60-63 dollar arasında dəyişir. Amma 2014-cü ildə neftin qiyməti 100 dollardan düşəndən sonra orta qiymət elə 58 dollar ətrafında olub. Dünya ötən 5 ili elə neftin 60 dollardan aşağı olan qiymətində yaşayıb. Bu qiymət hansısa şokdan xəbər vermir».

Azərbaycana gəlincə isə, İ.Şaban hesab edir ki, hökumət neftin bir barrelini 2020-ci ilin dövlət büdcəsində 55 dollardan hesablamaqla özünü kataklizmlərdən sığortalayıb.

Z.Oruc
Z.Oruc

«Dövlət büdcəsi tam zəmanət altındadır»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, bu virusun yayılması ilə neft bazarında baş verən qiymət dəyişmələri bu iki məsələ arasında birbaşa və ya dolayı bağlılığın olduğunu göstərir. Z.Oruc hesab edir ki, ayrı-ayrı ölkələrdə alınan qərarlar da birjalarda neft qiymətlərinə təsir göstərir. Onun fikrincə, Azərbaycan üçün önəmli olan büdcənin yalnız neft gəlirlərindən asılı olmasını aradan qaldırmaqdır: «Amma bununla bərabər, 55 dollarlıq qiymət ölkə üçün qırmızı xətdir».

Z.Oruc vurğulayıb ki, Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsi tam zəmanət altındadır: «Lakin şübhəsiz ki, bu il daxil olan vəsaitlərdəki azalmalar bu və ya digər formada hökumətin gələcəkdə investisiya proqramlarına mənfi təsir göstərə bilər».

Z.Oruc deyib ki, prezidentin son keçirdiyi müşavirələr sübut edir ki, hökumətin daxilində bu gerçəklikləri davamlı izləmək güclənib. Onun fikrincə, zəmanət altında olan böyük investisiya layihələri, həmçinin, maaş və pensiyalarla bağlı məsələlər hazırkı ildə neftin qiymətindən qətiyyən asılı deyil.

Xatırlatma

Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19.15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.

Son 20 ilə yaxın dövr ərzində Azərbaycan Dövlət Neft Fonduna 150 milyard dollar civarında vəsait daxil olduğu bildirilir. Bu Fond 2001-ci ildən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG