Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:23

Qazaxıstan bir vaxtlar yox olmaq qorxusu ilə üzləşən antilopları sayları çox artdıqca qıracaq



Qazaxıstan çöllərində bir zamanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan sayqak antiloplarının sayı hökumətin uğurlu qoruma siyasəti nəticəsində son on ildə on dəfə artıb. İndi Qazaxstan hökuməti 337 minədək sayqakın toplanmasını istəyir.

Dekabrın 31-də ov yasağı bitir

Rəsmi Astana sayqak populyasiyasının sayını tənzimləmək üçün qoyduğu ov moratoriumunu da dekabrın 31-də dayandıracaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, indi ölkədəki sayqak populyasiyasının sayı 2,6 milyona çatıb.


Qazaxstanlı fermerlər şikayətlənirlər ki, son illər iri sayqak sürüləri onların əkin sahələrinə dadanıb, məhsulu məhv edir. Nazirliyin bilgilərinə görə, sayqaklar təkcə ötən il kənd təsərrüfatına 25,5 milyon dollarlıq ziyan vurub.

Ancaq ekspertlər deyirlər ki, Qazaxstan əvvəlcə brakonyerlik və digər problemlərin qarşısını almaq yönündə tədbirlər görməlidir. 1990-cı illərdə sayqak populyasiyasını yoxolmanın astanasına çatdıran məhz bu problemlər olub.


Brakonyerlər erkək sayqakları buynuzlarına görə öldürürlər. Qonşu Çində bu heyvanların buynuzlarına tələbat böyükdür. Onlardan Çin təbabətində dərman düzəltmək üçün istifadə edilir. Sayqakların kütləvi öldürülməsi SSRİ-nin süqutundan sonra kəskin artmışdı.


Kütləvi xəstəlik, su və yaşayış yerinin çatışmazlığı Qazaxstanda sayqakları sayca kəskin azaltmışdı.


Astana 1999-cu ildə sayqak ovuna qadağa qoydu və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan bu heyvanları xilas etmək üçün brakonyer fəaliyyətinə qarşı sərt tədbirlər görməyə başladı.

“Gündüz torla tutulacaq, gecələr gülləylə vurulacaq”

Bu il sayqakları sayan hökumət may ayında Qazaxstanın sayqak populyasiyasının 1,9 milyonu aşdığını bildirdi. Bu, ötənilki ilə müqayisədə 45 faiz artım deməkdir!

2003-cü ildə sayı 20 mindən azca çox olan sayqakların sayı 2014-cü ildə 257 minə çatmışdı.


2015-ci ildə bilinməyən xəstəlikdən 200 minədək sayqak ölsə də, populyasiyanın sayca artmağa davam edib.

Dünyadakı sayqak antiloplarının 90 faizə qədəri Qazaxstanda yaşayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə və Fauna Komitəsi sədrinin müavini Andrey Kim oktyabrın 16-da sayqak populyasiyasının sayca 10-20 faiz azaldılmasına dair planı jurnalistlərə açıqlayıb.

Nazirlik bu kampaniya zamanı iki üsuldan yararlanacağını bildirib: gündüz vaxtı heyvanlar torla tutulacaq, gecələrsə gülləylə vurulacaq.

Ekologiya və Təbii Sərvətlər naziri Erlan Nısanbayev deyir ki, ovlanan sayqaklar nominal qiymətə ət emalı müəssisələrinə satılacaq. Onun sözlərinə görə, heyvanın biri 64 sentə (1 manat civarında) satılacaq. Nazir bu kampaniyanın ət satışından gəlir götürmək məqsədi daşımadığını, bu pulun, sadəcə, “nazirliyin xərclərini qarşılayacağını” bildirib.


Ancaq erkək sayqakların buynuzlarının satılması haqda heç nə deyilməyib. Bir buynuzun qiyməti 150 dollara (255 manata) çatır. Sayqak buynuzlarından bahalı kərgədan buynuzlarını əvəzləmək üçün istifadə edilir. Kərgədanların nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qaldığından, 1993-cü ildə kərgədan buynuzu ticarəti yasaqlanıb.


Sayqakın dərisi də qiymətlidir. Ondan müxtəlif dəri məhsulları hazırlanır.

“Hər an bir başqa kütləvi xəstəlik gələ bilər”

Sayqakların toplanma kampaniyasının noyabrın sonunadək bitiriləcəyi gözlənilir. Ancaq Qazaxstanın Biomüxtəlifliyin Qorunması Assosiasiyasının elmi direktoru Sergey Sklyarenko deyir ki, hökumət bu qədər çox sayda sayqakı öldürməyə tələsməməlidir:

“Belə iş tez-tələsik görülə bilməz, hər şey əvvəldən hazırlanmalı, iş tədricən icra edilməlidir. Mən nəzarət mexanizmlərini işləmək üçün [birdən-birə] 200 min deyil, 20 min sayqakın toplanmasından başlayardım”,

Sayqak sürülərinə vaxtaşırı müxtəlif xəstəliklər yoluxduğundan, onlar kütləvi qırılmaya məruz qalır.


2015-ci ildə bakterial infeksiya cəmi bir neçə həftə ərzində Qazaxstanın sayqak populyasiyasının 1/3-dən çoxunu yer üzündən silib.

Sklyarenko deyir ki, “istənilən an bir başqa kütləvi xəstəlik gələ bilər”.

Sayqak sayının süni azaldılmasından sonra xəstəlik yayılsa, “vəziyyətə nəzarət etmək mümkün olmayacaq. Sayqak yenidən və demək olar, tamamilə yoxa çıxacaq”, - yenə Sklyarenkonun sözləridir.


O, ilin sonunda - ov moratoriumunun bitməsindən sonra brakonyerlərin qarşısını almaq üçün sərt tədbirlər görülməli olduğunu deyib.

Brakonyerlərə qarşı tədbirlərin çox sərt olsa, hətta qaydaları pozanlara 10 ilədək həbs cəzası verilsə də, son onillikdə qanunsuz ov halları davam edib. Yüzlərlə brakonyer həbsə atılıb, polis minlərlə sayqak buynuzunu müsadirə edib.

Sayqakların brakonyerlərdən qorunması da çox təhlükəli ola bilər.
2019-cu ildə Qazaxstanın Akmola və Karağandı bölgələrində baş verən iki ayrı hücumda brakonyerlər iki meşəbəyini öldürüb, ikisini də yaralayıblar.

XS
SM
MD
LG